YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Regionda vəziyyətin gərginləşməsinin səbəbkarı Fransadır

Mehdi Balabəyov

YAP Şabran rayon təşkilatının sədri

Azərbaycan 30 il dünyadan ədalət gözlədi. Bununla bərabər hər bir sahədə  gücləndi, qüdrətləndi, Silahlı Qüvvələrimiz Qələbəyə hazırlandı, artıq tarixə qovuşan Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi baza formalaşdı, gənclərimiz milli ruhda, vətənpərvərlik ruhunda böyüdü, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın birliyi, həmrəyliyi daha da möhkəmləndi.  30 illik işğal dövründə  əksər dünya gücləri Qarabağ münaqişəsinin hərbi, Ermənistan isə diplomatik yolla həllinin mümkünsüzlüyünü bildirirdilər. Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində həm döyüş meydanında, həm də informasiya cəbhəsində üstünlüyünü işğalçı dövlətə və onun havadarlarına nümayiş etdirdi. Bir daha bəzi  dünya güclərinə çatdırıldı ki, Azərbaycan öz torpaqlarında döyüşərək mənfur düşmənin 30 ilə yaxın dövrdə işğal altında saxladığı torpaqlarını azad, tarixi ədaləti bərpa etdi. Ümumilikdə hər bir münaqişəli məsələnin həllində ədalət və beynəlxalq hüquq prinsipləri əsas olmalıdır. Cənab İlham Əliyev çıxışlarında daim bu məqamı xüsusi qeyd edir: “İşğal illəri dövründə, müxtəlif beynəlxalq tədbirlərdə çıxış edərkən mən Ermənistana qarşı sanksiyaların tətbiqinə çağırırdım. Deyirdim ki, bu problemin dinc həllinin yeganə yolu Ermənistana qarşı sanksiyaların tətbiqidir. O sanksiyalar ki, səmərəli olacaq və onların iqtisadiyyatına sarsıdıcı təsir göstərəcək. Əfsuslar olsun ki, heç bir sanksiya tətbiq edilmədi və əksinə, Ermənistan Azərbaycanla müqayisədə bəzi ermənipərəst siyasətçilərdən getdikcə daha çox dəstək alırdı.”

Cənab İlham Əliyev fevralın1-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edərkən müzakirə olunan məsələlər sırasında 30 illik işğal dövrü, həmin illərdə ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi oldu. Dövlətimizin başçısı bildirdi ki, Minsk qrupu 28 il ərzində münaqişənin həlli prosesi ilə məşğul olsa da heç bir nəticə əldə edilmədi, Azərbaycan torpaqları işğaldan azad olunmadı, məcburi köçkünlərin geri qayıtması təmin edilmədi. Azərbaycan tərəfi isə torpaqları işğal altında olan zaman haqlı şəkildə Minsk qrupunun üzv dövlətlərini Ermənistana təzyiq göstərmək, ona müvafiq sanksiyalar tətbiq etmək barədə təkliflər irəli sürdüyü halda, o vaxt Minsk qrupu tərəfindən bu istiqamətdə heç bir addım atılmadı.

Azərbaycan xalqının işğalla heç zaman barışmayacağı ən yüksək tribunalardan bəyan edilirdi. Ölkəmiz nəyin bahasına olursa-olsun torpaqlarımızı azad edəcəkdi və etdi. Cənab İlham Əliyevin vurğuladığı kimi, sadəcə olaraq, bunu düzgün anda etməli idik və etdik.

Azərbaycan tarixi Zəfərindən sonra regionda dayanıqlı sülhə və təhlükəsizliyə nail olmaq, Ermənistanla münasibətlərində yeni səhifə açmaq üçün qarşı tərəfə sülh müqaviləsinin imzalanmasını təklif etdi. Cənab İlham Əliyevin  möhtəşəm Qələbəmizdən sonra xarici mətbuata müsahibələrində  jurnalistlərin “Bundan sonra Azərbaycan və Ermənistan əlaqələri hansı şərtlərlə necə bir prosesə daxil olacaq” sualına cavabını yada salmaq istərdik. O zaman dövlətimizin başçısı bildirmişdir ki, bunu demək çox çətindir. Çünki biz öz mövqeyimizi dəfələrlə bildirmişdik. İstəyirik Ermənistanla sülh müqaviləsi imzalansın. Ermənistan və Azərbaycan bir-birilərinin ərazi bütövlüyünü tanısınlar və sərhədlərin delimitasiyası, yəni, müəyyən edilməsi prosesi də başlasın. Ancaq bu günə qədər Ermənistandan müsbət cavab almamışıq. Belə görünür ki, Ermənistan buna hazır deyil, ya da bunun əleyhinədir. Bu, böyük yanlışlıq olar və onlar özləri də peşman olacaqlar. Çünki biz bu təklifi masa üzərində əbədi saxlamalı deyilik.

Azərbaycanın sülh təklifindən xeyli müddət keçməsinə baxmayaraq Ermənistan hələ də konkret addım atmayıb. Baxmayaraq ki, sülh müqaviləsinin imzalanması ilə bağlı müxtəlif formatlarda və tərkiblərdə keçirilən görüşlərdə Ermənistan baş naziri Azərbaycanın beynəlxalq hüququn 5 əsas prinsipini özündə ehtiva edən təklifini dəstəkləyib. Tərəflər biri-birinin ərazi bütövlüyünü tanıyır. Lakin reallıq budur ki, Ermənistanın Fransa kimi himayədarı açıq-aşkar regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunmasında maraqlı olmadığını nümayiş etdirir və bu istəyini reallığa çevirmək üçün Ermənistanın sülh müqaviləsinin imzalanması prosesini uzatmasına çalışır. Sözügedən görüşdə Fransanın regionda dağıdıcı siyasət həyata keçirərək od üstünə benzin tökmək prinsipindən çıxış etdiyini, Ermənistanın militarizasiya siyasəti apardığını, geosiyasi intriqaların təşəbbüskarı olduğunu deyən Prezident İlham Əliyev rəsmi Parisin regionda vəziyyətin gərginləşməsinin səbəbkarı olduğunu, müxtəlif beynəlxalq təşkilatlarda və parlament müstəvilərində anti-Azərbaycan siyasət yürütdüyünü də diqqətə çatdırdı. Dövlətimizin başçısı Fransanın Cənubi Qafqaz regionunda aparıcı mövqeyə nail olmaq və nüfuzunu gücləndirmək məqsədilə siyasət yürütdüyünü, lakin onların bu istiqamətdəki cəhdlərinin əbəs olduğunu vurğuladı. Prezident İlham Əliyev həmçinin  Avropa Şurası Parlament Assambleyasında anti-Azərbaycan xarakteri daşıyan və Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin ratifikasiya edilməməsi ilə bağlı azlıq olan bir qrupun təşəbbüsünün dialoqa xidmət etmədiyini vurğulayaraq bildirdi ki, bu, ümumiyyətlə, parlament platformasının ənənələri ilə ziddiyyət təşkil edir. Azərbaycan nümayəndə heyətinin hüquqlarının bərpa edilməli olduğunu deyən dövlətimizin başçısı diqqətə çatdırdı ki, Azərbaycan nümayəndə heyətinin hüquqları bərpa olunmayacağı təqdirdə, Azərbaycan tərəfindən də Avropa Şurası və Avropa İnsan Haqları Məhkəməsində iştirak məsələsinə yenidən baxılacaq. Martin Çunqonq Parlamentlərarası İttifaqın parlamentarilər arasında dialoqa, inklüzivliyə çağırdığını, eksklüzivliyin tərəfdarı olmadığını, bu kimi yanaşmaların düzgün qəbul edilmədiyini, beynəlxalq parlamentarizm ənənələri ilə uyğun gəlmədiyini diqqətə çatdırdı.

Göründüyü kimi, Azərbaycan sülh istəyir, üzərinə düşən bütün öhdəlikləri yüksək səviyyədə yerinə yetirir, Ermənistan isə havadarlarının tapşırıqlarına uyğun hərəkət etməklə sülh müqaviləsinin imzalanması prosesini uzadır. Ermənistan gec-tez sülh müqaviləsini imzalayacaq. Bu, onun son şansıdır.