YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qisasın açıq-aydın göstəricisi

Ceyhun Məmmədov

Milli Məclisin deputatı

Növbədənkənar prezident seçkiləri ərəfəsində Avropa Şurası Parlament Assambleyasının ölkəmizə qarşı belə bir addım atması seçki dönəmində Azərbaycanı hədəfə gətirmək məqsədi daşıyır.

Azərbaycan nümayəndə heyətinin AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmasının ölkəmizə hansısa bir təsirinin olma ehtimalı çox aşağıdır.

Bizim konkret sualımız var: Niyə bu məsələlər məhz indiki dövrdə qalxır? İşğal altında olan torpaqlarını azad etdikdən, suverenliyini təmin etdikdən sonra Azərbaycana qarşı niyə belə addımlar atılır? Bu, bir daha onların ölkəmizə qarşı qərəzli olduğunu göstərir. Bütün bunlar məqsədli şəkildə Azərbaycan əleyhinə atılmış addımlardır. Neçə ildir ki, biz AŞPA-ya üzv dövlətik. Həmin müddət ərzində bir dəfə də olsun bu qurum tərəfindən Ermənistanın törətdiyi soyqırımlarla bağlı hər hansı bir fikir, məlumat görməmişik. Amma bu gün Azərbaycana qarşı qərəzli addımlar irəli sürürlər. Belə olduğu təqdirdə bizim də AŞPA-ya ehtiyacımız yoxdur. Ona görə də, hesab edirəm ki, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti çox doğru addım atdı.

Məlum olduğu kimi, son vaxtlar Avropa İttifaqının təsisatlarının Azərbaycana qarşı qərəzli yanaşmaları, qərarları ən pik həddə çatıb. Son addımlar və qərarlar da bu qərəzi açıq-aydın göstərirdi. Həm Cozep Borrelin açıqlamaları, həm Avropa Şurasında Azərbaycanın ünvanına səsləndirilən fikirlər, həm ölkəmizlə bağlı qəbul edilən qərarlar Bakının bu istiqamətdə sərt addımlar atmasını zəruri edirdi.

Biz müstəqil və qürurlu dövlətik. Ona görə də bu ittihamları heç vaxt qəbul edə bilməzdik. Haqlı olaraq Azərbaycan qəti şəkildə öz mövqeyini bildirdi. Yəni qurum daxilində fəaliyyətini qeyri-müəyyən vaxta qədər dayandırdı. Çünki özünü Avropanın əsas aparıcı qurumlarından biri kimi təqdim edən Avroittifaq əslində bu gün Fransanın, Almaniyanın alətinə çevrilib. Onun nəticəsidir ki, Azərbaycana qarşı bu qurum tərəfindən əsassız qərarlar qəbul edilir. Azərbaycan özünə hörmət edən dövlətdir. Harda bizi istəmirlərsə, orada olmarıq. Nə vaxta kimi belə qərəzli olacaqlar, Azərbaycan buna öz sərt etirazını bildirəcək. Hesab edirəm ki, müəyyən müddətdən sonra AŞPA öz səhv qərarına yenidən baxa bilər. Çünki Azərbaycan regionun lider dövlətidir və Avropanın enerji təchizatında mühüm rol oynayır. O cümlədən, ölkəmiz Avropa ilə Mərkəzi Asiya arasında vacib tranzit körpüdür. Şərq-Qərb, Şimal-Cənub dəhlizləri Azərbaycanda kəsişir. Ona görə də bütün bunlar gözardı edilə bilməz.

Əlaqələrin yenidən bərpa olunması qurumun bizə münasibətindən, eləcə də proseslərin hansı formada davam etməsindən asılıdır.