YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müşahidəçi: İndiyə qədər belə fəal seçki prosesi görməmişdim

Müstəqilliyimizi qazandıqdan sonra ilk dəfədir ki, seçkilər ölkəmizin bütün ərazilərini əhatə edir. Qalib ölkənin qalib vətəndaşları Zəfər seçkilərində qürurla iştirak edir, səsvermə prosesi mütəşəkkil şəkildə keçirilir.  

16 saylı Yasamal 2-ci seçki dairəsinin 3 və 4 saylı məntəqələrində müşahidəçi qismində iştirak edən Aqşin Kərimov bildirib ki, səhər saat 8-dən etibarən 16 saylı Yasamal 2-ci seçki dairəsinin 3 və 4 saylı məntəqələrinə vətəndaşların axını var. Hətta səsvermə prosesinin başlandığı ilk dəqiqələrdə 100-150 nəfərədək seçicinin eyni anda seçkilərdə iştirak üçün gəldiyini müşahidə etdik. Vətəndaşlarda əhval-ruhiyyə çox yaxşıdır. Hər kəs seçkilərdə aktiv iştiraka vətəndaş borcu olaraq yanaşır. Hətta sağlamlığında müəyyən problemlər olanlar, xəstələr, ahıl yaşlı vətəndaşlar da özləri məntəqələrə gəlirlər.

"İyirmiyə yaxın yerli müşahidəçi prosesi yaxından izləyir. Səsverməyə gələn vətəndaşların qarşılanması və yola salınması proseslərinə də diqqət yetiririk. Heç bir pozuntu halına rast gəlməmişik. Vətəndaşlar öz seçki hüquqlarından heç bir problem olmadan yararlanırlar", - deyə müşahidəçi Aqşin Kərimov diqqətə çatdırıb.

8 saylı Binəqədi birinci seçki dairəsi üzrə məntəqələrdə müşahidəçi qismində iştirak edən Yəhya Abbasov isə Zəfər seçkiləri haqqında təəssüratlarını belə ifadə edib: “Mənim seçki prosesi ilə bağlı böyük təcrübəm var. Əvvəllər dairə seçki komissiyasının üzvü, o cümlədən məntəqə sədri olmuşam. İndiyə qədər belə fəal seçki prosesi görməmişdim”.

 Y.Abbasov fikirlərinə belə davam edib: “Binəqədi rayon 244 nömrəli tam orta məktəbdə 8 saylı Binəqədi birinci seçki dairəsi üzrə üç məntəqə - 19, 20, 21 saylı məntəqələr yerləşir. Hələ səhər 8-in yarısında məktəbin həyətində 500-dən çox seçici var idi. Hazırda da məntəqələrə gəlib səs verən seçicilərin ardı kəsilmir. Bir müşahidəçi kimi seçicilərin fəallığını, prosesin isə şəffaf və demokratik aparıldığını görürük”.

 Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvü, yerli müşahidəçi Vüqar Məhərrəmov isə diqqətə çatdırıb ki, bu gün Azərbaycan xalqı üçün bayramdır. 30 ilə yaxın həsrətdən sonra ilk dəfə vətəndaşlarımız bütöv və suveren ərazilərimizdə səs verirlər. Bu, qürurverici hadisədir. Azərbaycan xalqı növbəti tarixi hadisəyə şahidlik edir. Bu günləri bizə nəsib edən şəhidlərimizə rəhmət diləyir, qazilərimizə şəfa arzulayıram.

O qeyd edib ki, insanlar səsvermə prosesində mütəşəkkil iştirak edir, öz namizədlərinə sərbəst şəkildə səs verirlər: “Mən əslən Naxçıvan şəhərindənəm. İşimlə əlaqədar Zəngilan rayonunun Ağalı kəndində səs verdim. Səsvermədə iştirak edən vətəndaşların qarşılanması və yola salınması proseslərinə xüsusi diqqət yetiririk. İndiyə qədər pozuntu halına rast gəlməmişik”.