YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gənclərə qayğı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

Ziyafət Əsgərov

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri

Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndər Heydər Əliyevin dövlət siyasətinin prioritet istiqamətlərindən biri gənc nəslə hər zaman xüsusi diqqət və qayğının göstərilməsi olmuşdur. Müstəqil Azərbaycan Respublikasında Gənclərin Birinci Forumunun keçirilməsi də məhz Ulu Öndərin adı ilə bağlıdır. Heydər Əliyevin Gənclər Forumunun təşkili ilə bağlı 1995-ci ildə irəli sürdüyü təşəbbüsdən sonra hazırlıq işləri görülmüşdür. İlk dəfə 1996-cı il fevralın 2-də Azərbaycan Gənclərinin Birinci Forumu keçirilmiş, Ulu Öndər özü də şəxsən bu Forumda iştirak etmişdir. Sonradan isə Ulu Öndərin müvafiq Sərəncamına əsasən Azərbaycan Gənclərinin Birinci Forumunun keçirildiyi 2 fevral tarixi Azərbaycan Gəncləri Günü elan edilmişdir. Həmin vaxtdan etibarən 2 fevral ölkəmizdə Gənclər Günü kimi qeyd olunur. Onu da qeyd etmək lazımdır ki, MDB və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq məhz Azərbaycanda Gənclər Günü təntənəli şəkildə qeyd edilməyə başlanılmışdır.

Azərbaycan gənclərinə hər zaman böyük qayğı ilə yanaşan, onların  savadlı, vətənpərvər nəsil kimi formalaşdırılmasına çalışan Ulu Öndərimiz gənclər sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsi üçün bu sahənin zəruri qanunvericilik bazasının hazırlanmasının təşəbbüsçüsü olmuş və 2002-ci il 9 aprel tarixində “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Qanun ölkəmizdə gənclər siyasətinin məqsədlərini, prinsiplərini, istiqamətlərini, təşkilati-hüquqi əsaslarını müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir.

Çoxsaylı Dövlət proqramlarının qəbulu, xüsusən gənclərin xaricdə təhsil alması ilə bağlı qərar Azərbaycanda müasir gənc nəslin formalaşmasına, onların savadlı kadr kimi yetişməsinə, faydalı məşğulluğunun təmin olunmasına son dərəcə müsbət təsir göstərmişdir. Ulu Öndərin ali məktəblərə qəbul imtahanlarında ən yüksək bal toplamış abituriyentlərlə şəxsən görüşməsi, onlara Prezident təqaüdünün verilməsi barədə müvafiq Sərəncamı gənclərimiz üçün hər zaman böyük stimul olmuşdur. Dahi Lider həm də Azərbaycan gənclərinin sağlam nəsil kimi formalaşdırılmasına böyük diqqət yetirmişdir. Heydər Əliyevin gəncləri idmana təşviq etməsi, Onun özünün idmana olan sevgi və qayğısı, idmançılara, idman mütəxəssislərinə göstərdiyi böyük diqqət hər kəsə bəllidir.

Ölkəmizdə aparılan məqsədyönlü gənclər siyasətinin nəticəsidir ki, yüksək intellektual səviyyəyə, vətənpərvərlik hisslərinə və milli düşüncəyə malik gənc nəsil formalaşıb. Müstəqilliyimizin, dövlətçiliyimizin möhkəmləndirilməsində, ölkənin ictimai-siyasi həyatında gənclər aparıcı qüvvəyə çevrilib.

Prezident İlham Əliyevin siyasi kursunda xüsusi yer tutan və daim təkmilləşdirilən gənclər siyasəti gənclərin potensialından səmərəli istifadə olunmasına, milli-mənəvi dəyərlərə hörmət edən, vətənpərvər ruhda yetişən gəncliyin formalaşmasına şərait yaratmışdır. Məhz dövlətin gənclərə göstərdiyi dəstək və diqqətin nəticəsidir ki, Vətən müharibəsi zamanı Azərbaycan gəncləri istər döyüş meydanında, istərsə də arxa cəbhədə, informasiya müharibəsində ölkənin aparıcı qüvvəsinə çevrilmişdir.

Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması, Gənclər üçün Prezident Mükafatının təsis edilməsi, Gənc kadrların irəli çəkilməsi üçün “Yüksəliş” müsabiqəsinin keçirilməsi, Könüllülər Hərəkatının formalaşması, 2007-ci ilin “Gənclər İli”, 2020-ci ilin “Könüllülər İli” elan edilməsi bu gün də ölkəmizdə gənclərə böyük dövlət qayğısı göstərildiyini sübut edir.

Ölkəmizdə keçirilmiş və gənclərin böyük fəallıqla iştirak etdiyi mötəbər beynəlxalq tədbirlər, musiqi müsabiqələri, Birinci Avropa Oyunları başda olmaqla təşkil edilmiş idman yarışları, “TEKNOFEST Azərbaycan” festivalı da xüsusi qeyd olunmalıdır. “TEKNOFEST Azərbaycan” festivalının məqsədi milli texnologiyaların inkişaf etdirilməsinə gənclərin marağının artırılması, gənclər üçün uğurlu nümunələr təqdim edilməsi idi. Qeyd etməliyəm ki, gənclərimizin  festivala böyük axını olduqca sevindirici məqam idi. Azərbaycan gəncliyi Vətən müharibəsində öz gücünü, qüdrətini və Vətən sevgisini layiqincə sübut etmişdir, gənclərimizin həm də elmə, biliyə, müasir texnologiyalara artan marağı bizi gələcəyə daha ümidli edir.

Azərbaycanın sədrlik etdiyi dövrdə ölkəmizin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin yaradılması və ilk Gənclər Sammitinin keçirilməsi gənclər siyasətinin bizim üçün önəmini göstərir. Bunlar isə təsdiq edir ki, Prezidentimiz uğurlu gənclər siyasətinin nəinki yalnız ölkə daxilində, həm də qlobal səviyyədə həyata keçirilməsi üçün böyük xidmətlər göstərir.

Gənclər hər bir cəmiyyətin aparıcı qüvvəsidir, hər bir ölkənin uğurlu gələcəyidir. Gənc nəslə göstərilən diqqət dövlətin parlaq gələcəyinin təminatıdır. Odur ki, gənclərin tərbiyəsi, onların problemlərinin həllinə dəstək və gənc vətəndaşlara qayğı dövlətimizin hər zaman ən mühüm vəzifələrindən biri olmaqda davam edəcək. Gənclərimiz də bu qayğını həmişə yüksək qiymətləndirir. Prezident İlham Əliyevə verdiyi dəstəklə Azərbaycan gəncliyi öz Liderinin arxasında olduğunu sübut edir.