YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Misilsiz xidmətlər göstərən gənclərimiz…

“Bu gün Azərbaycan bütün sahələr üzrə dinamik inkişaf edir. Təbii ki, ölkəmizin sürətli inkişafı, ictimai həyatın bütün sahələrində əldə etdiyi nailiyyətlər dövlət gənclər siyasətində də özünü bariz şəkildə göstərir. Yəni uğurlu daxili siyasətin ən mühüm istiqamətlərindən biri cəmiyyətin fəal təbəqəsi olan gənclərin yüksək dövlət qayğısı ilə əhatə olunmasıdır. Azərbaycanda həyata keçirilən gənclər siyasəti özünün mütərəqqiliyi ilə fərqlənir, başqa sözlə, dünyada nümunə kimi çıxış edir. Gənclər siyasəti Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu siyasətin əsas məqsədi gənclərin hərtərəfli inkişafını təmin etmək, onları yüksək vətənpərvərlik ruhunda formalaşdırmaq, layiqli vətəndaş kimi yetişdirməkdən ibarətdir”. Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.

Deputat bildirib ki, Azərbaycan gəncliyinin inkişafında Ümummilli Lider Heydər Əliyev əvəzolunmaz xidmətlər göstərib. Məhz Ulu Öndərimizin müəyyənləşdirdiyi gənclər siyasəti dövlətimizin gənclərə qayğısını şərtləndirir. Bu siyasət Azərbaycan gəncliyinin fiziki, mənəvi və intellektual inkişafını təmin edib. “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununun qəbulu, Gənclər və İdman Nazirliyinin yaradılması, ölkəmizdə Gənclər Gününün təsis edilməsi və digər mühüm əhəmiyyətə malik olan tədbirlər də bu kontekstdə xüsusi vurğulanmalıdır. Ulu öndər Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Gənclər Günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təsis olunub. O da qeyd edilməlidir ki, Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasəti sistemli konseptual xarakter daşıyır. Gənclər Fondunun yaradılması, gənclərin bacarıq, təşəbbüs və yaradıcılıqlarının üzə çıxarılması və onların hökumət tərəfindən dəstəklənməsi, Gənclər üçün Prezident Mükafatının təsis olunması, ölkə gənclərinin beynəlxalq arenada təmsilçiliyinin yüksəlməsi, respublikanın əksər rayon və şəhərlərində gənclərin istifadəsinə verilən Gənclər mərkəzlərinin və Gənclər evlərinin tikilməsi uğurlu gənclər siyasətinin səmərəliliyini daha da artıran əhəmiyyətli faktorlardır.

Milllət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyev tərəfindən dövlət gənclər siaysəti uğurla davam etdirilir. Dövlət başçısının müxtəlif illərdə gəncliyin inkişafı ilə bağlı imzaladığı fərman və sərəncamlar ölkəmizdə həyata keçirilən gənclər siyasətinə yeni impuls verib. Prezident İlham Əliyevin 2005-ci il avqustun 30-da imzaladığı “Azərbaycan Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) təsdiq edilməsi haqqında” Sərəncamdan irəli gələrək gənclərin inkişafı istiqamətində çoxsaylı tədbirlər həyata keçirilib və mühüm nəticələr əldə olunub. Bununla yanaşı, Prezident İlham Əliyevin sərəncamları ilə “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı müasir Azərbaycan gəncliyinin dövrün tələbləri səviyyəsində hərtərəfli inkişafına möhkəm zəmin yaradıb. Digər tərəfdən, dövlətimizin başçısı gənclərin intellektual, fiziki və mənəvi inkişafını, ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakını təmin etmək məqsədilə 2015-ci il yanvarın 26-da “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Gənclərlə bağlı bütün məsələlərin geniş əhatə olunduğu bu mühüm sənədlərin məqsədi Azərbaycanda gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, gənc nəslin sağlamlığını qorumaq, gənclərin təhsil və məşğulluq məsələlərinə diqqəti artırmaq, müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etmək, ölkədə könüllülük hərəkatını inkişaf etdirməkdir.

İnsan kapitalına verilən önəmə gəlincə, Pərvin Kərimzadə qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən imzalanmış sərəncamlar əsasında reallaşan “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın, habelə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın nəticəsində 5000-dən artıq Azərbaycan gənci dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa nail olublar. Dövlətin dəstəyi sayəsində gənclərin dünyanın 32 ölkəsinin 370-dən çox ən nüfuzlu ali təhsil müəssisəsində təhsil almaları məqsədilə 200 milyon manat vəsait xərclənib. Prezident İlham Əliyev 2022-ci il 28 fevral tarixli Sərəncamı ilə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nı təsdiq edib. Dövlət Proqramı çərçivəsində hər il 400 nəfərədək olmaqla, ümumilikdə 2000 nəfərədək Azərbaycan Respublikası vətəndaşının xaricdə nüfuzlu ali təhsil müəssisələrində bakalavriat və magistratura səviyyələrində təhsil alması nəzərdə tutulub. Ötən 2 il ərzində 146 bakalavriat, 571 magistratura səviyyəsində olmaqla, 717 nəfər tələbə təqaüd almaq hüququ qazanıb. 2023-2024-cü tədris ilində Proqram çərçivəsində bakalavriat səviyyəsi üzrə 64, magistratura səviyyəsi üzrə 317 nəfər olmaqla ümumilikdə 381 nəfər xaricdə təhsil almaq hüququ qazanıb.

“Ən mühüm məqam isə Azərbaycan gənclərinin yüksək milli vətənpərvərlik ruhunda yetişməsidir. 44 günlük Vətən müharibəsində və antiterror tədbirlərində biz bu reallığın şahidi olduq. Bu da Ulu Öndər Heydər Əliyevin gənc nəsli Azərbaycanın uğurlu sabahı naminə səfərbər edən siyasətinin, Prezident İlham Əliyevin gənc nəslə qayğısının nəticəsi idi. Beləliklə, tarixi missiyanı həyata keçirən bizim qəhrəman gənclərimiz tarix qarşısında, xalq qarşısında, Vətən qarısında misilsiz xidmətlər göstərdilər. Rəşadətli Azərbaycan Ordusunun sıralarındakı Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Onların rəşadəti sayəsində əldə olunan şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Şübhəsiz ki, Azərbaycan gəncliyi bundan sonra da müstəqil Azərbaycan dövlətinin daha da inkişafına və güclənməsinə öz töhfələrini verəcəklər”,-deyə YAP İdarə Heyətinin üzvü vurğulayıb.