YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

AŞPA-nın addımları dialoqa xidmət etmir

Elmar Əhmədov

YAP Salyan rayon təşkilatının sədri

Tarixi Zəfərimizdən üç ildən artıq vaxt keçməsinə baxmayaraq onun yaratdığı reallıqlar, 10 noyabr 2020-ci il  tarixli üçtərəfli Bəyanata uyğun olaraq  Azərbaycan və Ermənistanın üzərilərinə düşən öhdəlikləri necə yerinə yetirmələri geniş müzakirə olunur. Reallıq budur ki, Azərbaycan bütün öhdəliklərə sadiqdir və onların yerinə yetirilməsi istiqamətində səylər göstərir. Ermənistan isə hər vasitə ilə  bu öhdəliklərin icrasından yayınır, sülh müqaviləsinin  imzalanmasının uzanmasında maraqlı olduğunu nümayiş etdirir. Ermənistanın son üç ildə üzərinə düşən öhdəlikləri yerinə yetirməməsi ötən il Azərbaycan Silahlı Qüvvələrinin  bir günlük antiterror tədbirlərini həyata keçirməsinə səbəb oldu.

30 illik işğal dövrünün reallıqlarına nəzər saldıqda Ermənistanın havadarlarının dəstəyinə arxalanaraq BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymamasının, ədalət və beynəlxalq hüquq məfhumlarından xəbərsizliyinin sonda nəyə gətirib çıxardığını görür və düşünürdük ki, əksər dünya gücləri həmin yaşananlardan nəticə çıxarıb ədaləti və beynəlxalq hüququ əsas meyar kimi öndə saxlayaraq onların tətbiqi üçün vahid mexanizm müəyyənləşdirərlər. Təəssüflər olsun ki, bunun əksini gördük. Yenə də Ermənistana öz maraqları naminə dəstəklər antiterror tədbirlərini qaçılmaz etdi. Çünki Ermənistan bu dəstəklərə arxalanaraq hələ də 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərin yerinə yetirilməsi istiqamətində addımlar atmadı.

Dövlət başçısı İlham Əliyev fevralın 1-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edərkən diqqəti məhz bu reallıqlara yönəltdi.  “Minsk qrupu 28 il ərzində münaqişənin həlli prosesi ilə məşğul olsa da heç bir nəticə əldə edilmədi, Azərbaycan torpaqları işğaldan azad olunmadı, məcburi köçkünlərin geri qayıtması təmin edilmədi. Azərbaycan tərəfi isə torpaqları işğal altında olan zaman haqlı şəkildə Minsk qrupunun üzv dövlətlərini Ermənistana təzyiq göstərmək, ona müvafiq sanksiyalar tətbiq etmək barədə təkliflər irəli sürdüyü halda, o vaxt Minsk qrupu tərəfindən bu istiqamətdə heç bir addım atılmadı” söyləyən dövlət başçısı İlham Əliyev onu da bildirdi ki,  2020-ci ildə 44 günlük Vətən müharibəsi başa çatandan sonra Azərbaycan regionda sülh gündəliyinin təşəbbüskarı olaraq Ermənistanla sülh müqaviləsinin imzalanması təklifi ilə çıxış edib. Amma Ermənistan tərəfindən buna adekvat reaksiya verilmədi. Ona görə də Azərbaycan sülh müqaviləsinin əsaslarını təşkil edən beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq 5 prinsip irəli sürüb ki, bunun əsasında da sülh müqaviləsi üzrə danışıqlar prosesinin təşəbbüskarı Azərbaycan olub.

Dövlətimizin başçısı 2020-ci ildə 44 günlük Vətən müharibəsi başa çatandan sonra üçtərəfli Bəyanat çərçivəsində Ermənistanın üzərinə götürdüyü bir sıra öhdəliklərini yerinə yetirmədiyini, son 3 il ərzində Azərbaycanın Qarabağ bölgəsində separatizmi maliyyə, hərbi və digər vasitələrlə dəstəkləməkdə davam etdiyini bildirdi.  O da qeyd edildi ki,  ötən il sentyabrın 2-də Ermənistan rəhbərliyinin qondarma “Dağlıq Qarabağ respublikası”nın “müstəqilliyi” münasibətilə göndərdiyi təbrik, həmçinin sentyabrın 9-da keçirilmiş dırnaqarası “prezident seçkiləri” sülh prosesinə ciddi zərbə vurdu.  Azərbaycan özünün ərazi bütövlüyünü və suverenliyini təmin etmək üçün antiterror tədbirləri keçirməli oldu.

Dövlətimizin başçısı bildirdi ki, Azərbaycan ilə Ermənistan arasında artıq de-fakto sülh mövcuddur və iki ölkənin sərhədində bir neçə aydır sülh şəraiti hökm sürür. Amma bu prosesin məntiqi sonluğa çatdırılması üçün sülh müqaviləsi imzalanmalı və Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoyulmalıdır.

Cənab İlham Əliyev görüşdə beynəlxalq riyakarlığın təsdiqi olan bəzi  addımlara da diqqəti yönəltdi. Belə ki, Avropa Şurası Parlament Assambleyasında anti-Azərbaycan xarakteri daşıyan və Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin ratifikasiya edilməməsi ilə bağlı azlıq olan bir qrupun təşəbbüsünün dialoqa xidmət etmədiyini vurğulayan dövlət başçısı  bildirdi ki, bu, ümumiyyətlə, parlament platformasının ənənələri ilə ziddiyyət təşkil edir. Azərbaycan nümayəndə heyətinin hüquqlarının bərpa edilməli olduğunu deyən cənab İlham Əliyev  diqqətə çatdırdı ki, Azərbaycan nümayəndə heyətinin hüquqları bərpa olunmayacağı təqdirdə, Azərbaycan tərəfindən də Avropa Şurası və Avropa İnsan Haqları Məhkəməsində iştirak məsələsinə yenidən baxılacaq.

Martin Çunqonq Parlamentlərarası İttifaqın parlamentarilər arasında dialoqa, inklüzivliyə çağırdığını, eksklüzivliyin tərəfdarı olmadığını, bu kimi yanaşmaların düzgün qəbul edilmədiyini, beynəlxalq parlamentarizm ənənələri ilə uyğun gəlmədiyini bildirdi.

Azərbaycanın ədalətə, beynəlxalq hüquqa, demokratik dəyərlərə söykənən siyasətinə dəstək yüksək səviyyədədir. Ölkəmiz bu siyasəti ilə həm regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunmasına, həm də dünya siyasətində dəyişikliklərə səy göstərir. Bütün bunlar ümumilikdə etimad mühitinin yaranmasına, yeni əməkdaşlıq formatlarının formalaşmasına, qarşılıqlı hörmət və maraqlar prinsipi əsasında əlaqələrin yeni istiqamətlər üzrə inkişafına xidmət edir.