YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sülh gündəliyinin müəllifi Azərbaycandır

Şəhla Abdullayeva

YAP Ucar rayon təşkilatının sədri

2023-cü ildə rəşadətli Ordumuzun həyata keçirdiyi bir günlük antiterror tədbirləri  nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam bərpa etdi, işğalçı qüvvələr Azərbaycan ərazisindən çıxarıldı. Dövlət başçısı İlham Əliyev çıxışlarında bu  mühüm məqamı  xüsusi vurğulayır ki, 2020-ci ildə İkinci Qarabağ müharibəsi başa çatanda,  Bayrağımız Şuşada və azad edilmiş digər ərazilərdə qaldırılanda  hamımız  işimizin  yarımçıq qaldığını yaxşı bilirdik. Azərbaycan öz dövlət suverenliyini tam bərpa etməli idi və bunu etdi.

Azərbaycan üç il ərzində bunu sülh yolu ilə həll etmək istəyirdi. Ermənistanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərini yerinə yetirməməsi, silahlı birləşmələrini ərazilərimizdən çıxarmaması, bununla bərabər mütəmadi hərbi təxribatlar törətməsi ötən il  sentyabrın 19-da bir günlük lokal antiterror tədbirlərinin həyata keçirilməsinə gətirib çıxardı. Ermənistan 30 illik işğal dövründə də eyni addımları ilə diqqətdə idi. Danışıqlara imitasiya naminə  qatılıb  yeni ərazilər uğrunda müharibə planları hazırlamaq üçün vaxt qazanırdı. 44 günlük İkinci Qarabağ müharibəsinin baş verməsinə səbəb Ermənistanın bu planlarını həyata keçirmək üçün mütəmadi hərbi təxribatlar törətməsi idi. 2020-ci il 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini müxtəlif istiqamətlərdən raket atəşinə tutmaları dövlətimizin, xalqımızın səbir kasasını doldurdu. 44 gündə Azərbaycan Ordusu nəyə qadir olduğunu nümayiş etdirdi. Ermənistan diz çökdü, kapitulyasiya aktını imzalamağa məcbur oldu. 

İşğalçı dövlət 30 illik işğal zamanı da havadarlarının dəstəyinə arxalanaraq BMT qətnamələrinə məhəl qoymadı, beynəlxalq hüququ kobud şəkildə pozdu. Onun atdığı hər bir addım beynəlxalq hüquqa zidd olsa da əksər dünya gücləri bunu görməzdən gələrək Ermənistanın yeni ərazilər uğrunda müharibə planı hazırlamasına səbəb oldular. O illərdə münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradılan, bu gün isə tarixin arxivinə atılan ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistana təzyiqlər göstərsəydilər 44 günlük İkinci Qarabağ müharibəsi baş verməzdi, münaqişə sülh danışıqları əsasında ədalətli həllini tapardı. Dövlət başçısı İlham Əliyev fevralın 1-də Parlamentlərarası  İttifaqın Baş katibi Martin Çunqonq ilə görüşündə bu məqama xüsusi diqqət yönəltdi. Cənab İlham Əliyev bildirdi ki, Minsk qrupu 28 il ərzində münaqişənin həlli prosesi ilə məşğul olsa da heç bir nəticə əldə edilmədi, Azərbaycan torpaqları işğaldan azad olunmadı, məcburi köçkünlərin geri qayıtması təmin edilmədi. Azərbaycan tərəfi isə torpaqları işğal altında olan zaman haqlı şəkildə Minsk qrupunun üzv dövlətlərini Ermənistana təzyiq göstərmək, ona müvafiq sanksiyalar tətbiq etmək barədə təkliflər irəli sürdüyü halda, o vaxt Minsk qrupu tərəfindən bu istiqamətdə heç bir addım atılmadı.

Eyni vəziyyət postmünaqişə dövründə də yaşanır. Dövlət başçısı İlham Əliyev çıxışlarında, müsahibələrində daim bildirir ki, dəfələrlə Ermənistan rəhbərliyinə və onun arxasında dayanmış Qərb ölkələrinə xəbərdarlıq edilmişdir. Bu vəziyyət davam edə bilməz. Ya separatçı rejim özünü buraxmalıdır, Ermənistan ordusu  ərazimizdən çıxarılmalıdır, ya da ki,  güc tətbiq edərək dövlət suverenliyimizi özümüz bərpa edəcəyik: “Əfsuslar olsun ki, bizim sözümüzə diqqət yetirilmədi. Sentyabrın 19-da başlamış və cəmi bir gün, ondan da az davam edən antiterror əməliyyatı Azərbaycan Ordusunun tam Zəfəri ilə nəticələnmişdir. Separatçı rejim çökmüş, bizim qarşımızda diz çökmüş, ağ bayraq qaldırmış, təslim olmuş, torpaqlarımızdan əbədi olaraq çıxarılmış və tarixin zibilxanasına atılmışdır. Bununla Azərbaycanda separatizmin kökü kəsildi və separatizm - bu bəla bizim torpağımızda bir daha baş qaldıra bilməz.”

Prezident İlham Əliyev Martin Çunqonq ilə görüşündə bir daha diqqəti antiterror tədbirlərinin qaçılmazlığına yönəldərək vurğuladı ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsi başa çatandan sonra Azərbaycan regionda sülh gündəliyinin təşəbbüskarı olaraq Ermənistanla sülh müqaviləsinin imzalanması təklifi ilə çıxış edib. Amma Ermənistan tərəfindən buna adekvat reaksiya verilmədi. Ona görə də Azərbaycan sülh müqaviləsinin əsaslarını təşkil edən beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq 5 prinsip irəli sürüb ki, bunun əsasında da sülh müqaviləsi üzrə danışıqlar prosesinin təşəbbüskarı Azərbaycan olub. Dövlətimizin başçısı 2020-ci ildə 44 günlük Vətən müharibəsi başa çatandan sonra üçtərəfli Bəyanat çərçivəsində Ermənistanın üzərinə götürdüyü bir sıra öhdəliklərini yerinə yetirmədiyini, son 3 il ərzində Azərbaycanın Qarabağ bölgəsində separatizmi maliyyə, hərbi və digər vasitələrlə dəstəkləməkdə davam etdiyini bildirdi. Cənab İlham Əliyev  ötən il sentyabrın 2-də Ermənistan rəhbərliyinin qondarma “Dağlıq Qarabağ respublikası”nın “müstəqilliyi” münasibətilə göndərdiyi təbrikin, həmçinin sentyabrın 9-da keçirilmiş dırnaqarası “prezident seçkiləri”nin sülh prosesinə ciddi zərbə vurduğunu, Azərbaycanın özünün ərazi bütövlüyünü və suverenliyini təmin etmək üçün antiterror tədbirləri keçirməli olduğunu vurğuladı.

Bu gün qürurla Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunmasından, Azərbaycan Bayrağının işğaldan azad edilmiş bütün torpaqlarımızda dalğalanmasından  bəhs edirik. Tarixi ədalətə söykənən zəfərlərimiz davamlıdır.