YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zəfər seçkilərində xalqın Müzəffər Lideri qalib gəldi

Emil Nəsirli

“Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru, Beynəlxalq Elmlər Akademiyasının müxbir üzvü

Azad və şəffaf mühitdə səsvermə müasir sivilizasiyanın nailiyyətləri sırasında xüsusi yer tutur. Ona görə ki, xalqın iradəsinə əsaslanmadan güclü dövlət və demokratik cəmiyyət formalaşdırmaq mümkün deyil. Siyasi müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanda da azad seçkilərin keçirilməsinə məhz bu prizmadan baxılmış və vətəndaşlara iradələrini azad şəkildə ifadə etmələri üçün zəruri hüquqi baza yaradılmışdır. Seçkilərin cəmiyyətin idarə olunmasında vətəndaşın iştirakını təmin edən mühüm proses olduğunu yüksək qiymətləndirilən Azərbaycanda ötən müddət ərzində keçirilən seçki və referendumlar, eləcə də fevralın 7-də baş tutan növbədənkənar prezident seçkiləri də bu reallığı təsdiqlədir. Müstəqil Azərbaycan 20 ildir ki xalqımızın müdrik seçiminin xoşbəxtliyini yaşayır. Biz arzuladığımız qüdrətli və nüfuzlu dövlətin vətəndaşları kimi haqlı olaraq ölkəmizlə fəxr edirik. Birmənalı şəkildə İkinci Qarabağ müharibəsində tarixi Zəfəri bizə bəxş edən, Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən məhz Prezident İlham Əliyev oldu. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin alternativsiz və uzaqgörən siyasətini zərgər dəqiqliyilə həyata keçirən cənab İlham Əliyevin prezidentlik fəaliyyətinin son 20 ili ərzində gördüyü nəhəng işlər bizi sürətlə inkişaf edən qüdrətli ölkənin qürürlu vətəndaşlarına çevirdi. 6 il öncə, 2018-ci il aprelin 11-də keçirilən prezident seçkilərində xalq cənab İlham Əliyevi əvəzolunmaz lider kimi qəbul edərək onu özünə rəhbər seçdi və bugünümüzə qədər davam edən proseslər bu seçimin düzgünlüyünü bir daha təsdiqlədi. Cənab İlham Əliyev bu illər ərzində Azərbaycanın regional və hətta beynəlxalq proseslərə təsir göstərə bilən mühüm aktor rolunu oynamasını təmin etdi. Xalqımız bu siyasi kursu daim dəstəklədi. Çünki dövlət başçısı Azərbaycana rəhbərlik etdiyi illər ərzində bəyan etdiyi platformaya sadiq qaldı, dini, etnik, sosial və siyasi mənsubiyyətindən asılı olmayaraq, hər bir ölkə vətəndaşının prezidenti oldu. Ötən otuz il ərzində Qanlı Yanvar və Xocalı faciələri xalqımıza ürəkdən sevinməyi unutdurmuşdu. Amma Prezident İlham Əliyev işğal altındakı torpaqlarımızı azad etməklə xalqımıza sevinmək hissini qaytardı. Dünyaya xalqımızın qüdrətini, gücünü və birliyini nümayiş etdirdi. Uzun müddət bizi əzmiş, sonsuz görünən ədalətsizliyin ağır yükünü çiyinlərimizdən götürdü. Bizə Qalib ölkənin vətəndaşı olmaq xoşbəxtliyini yaşatdı. Prezident İlham Əliyev xalqımızın qələbə əzmini qaytardı. Onun həyata keçirdiyi siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət etdi, ölkəmiz qısa müddətdə dünyada tolerantlıq məkanı, mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı kimi tanındı. Prezident İlham Əliyev son 20 ildə dövlətimiz üçün ciddi sınaq olan Azərbaycan torpaqlarının işğalının aradan qaldırılması istiqamətində yorulmadan çalışdı. Azərbaycan lideri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hər zaman öz prinsipial mövqeyini bildirdi. “Qarabağ Azərbaycandır və nida işarəsi!” deyərək xalqımıza ümid, güc verdi. İkinci Qarabağ müharibəsində erməni işğalçılarını torpaqlarımızdan təmizləyərək sözünün arxasında dayandığını bütün dünyaya sübut etdi. 7 fevral seçkilərində xalq Müzəffər liderinə səs verməklə bütün dünyaya mesaj göndərdi: Azərbaycan Prezident İlham Əliyevin siyasətini dəstəkləyir və bundan sonrakı inkişaf mərhələsində də liderinin yanında olacaq. Bu gün Zəfər seçkisi Azərbaycan bayrağı dalğanan Şuşada, Xankəndidə, Laçında, Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə və Ağdamda keçirildi. İlk dəfə olaraq məğrur keçmiş köçkünlər işğaldan azad edilmiş torpaqlarımızda xalqın ən layiqli namizədinə səs verdilər. Süveren hüquqlarını tam təmin etmiş Azərbaycanın müstəqillik tarixində ilk dəfə olaraq bütün ərazilərində müqəddəs bayrağımız altında keçirilən seçkilər hər birimizdə qürurlu anlar yaşatdı. Buna görə də, əminliklə demək olar ki, Zəfər seçkilərini qazanan əvəzedilməz lider İlham Əliyevin qəhrəmanlıq salnaməsi Azərbaycan xalqının xoşbəxt gələcəyi uğrunda mübarizəsini davam etdirməsinə mandat verdi. Bu qələbə sonrakı nəsillər, eləcə də digər ölkələr və onların liderləri üçün nümunə olacaqdır. Əslində, 7 fevral seçkilərində Azərbaycan xalqı qələbə qazandı. Çünki Zəfər seçkilərində xalqına verdiyi bütün vədlərinə sadiq qalaraq qeyd etdiyi kimi hər bir azərbaycanlının prezidenti olan xalqın lideri İlham Əliyev qalib gəldi. Hazırda hamımız bu tarixi anları yaşayarıq, Azərbaycan vətəndaşı, arzuların gerçəkləşdiyi qalib ölkə olmağımızdan fəxarət hissi keçiririk. Sözsüz, bu şanlı tarix gələcək nəsillər üçün həmişə qürur mənbəyi olacaq, böyük zirvələr fəth etmələrinə işıq tutacaq. Qələbən mübarək, Azərbaycan!