YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni dövr gənclərimizə yeni çağırışlar edir

Həbib Cəfərov

YAP Astara rayon təşkilatının sədri

Bugünkü yeni nəsil bütün sahələrdə vətəndaşlıq mövqelərini sağlam düşüncə tərzi ilə təsdiqləyir, vətənpərvər, zamanın tələblərinə əməli fəaliyyətləri  ilə cavab verməyə hər zaman hazır olduqlarını bildirirlər.    Tarixi missiyanı həyata keçirən  qəhrəman gənclərimiz tarix, xalq, Vətən qarşısında misilsiz xidmətlər göstərmişlər. Rəşadətli Azərbaycan Ordusunun sıralarındakı Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Onların rəşadəti sayəsində əldə olunan şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev bildirir: “Bu gün Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsidir. Biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik. Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşurlar. Bizim şəhidlərimizin böyük əksəriyyəti gənclərimiz olubdur. Bizim gənclərimiz hərbi qələbələrimizi şərtləndiriblər.” Gənclərimiz Vətən uğrunda döyüşlərlə yanaşı, arxa cəbhədə də yüksək fəallıq göstərdi, ölkəmizlə bağlı həqiqətlərin, işğalçı Ermənistanın əzəli torpaqlarımızda törətdikləri vandallıq aktlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında fəal iştirak etdilər. Gənclərimiz müasir dövrün yaratdığı imkanlardan maksimum bəhrələnərək Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən siyasətinin uğurlarının təbliğində fəal iştirak edirlər.

44 günlük İkinci Qarabağ müharibəsində gənclərin rolu həlledici oldu.  Bu da Ulu Öndərin gənc nəsli Azərbaycanın uğurlu sabahı naminə səfərbər edən siyasətinin nəticəsi idi. Vətən müharibəsində iştirak etmiş hər bir igid gəncinə Azərbaycan xalqı minnətdardır. Vətən, torpaq uğrunda irəli  gedənlərin əksəriyyəti gənclər idi. Bu, hər birimiz üçün qürur mənbəyidir.

Gənclərin təşəbbüsləri, onların əməyi bu gün hər yerdə görünməkdədir. Bu gün cəmiyyətimizin böyük hissəsini təşkil edən gənclər ölkəmizin həyatında çox önəmli rol oynayır. Azərbaycan gəncləri azad, sabitlik olan, özünə güvənən, qalib ölkədə yaşayır. Ərazi bütövlüyümüz və suverenliyimiz tam təmin olunub. Hazırda qalibiyyət rəmzi olan üçrəngli bayrağımız işğaldan azad edilmiş bütün torpaqlarımızda, Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə, Şuşada dalğalanır.  Gənclər öz gələcək həyatını düzgün müəyyən etmək və qalib Azərbaycanın tarixi Zəfərinin reallıqları fonunda görülən işlərdə fəal iştirak etməlidirlər. Hazırda Qarabağımız və Şərqi Zəngəzurumuz müasir tələblər səviyyəsində yenidən qurulur. Azərbaycan gəncləri yeni ideyaları, təşəbbüsləri ilə bu işlərə dəstək olmalıdırlar. Suverenliyimizin bərpası ilə yeni dövrə qədəm qoymuşuq. Yeni dövr gənclərimizə yeni çağırışlar edir.

Bu uğurumuzu, sevincimizi daim qeyd edirik ki, 30 il Ermənistanın işğalı altında qalan torpaqlarımızın azad edilməsi üçün Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmrini gözləyən gənclərimiz 44 günlük İkinci Qarabağ müharibəsində  ermənilərə heç vaxt unutmayacaqları məğlubiyyət dərsini verdilər. Silahlı Qüvvələrimizin müxtəlif təyinatlı hissələrində xidmət edən əsgər və zabitlərimizlə birgə düşməni məğlub edən könüllü gənclərimiz ana Vətənin çağırışına səs verərək qəhrəmanlıq dastanı yazdılar.

Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunan Gənclər Forumundakı çıxışında diqqəti Ümummilli Lider Heydər Əliyevin Gənclər Gününü təsis etdiyi vaxtlara yönəldən dövlət başçısı İlham Əliyevin səsləndirdiyi bu fikirləri bir daha xatırlatmaq istərdik: “Ulu Öndər həmişə olduğu kimi, uzaqgörənlik göstərərək məhz gənclərə üz tutdu, onları dəvət etdi, onlara öz tövsiyələrini verdi və gəncləri gələcək inkişaf üçün təşkilatlandırmaq və hazırlamaq üçün əməli-praktik addımlar atıldı. Əgər biz bu kiçik bir tarixi ekskursa nəzər salsaq görərik ki, Heydər Əliyev nə qədər haqlı idi. Çünki bu gün cəmiyyətimizin böyük hissəsini təşkil edən gənclər ölkəmizin həyatında çox önəmli rol oynayır. Gənclərin təşəbbüsləri, onların əməyi bu gün hər yerdə görünməkdədir və əlbəttə ki, yeni nəslin vətənpərvərlik ruhunda, dövlətə sədaqət əsasında yetişdirilməsi Heydər Əliyevin xidmətləri arasında önəmli yer tutur.”

Göründüyü kimi, yaradılan möhkəm təməl, özünəgüvən hissi gənclərimizin sonrakı illərdə daha böyük fəallıq nümayiş etdirmələrinə stimul oldu. Gənclərin fədakarlığının, qəhrəmanlığının təqdimatı olan tarixi Zəfərimiz özündə belə bir çağırışı ehtiva edir ki, gənclərimiz bu şanlı Qələbə ilə azərbaycançılıq ideologiyasına nə qədər bağlı olduqlarını, torpağı, Vətəni canlarından artıq sevdiklərini nümayiş etdirməklə hər zaman üzərilərinə düşən vətəndaşlıq borcunu yerinə yetirməyə hazırdılar.