YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zəfər seçkilərində iştirak etmək sevindirici və qürurvericidir

Azərbaycan müstəqilliyini bərpa edəndən sonra ilk dəfə bütün ərazilərimizdə prezident seçkiləri keçirilir. Bununla da müstəqilliyini və ərazi bütövlüyünü tam bərpa etmiş Azərbaycan yeni bir inkişaf mərhələsinə qədəm qoyur. Zəfər  seçkilərində səs verənlər arasında Vətən müharibəsi iştirakçıları, qazilər də var.

11 saylı Binəqədi-Qaradağ seçki dairəsinin 33 saylı seçki məntəqəsində səsvermədə iştirak edən Vətən müharibəsi qazisi Kamal Hüseynov vurğulayıb ki, ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmiş Azərbaycanda prezident seçkilərində iştirak etmək sevindirici və qürurvericidir. O, ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmiş Azərbaycanda yaşamaqdan, bu ölkənin vətəndaşı olmaqdan qürur duyduğunu bildirib: “Torpaqlarımızı qanımız və canımız hesabına qorumuşuq. Bu gün Qarabağ və Şərqi Zəngəzurda seçkilər keçirilir. Buna sinəsini düşmən gülləsinin qarşısında sipər edən Azərbaycan gənclərinin sayəsində nail olmuşuq. Canımızı, sağlamlığımızı itirsək də, milli kimliyimizi qorumuşuq və ədaləti bərpa etmişik. Mən indiyədək bir dəfə də prezident seçkilərində iştirak etmişəm. Ancaq onda torpaqlarımız işğal altında idi. Bu gün isə tarixi bir dönəm yaşayırıq. İlk dəfə ərazi bütövlüyümüz şəraitində seçki keçiririk”.

Prezident seçkilərinin qazi yoldaşları arasında da böyük rəğbətlə qarşılandığını deyən Kamal Hüseynov diqqətə çatdırıb ki, bu dəfə də ölkəmizdə seçkilərin demokratik, şəffaf və ədalətli keçirilməsi tam təmin edilib.

Prezident seçkiləri ilə bağlı İstanbulda səs verən Elmir Hacıyev isə  Vətən müharibəsi iştirakçısı olduğunu deyib: “O günləri ön cəbhədə keçirdiyim və əldə etdiyimiz şanlı Zəfərimizin kiçik bir parçası ola bildiyim üçün çox qürurluyam. Hər bir Azərbaycan oğlu kimi, Vətənin keşiyində dayanmağa hazıram”. İlk dəfə seçkilərdə iştirak etdiyini bildirən Elmir bunları söyləyib: “Qazanılan o böyük Zəfər biz gənclərə qalib olmanın, Qələbənin verdiyi gücün nə olduğunu göstərdi. Seçkilər ərəfəsində Türkiyəyə gəlməyim və bu gün məhz İstanbulda yaradılmış seçki məntəqəsində səs verməyim isə bir təsadüf oldu. Olduqca həyəcanlıyam. Lakin bu da mənim üçün xoş bir xatirə olaraq qalacaq”.