YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İtaliya qəzeti Azərbaycan səfirinin Dağlıq Qarabağdakı separatçı rejimin “naziri”nin əsassız fikirlərinə cavab məktubunu yayıb

Özünü qondarma “Dağlıq Qarabağ respublikası”nın xarici işlər naziri kimi təqdim edən Karen Mirzoyan adlı şəxsin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı müsahibəsində səsləndirdiyi əsassız fikirlərə cavab olaraq Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqovun bu ölkənin “İl giornale” qəzetinin saytında məktubu yerləşdirilib.

Səfir məktubda bildirir ki, bu silahlı separatçı rejim Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində fəaliyyət göstərir. Hər kəsə məlumdur ki, bu qondarma qurum Ermənistan da daxil olmaqla dünyanın heç bir ölkəsi tərəfindən tanınmayıb. Ermənistan işğal etdiyi Azərbaycan ərazilərindən silahlı qüvvələrinin qeyd-şərtsiz çıxarılmasına dair BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə, habelə digər beynəlxalq təşkilatların sənədlərinə məhəl qoymur. Bu yaxınlarda Avropa Məhkəməsinin “Çıraqov və digərlərinin Ermənistana qarşı” işi üzrə azərbaycanlı məcburi köçkünlərin xeyrinə verdiyi qərar Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi ilə bağlı məsuliyyət daşıdığını bir daha təsdiq etdi.

V.Sadıqov vurğulayıb ki, K.Mirzoyan həqiqətləri təhrif edərək münaqişədə Dağlıq Qarabağın tərəf kimi iştirakını qeyd edir. Lakin Ermənistan hərbi qüvvələrinin Azərbaycan ərazilərinə hücumu beynəlxalq birlik tərəfindən təsdiqlənmiş bir faktdır. O deyib: “Müsahibədə səslənən yanlış fikirlərdən biri də Dağlıq Qarabağda yaşayan ermənilərlə bağlıdır. Xatırlatmaq istərdim ki, bu bölgədə yaşayan ermənilər “xalq” deyil, sadəcə Azərbaycanda yaşayan digər etnik qruplardan biridir. Separatçı rejimin nümayəndəsi “unudur” ki, Ermənistan tərəfindən aparılmış etnik təmizləmə nəticəsində Dağlı Qarabağda yaşamış 50 min azərbaycanlı və işğal olunmuş digər 7 ətraf rayonda yaşamış 700 min soydaşımız oradan qovulub. Dağlıq Qarabağın danışıqlar prosesinə tərəf kimi cəlb olunması məsələsinə gəldikdə, bu barədə Azərbaycanın mövqeyi qətidir: ölkəmizlə separatçı rejim arasında heç bir danışıqlar ola bilməz”.

Səfir bildirib ki, Azərbaycanın işğal olunmuş ərazilərindəki tarixi, dini, mədəni abidələr tamamilə dağıdılıb, ümumi dəyən zərər 60 milyard ABŞ dolları həcmindədir.

Diqqətə çatdırılıb ki, problemin həlli mövcud reallıqları nəzərə almaqla həyata keçirilə bilər. Bu reallıq da Azərbaycan ərazilərinin işğalı və beynəlxalq hüququn prinsiplərinin Ermənistan tərəfindən pozulması ilə bağlıdır. Danışıqlar prosesi uğursuzluğa düçar olduğu təqdirdə ölkəmiz torpaqlarını hərb yolu ilə geri qaytarmaq iqtidarındadır.