YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

AŞPA-nın qərarı əvvəlcədən planlaşdırılmış addımdır

“Azərbaycan nümayəndə heyəti AŞPA-da fəaliyyətini dayandırdı. Nümayəndə heyətinin bu addımı ölkəmizə qarşı qərəzi, riyakarlığı bir fəaliyyət istiqaməti seçən əksər dünya güclərinə və onların əlində təzyiq alətinə çevrilən Avropa Şurası kimi qurumlara ciddi mesajdır. Azərbaycan daim ən yüksək tribunalardan dünyanın ikili siyasətini ədalətsizlik kimi dəyərləndirərək buna son qoymağa çağırışlar edib və bu gün də edir. Bu fakt inkaredilməzdir  ki, Qarabağ münaqişənin  beynəlxalq problemə çevrilməsi, hər bir dövlətin problemin həllinə öz maraqlarından yanaşması nizamlanma prosesinin 30 il uzanmasına və sonda 44 günlük İkinci Qarabağ müharibəsinin baş verməsinə gətirib çıxardı. Postmünaqişə dövrünün reallıqları da eyni vəziyyətin yaşandığını təsdiqləyir. Azərbaycan regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlərində yeni səhifənin açılması üçün qarşı tərəfə sülh təklifi etdi. Bununla bağlı keçirilən görüşlərdə Ermənistanın baş naziri ölkəmizin təqdim etdiyi prinsipləri dəstəkləyib, sülh müqaviləsinin imzalanmasının qaçılmaz olduğunu bildirdiyi halda görüşdən dərhal sonra sərsəm bəyanatları ilə diqqətdə olur. Tarixi Zəfərimizdən bu günədək Fransanın Azərbaycana qarşı ədalətə və beynəlxalq hüquqa sığmayan təbliğatı diqqətdədir. Fransa sülh müqaviləsinin imzalanmasında maraqlı olmadığı üçün Ermənistanı hər vasitə ilə danışıqlardan uzaqlaşdırmağa, sülh təklifi ilə razılaşmamağa çalışır. Avropa Şurasının məlum addımı da özündə bütün məqamları ehtiva edir. Qurum Fransanın əlində oyuncağa çevrilib. Bu dövlətlər AŞPA-dan ölkəmizə qarşı təzyiq vasitəsi kimi istifadə edirlər.” Bu fikirləri Milli Məclisin deputatı Nurlan Həsənov bildirib.

Millət vəkili vurğulayıb ki, Azərbaycan demokratik ölkədir. Ölkəmizdə insan hüquqlarının qorunması dövlət siyasətinin əsasıdır: “AŞPA-nın qərarı insan haqları baxımından əsaslandırılmağa çalışılsa da insan hüquqları ilə heç bir əlaqəsi yoxdur. Qəbul olunmuş qərar öz suverenliyini və ərazi bütövlüyünü bərpa etmiş Azərbaycana qarşı qisas cəhdidir. Hazırda nəinki dünya səviyyəsində, heç Avropada da nüfuzu olmayan Avropa Şurasına Azərbaycanın heç bir ehtiyacı yoxdur. Azərbaycanın atdığı hər bir addımlar uğurlu gələcəyinə hesablanıb. Hər gününü tarixinə uğur səhifəsi kimi yazan Azərbaycanın iqtisadi, siyasi, demokratik, diplomatik uğurları bu reallığın təsdiqidir ki, ölkəmiz əməkdaşlıq əlaqələrinin qurulmasında böyük potensiala malikdir. Demokratik təsisatların inkişafı, dövrün tələblərinə uyğun olaraq təkmilləşdirilməsi daim dövlətimizin siyasətinin əsasında dayanır. Sual olunur- İnsan hüquqlarının qorunmasına belə “həssaslıqla” yanaşan Avropa Şurası niyə bir dəfə də olsun bir milyondan artıq soydaşımızın pozulmuş hüquqlarını və onların bərpasını dilə gətirmədi? Azərbaycanın quruma üzv olduğu 23 ildə keçilən yolun təhlili onu göstərir ki, ermənipərəst, islamofob qüvvələr bu təşkilatdan daim Azərbaycana qarşı vasitə kimi istifadə ediblər. Azərbaycanın müstəqil siyasəti, davamlı uğurları, hazırkı dövrdə ərazi bütövlüyünü və suverenliyini tam təmin etməsi bəzi dairələr tərəfindən böyük qısqanclıq hissi ilə qarşılanır.”

Nurlan Həsənov qeyd edib ki, Azərbaycan böyük nüfuza malikdir: “Sözü imzası qədər dəyərlidir. Bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı maraq və hörmət prinsipləri əsasında əlaqələr qurur. Heç bir dövlətin daxili işinə müdaxilə etmir və öz daxili işinə müdaxiləni də yolverilməz hesab edir. Rəsmi Bakı Avropa təşkilatları ilə də sağlam əməkdaşlıq etmək istəyir. Amma göründüyü kimi, Avropa ədalətə və beynəlxalq hüquqa zidd addımları ilə diqqətdədir. Azərbaycan ədalətin və beynəlxalq hüququn tərəfində olduğu üçün bu kimi addımlara sərt münasibətini bildirir.  AŞPA-nın fəaliyyətində irqçilik, İslamofobiya mühitinin mövcudluğu  göz önündədir. Azərbaycan nümayəndə heyətinin AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarı quruma üzv olan dövlətlərin təmsilçiləri tərəfindən də dəstəklənərək bildirilir ki, Azərbaycanla bağlı yaranan vəziyyət Avropa Şurasına fayda gətirməyəcək. Ölkəmizin bu gün beynəlxalq münasibətlər sistemində möhkəmlənən mövqeyi, söz sahibliyi, ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasəti hər bir məsələdə öz sözünü deyir.”