YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Siyasi korluq

Həbib Cəfərov

YAP Astara rayon təşkilatının sədri

Azərbaycan üç il bundan öncə tarixi Zəfərə imza atdı. 30 ilin işğalına 44 gündə son qoyan ölkəmiz bununla malik olduğu imkanları dünyaya təqdim etdi.  Əsas olan budur ki, Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 30 ildə dünya güclərinin edə bilmədiklərini etdi, tarixi ədalət bərpa olundu, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi icra edildi. Azərbaycan bu qətnamələri beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində təkbaşına  həyata keçirdi. Tarixi Zəfərimizdən üç il sonra 2023-cü ilin 19 sentyabr tarixində Silahlı Qüvvələrimizin həyata keçirdiyi birgünlük antiterror tədbirləri nəticəsində suverenliyimiz tam təmin olundu. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təkbaşına bərpa etməsini həzm edə bilməyən əksər dünya gücləri, beynəlxalq təşkilatlar qarayaxma kampaniyalarını davam etdirməkdədirlər. Avropa Şurasının bu günlərdə qəbul etdiyi qərar bunun bariz nümunəsidir.

Təhlillər göstərir ki, AŞPA-da Azərbaycana qarşı gedən proses təsadüfi deyil. AŞPA-nın davranışı Fransanın ölkəmizə qarşı kampaniyasının davamıdır. Qurum ötən dövr ərzində Azərbaycana problem yaratmaq, ölkəmizi gözdən salmaqdan başqa heç nə etmədi. Qərbdəki antiAzərbaycan qüvvələr bu qurumdan ölkəmizə qarşı təzyiq vasitəsi kimi istifadə edirlər.

Avropanın əsl niyyətlərini ifşa edən həqiqətlərə bir daha nəzər salaq. 2023-cü il aprelin 23-də Azərbaycan tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulandan sonra Qərb təsisatları, habelə AŞPA dəfələrlə Azərbaycandan həmin sərhəd-buraxılış məntəqəsinin ləğv edilməsini, dolayısı ilə Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınmamasını tələb etdi. Azərbaycan tərəfinin təzyiq qarşısında geri çəkilməyəcəyinə əmin olan AŞPA rəhbərliyi məzmunu saxlamaqla formanı dəyişmək qərarı verdi. 2023-cü ildə AŞPA 3 dəfə ölkəmizə müraciət edərək Laçın yoluna məruzəçi göndərmək istədiyini bildirdi. Ermənilərin “blokadada yaşadıqları”nı göstərmək və uydurma faktlar əsasında saxta hesabatların hazırlanmasına xidmət edəcək sözügedən absurd niyyətlərin reallaşmasına Azərbaycan imkan vermədi. Ötən ildə AŞPA missiyalarının Azərbaycana səfər cəhdləri yalnız erməni məsələsi ilə bağlı oldu. Təşkilatın prioritet məsələsini “ermənilərin hüquqları” təşkil etdi. AŞPA digər məsələlərlə bağlı deyil, məhz ermənilərin müdafiəsinə yönələn “Laçın dəhlizinin blokadaya alınması”nı qınayan, eləcə də “Azərbaycan ordusunun ötən ilin sentyabrında həyata keçirdiyi və Dağlıq Qarabağın bütün erməni əhalisinin ərazini tərk etməsi ilə nəticələnən hərbi əməliyyatı”nı pisləyən qətnamələr qəbul edib.

Qeyd etdiklərimizin fonunda bu həqiqət təsdiqlənir ki, AŞPA Azərbaycan nümayəndə heyətinin etimadnamələrini mübahisələndirilməsi təşəbbüsünü irəli sürərkən guya bunu 7 fevralda Azərbaycanda keçiriləcək seçkiləri müşayiət etməyə dəvət edilməməsi, ölkədə “siyasi məhbus”ların olması ilə əlaqələndirsə də əsas səbəbin Qarabağın azad olunması, suverenliyin tam bərpa edilməsi faktı ilə barışa bilməmələri, Ermənistana hər vasitə ilə dəstək olmaq siyasətindən irəli gəlir.

Azərbaycanın demokratik inkişafı göz qabağındadır. Ölkəmizdə insan hüquqlarının qorunması və yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsi istiqamətində atılan addımlar və onların uğurlu nəticələri reallıqda öz əksini tapıb. Dövlətimizin siyasətində vətəndaş amilinə verilən dəyər beynəlxalq səviyyədə təqdir olunur. AŞPA-nın qəbul etdiyi qərarın insan hüquqlarının qorunması ilə əlaqələndirməsi inandırıcı görünə bilməz. Qurum, həmçinin guya ölkəmizin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini bildirir. Bu da diqqəti əsas səbəbdən yayındırmaqdan başqa bir şey deyil. Azərbaycan Avropa Şurasına tamhüquqlu üzv qəbul olunduğu vaxtdan üzərinə düşən bütün öhdəlikləri yüksək səviyyədə yerinə yetirib. Hətta AŞPA rəhbərliyi Azərbaycanın demokratik inkişafını nümunə kimi qeyd edib. Avropa Şurasına qəbul olarkən təşkilatın Qarabağ münaqişəsinin həllinə dəstək göstərəcəyinə böyük inam göstərirdik. Lakin qurum bu istiqamətdə yalnız bəyanatları ilə kifayətləndi, sözdən əmələ keçmək Avropa Şurası üçün də problemə çevrildi. Yeganə bəhanə ATƏT-in Minsk qrupunun  həmsədrlərinin vasitəçiliyini  yüksək qiymətləndirmələri idi. 27 ildə ATƏT-in Minsk qrupu  vasitəçi olaraq hansı uğurlu nəticəyə nail olmuşdu, bu, maraq doğurur. Göründüyü kimi, bütün beynəlxalq təşkilatlar yanaşmaları ilə açıq-aşkar Ermənistanı müdafiə etdiklərini, təcavüzkara qarşı hansısa bir addımın atılmasına səy göstərmədiklərini təsdiqlədilər.

Bu gün Azərbaycan torpaqlarını işğaldan azad edərək bu ərazilərdə böyük qürur hissi ilə bərpa-quruculuq işlərini həyata keçirir. Bəzi dünya güclərinin, beynəlxalq təşkilatların regionda dayanıqlı sülhün, təhlükəsizliyin təmin olunması üçün imkanların mövcudluğunu təqdir etmək əvəzinə narahatlıq keçirmələri riyakarlıqlarının göstəricidir.  Azərbaycan sülh istəyir. Bunu üçün Ermənistana sülh müqaviləsinin imzalanmasını təklif edib. Avropa Şurası Azərbaycanın bu addımlarını görməzdən gəlməklə siyasi korluğunu nümayiş etdirdi. Reallıqlara qərəzli yanaşmaq heç bir beynəlxalq təşkilata dividend qazandırmaz.