YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın Avropa Şurasına ehtiyacı yoxdur

Abil Ağasəfov

YAP Qəbələ rayon təşkilatının sədri

Azərbaycan tarixi Zəfəri ilə sübut etdi ki, ədalət və beynəlxalq hüquq deyilən məfhumlar mövcuddur və onların tətbiqi üçün vahid mexanizmin olması əsas şərtdir. Ölkəmiz 30 il dünyanın ikili standartlara söykənən siyasətinin yaratdığı problemlərin mövcudluğu şəraitində yaşasa da daim irəliyə doğru addımlar atdı, ədalətin, haqqın gec-tez qalib gələcəyinə əminliyini ifadə etdi.  Bu gün görünən odur ki, əksər dünya gücləri, beynəlxalq təşkilatlar dünyanın müxtəlif bölgələrində, o cümlədən Cənubi Qafqaz regionunda  münaqişəli vəziyyətin davam etməsində, müdaxilə yolu ilə “söz sahibliklərini” sübut etməkdə maraqlıdılar. Bəzi güclərin söz sahibliyinin dırnaqarası qeyd olunması təsadüfi deyil. Ədaləti, beynəlxalq hüququ maraqlarına qurban verən, BMT Təhlükəsizlik Şurasının qətnamələrini, demokratik prinsipləri öz maraqlarına uyğun olaraq  məkana və zamana görə tətbiq edən dövlətlər, beynəlxalq təşkilatlar  atdıqları addımları, qəbul etdikləri qərarları, kağız parçasından başqa heç bir mahiyyət daşımayan qətnamələri ilə özlərinə qarşı inamı  heçə endirir, söz sahibliklərinin dırnaqarası qeyd edilməsinə səbəb olurlar.

Bu gün Azərbaycana beynəlxalq baxışa diqqət yetirək.  Ölkəmizə qarşı hansı qarayaxma kampaniyasının aparılmasına baxmayaraq Azərbaycan daim  mövqeyini ədalətə və beynəlxalq hüquqa söykənən addımları ilə möhkəmləndirir. Tarixi Zəfərimiz bu kimi məqamlara geniş şəkildə aydınlıq gətirdi. Azərbaycan demokratik dəyərlərə sadiq olan ölkədir. Ölkəmizlə əməkdaşlıqda maraqlı olan və mövcud əlaqələrini yüksələn xətlə inkişaf etdirən dövlətlər ilk olaraq Azərbaycanda demokratik inkişafa diqqət yetirirlər. Demokratiyanın sabitliyin və qanunun aliliyinin hökm sürdüyü şəraitdə inkişaf etdiyini nəzərə alsaq Azərbaycanın hər iki istiqamətdə qazandığı uğurlar təqdirəlayiqdir.

Bunları qeyd etməklə Avropa Şurasının son qərarının nə qədər qərəzli, planlaşdırılan addım olduğunu görürük. Yaranan bu vəziyyət Avropa Şurasına heç bir fayda gətirməyəcək. Bu gün Azərbaycanın AŞPA ilə əməkdaşlığı və təşkilatdakı iştirakını qeyri-müəyyən müddətə dayandırması beynəlxalq səviyyədə təqdir olunur. Bir daha vurğulanır ki, Azərbaycanın hazırda nəinki dünya səviyyəsində,  Avropada belə  nüfuzu olmayan Avropa Şurasına  heç bir ehtiyacı yoxdur.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin bəyanatında qeyd edildiyi kimi, AŞPA-da siyasi korrupsiya, ayrı-seçkilik, etnik və dini nifrət, ikili standartlar, təkəbbürlülük, şovinizm hökm sürən praktikaya çevrilib. Qurumda dözülməz irqçilik, Azərbaycanofobiya və İslamofobiya mühiti mövcuddur.

Avropa Şurası üçün ikili standartlar siyasəti normadır. Bu qurum heç bir dövlətin milli maraqlarını nəzərə almır və yalnız özünün korporativ maraqlarından çıxış edir. AŞPA-nın hazırkı qərarının insan hüquqları ilə heç bir əlaqəsi yoxdur. Qəbul olunmuş qərar öz suverenliyini və ərazi bütövlüyünü bərpa etmiş Azərbaycana qarşı qisas cəhdidir. Azərbaycan üçün nəinki AŞPA-da səsinin dondurulması, bu qurumun özü belə heç bir əhəmiyyət kəsb etmir. Azərbaycanın torpaqlarını işğaldan azad etməsindən sonra Avropa Şurasının belə əsassız, qərəzli mövqe ortaya qoyması hansı siyasi məntiqə sığır? Təbii ki, bu kimi sualların sayı çoxsaylıdır. Niyə əksər dünya gücləri, onların təzyiq vasitəsi kimi istifadə etdikləri beynəlxalq təşkilatlar Cənubi Qafqazda davamlı sabitliyin, təhlükəsizliyin  bərpasından  narahatdırlar?  Avropanın bəzi dövlətləri insan hüquqları və demokratiya anlayışlarını təzyiq alətinə çevirərək bu və ya digər dövlətə qarşı istifadə edir. Əvvəldə də qeyd etdiyimiz kimi, Avropa Şurasının sözügedən qərarının insan hüquqları ilə heç bir əlaqəsi yoxdur. Qurumu doğrudan da insan hüquqlarının qorunması düşündürürsə, nə üçün indiyədək bir dəfə də olsun bir milyondan artıq soydaşımızın hüquqlarının pozulmasını gündəmə gətirmədi? İşğalçı ilə işğala məruz qalan dövləti eyni zamanda sıralarına tamhüquqlu üzv qəbul edən Avropa Şurası Qarabağ münaqişəsinin həllinə niyə laqeyd yanaşdı? Bu gün Almaniya və Fransanın əlində oyuncağa çevrilən Avropa Şurası belə qeyri-ciddi qərarları ilə özünü tamamilə nüfuzdan saldı. Özünün mövqeyi olmayan, ancaq bu və ya digər dövlətin əlində oyuncağa çevrilən bir qurum hansı ədalətli, beynəlxalq hüquqa, demokratik prinsiplərə söykənən qərar qəbul edə bilər? “Öz gözlərində tiri görməlib başqasında çöp axtarmağa” adətkar olan Avropa strukturları yaxşı olar ki, “əvvəl evin içi, sonra çölü” prinsipinə söykənərək öncə özlərində yaşanan demokratiyaya, beynəlxalq hüquqa zidd hadisələrə diqqət yetirsinlər. Bu da sirr deyil ki, Avropa Şurasının Ermənistanı dəstəkləməsi, Azərbaycana qarşı əks təbliğat aparması heç də ermənilərə olan sevgidən irəli gəlmir. Bəzi dünya gücləri Avropa Şurasından, qurum isə Ermənistandan təzyiq vasitəsi kimi isifadə etməyə çalışır. Ədalətin olmadığı bir dünyada hüquq problemin yaşanması, etimad mühitinin sıfra enməsi qaçılmazdır.

Günümüzün əsas reallığı budur ki, Azərbaycan tarixi Zəfəri və onun yaratdığı reallıqlarla qürur duyur. Bu reallıqlar ölkəmizin beynəlxalq nüfuzunu daha da artırır. Azərbaycan sülhün, əməkdaşlığın tərəfindədir. Ölkəmizin tarixi Zəfərimizdən dərhal sonra Ermənistana sülh təklifini edib  münasibətlərdə yeni səhifə açmaq istəyini ortaya qoyması da bunun təsdiqidir. Avropa Şurası qərəzli qərarları ilə özünü  nüfuzdan salmaq əvəzinə bu reallıqları düzgün dəyərləndirib ədalətin yanında olsaydı daha böyük dividend qazanardı.