YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bunu düşünürdünmü, Avropa?..

Səbinə Xasayeva

Milli Məclisin deputatı

1988-ci ildən açıq şəkildə Azərbaycana qarşı ərazi iddiasına başlayan Ermənistan dünyəvi siyasəti dürüstlükdən, bəşərilikdən də uzaqlaşdırmağa başladı. Xislətində işğala, işğalçıya meyl olan dövlətlər ya Ermənistanı açıq şəkildə müdafiə etməyə başladı, ya da bu münaqişəyə, başlayan ədalətsiz mü­haribəyə gerçək münasibət bildir­mədi. Belə bir vəziyyət “ağa qara deyənlərə” görə təbii ki, dünyanın ni­zamını pozacaqdı, pozdu da. Döv­lətlər belə idi, riyakarlıq hətta beynəlxalq təşkilatların da siyasi qoruyucusuna döndərilmişdi. Belə olma­say­dı, zamanında Ermənistan BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrini yerinə yetirərdi. Ye­rinə ye­tirmədi, elə bil heç belə qətnamələr qəbul edilmə­yib­miş. Beynəlxalq siyasətin nüfuzunu bun­ca aşağılayan dövlətə (və dövlətlərə!) hansı beynəlxalq qınaq oldu? Heç bir qınaq olmadı! Olmadığına görə haqq tərə­zi­si də pozuldu. Beynəlxalq riyakarlıq bəşəri­li­yin varlığına susadı. Avropa Şurası Parlament As­sam­bleyası da “öz əli ilə öz ocağına su açmaqdadır”. Unudur ki, “Özü özünə edəni el yığılsa edə bilməz”. Onsuz da bulanan sular durulacaq, onsuz da haqq-ədalət öz yerini tutacaq, ancaq itirilən nüfuz heç za­man bərpa olunmayacaq. Ermənilik ermənipərəst­li­yi istədiyi səmtə çəkir. Ermənipərəst qüvvələr bu təşkilatın tribunasından Azərbaycana qarşı istifadə edir. Görənlər görür, ancaq dinmir. Hələ ötən əsrdə türk şairi Tofiq Fikrət “Millət şərqisi”ndə yazmış­dı: “Zülmün topu var, gülləsi var, qələsi varsa, Haq­qın da bükülməz qolu, dönməz üzü vardır”.

Avropa İttifaqının bu kimi təzyiqləri Azərbaycana, Azərbaycanı sevənlərə heç nə edə bilməyəcək. Maraqlıdır: Avropa ölkələri Avropa Parlamentinə islamı günüləyənləri, İslama kini-küdurəti olan­la­rımı, türkü sevməyənlərimi seçib göndərir? Bu məqamda xalq şairi Zəlimxan Yaqubun bir şeirini xatır­la­yıram: Əzəl-axır dünya türkün dünyası. Onu da xatırlayıram ki, sevməzlik paxıllığın, paxıllıq insan­lıq­dan uzaqlaşmanın təzahürüdür...

Avropa Şurası Parlament Assambleyası bu mərəzə nə vaxtdan yoluxub? Çoxdan. Haqq tərəzisi əyiləndən, elan etmədən müharibəyə başlayan dövlətlə təcavüzə məruz qalan dövlətə münasibətdə ikili standartlar siyasətinə etiraz etməyəndən, özü də bu siyasətin yedəyinə düşəndən. Uzun illər ər­zində bu qurum Ermənistanın Azərbaycana qarşı təcavüzü və ərazilərin işğalı faktına qarşı heç bir təd­bir görməyib, yalnız ara-sıra heç bir hüquqi çəkisi olmayan bəyanatlar və qərarlar verməklə kifa­yət­lənib. Halbuki, bir quruma üzv olan iki ölkədən birinin digərinin ərazisini işğal etməsi faktına görə ən azından işğalçının səs hüququ əlindən alına bilərdi. Alınmadı. Cəzasızlıq yeni cinayətlər yaratdı.

AŞPA Azərbaycana qarşı “sətiraltı qərəzlik” siyasəti ilə ayları il edib. Belə fəaliyyətinə görə qı­nanmadığına görə nəinki işğalçını qınamayıb, hətta onun mövqelərinin tərəfdarı kimi çıxış edib. İkin­ci Qarabağ müharibəsi başlayanda da, müharibənin gedişində də. Müharibədən sonra Azərbaycanın hə­yata keçirdiyi lokal xarakterli antiterror əməliyyatından sonra da ermənipərəstliyi onun fəaliyyətinin səmtinin göstəricisi oldu.  

AŞPA 2023-cü il oktyabrın 23-də “Dağlıq Qarabağda humanitar vəziyyət” adlı qətnamə qəbul edib. Həmin qətnamənin 23-cü bəndində təşkilat açıq-aşkar Azərbaycanı təhdid edərək, 19 sent­yabrda həyata keçirilən lokal xarakterli anti-terror əməliyyatlarını hərbi əməliyyatlar kimi qiymətlən­dirərək, “Dağlıq Qarabağın erməni əhalisinin humanitar vəziyyəti”ndən ciddi narahatçılıq ifadə etdi,  Azərbay­can nümayəndə heyətinin etimadnaməsini 2024-cü ilin ilk iclasında tanımamaqla hədə­lədi. Bu qərəz­li­yə dünya dövlətləri ciddi münasibət bildirmədi. Bu Şura Ermənistanı dəstəkləyənlərin şurası­dır­sa, adını dəyişsinlər, dünyəvi siyasətə xidmət edirsə, fəalyyətini bəşəriliyə yönəltsinlər. Yoxsa dün­ya ədalət, haqq, nizam adlı Arximed nöqtəsini itirəcəkdir...

Belə bir təşəbbüs qəfil yaranmazdı, bir deputatın təklifi ilə dini radikalizmə söykənən belə bir təklif qəbul edilə bilməzdi. Təşəbbüs qalmaqallı təşəbbüsdür. Hər qalmaqal arxasında ciddi  qarşı­dur­malar yarana bilər. Hər qarşıdurma illərlə çəkən münaqişələrin  başlanğıcı ola bilər. Avropa Şurası Parlament Assambleyası bunu bilmirmi? Bilir, bəs bildiyinin məsuliyyətini niyə tarixin axarına atmaq istəyir? Qalmaqallı təşəbbüs formal olaraq Almaniyalı deputat Frank Şvabe tərəfindən irəli sürülsə də, məsələnin arxasında AŞPA rəhbərliyinin özünün durduğu, sadəcə sosialistləri qabağa verdiyi dəqiq faktdır. AŞPA-nın sabiq və qüvvədə olan prezidentinin əleyhimizə səs verməsi təşkilat rəhbərliyinin mövqeyini ifadə edir.

Qoy AŞPA unutmasın ki, “arabanın kölgəsi” gödələcək, onda “iki əli olacaq, bir başı”, döy ki, döyəsən.

Normal (və ədalətli!) məntiq deyir ki, AŞPA-da Azərbaycana qarşı gedən proses təsadüfi deyil. AŞPA-nın davranışı Fransanın ölkəmizə qarşı kampaniyasının davamıdır.

Azərbaycan İkinci Qarabağ müharibəsində tarixi Zəfər qazandı. Bəşəri dövlətlər bu Zəfəri dəs­tək­lədi, qəlbi siyasi “xıltla” dolu olan dövlətlər bu Zəfəri qısqanmağa başladı. Niyə? Azərbaycanın ar­tan nüfuzuna görə, Ermınistanı məğlub etdiyinə görə, Cənubi Qafqazda Azərbaycanın nüfuzunun şə­rik­sizliyinə görə, Azərbaycanda milli-xəlqi, islami, bəşəri dəyərlər gərəkli səviyyədə yaşadıldığına gö­­rə, İkinci Qarabağ müharibəsinin işğalçılığa oxuduğu “ağır hökm” olduğuna görə, ... , bir də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müstəqil siyasətini, Ermənistanın məğlu­biy­yətini, tam suverenliyimizin bərpa olunmasını həzm edə bilmir.

2023-cü il aprelin 23-də Azərbaycan Respublikası tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulan­dan sonra Qərb təsisatları, habelə AŞPA dəfələrlə Azərbaycandan həmin sərhəd-buraxılış məntəqəsinin ləğv edilməsi tələbi də Avropanın niyyətinin göstəricisidir. Ermənistandan Azərbaycan əra­zi­sin­dəki qeyri-qanuni erməni silahlı dəs­tə­lərinə canlı qüvvə, silah-sursat, mina, digər hərbi təyinatlı va­si­tələr  daşınmasının qar­şı­sının alınması Avropanı niyə narahat edir? Avropa sülh, əmin-amanlıqmı is­tə­yir, müharibəmi? Müharibənin əleyhdarı kimi fikirlər səsləndirənin belə niyyətinə ciddi münasibət bildiril­mə­məsi də dünyanın sabahlarını gümanlamağa funksional panametr olmurmu?..

Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi, Aİ Komissiyasının vit­se-prezidenti Cozep Borrel Azərbaycana qarşı qərəzli mövqesi ilə tanınır. O, bu günlərdə Brüsseldə keçirilmiş Aİ Xarici Əlaqələr Şurasının yekunlarına dair mətbuat konfransı zamanı yenə də erməni sevgisini açıq-aşkar nümayiş etdirib. “Ermənistanın ərazi bütövlüyünün hər hansı pozulması yolve­rilməzdir. Bu, Azərbaycanla münasibətlərimiz üçün ciddi nəticələrə səbəb olacaq”, - deyən Aİ rəsmisi hətta Azərbaycanla Fransa arasında diplomatlarla bağlı baş vermiş məsələdə də Parisin mövqeyinə dəstək ifadə edib. Əslində, Borrelin ölkəmizə qarşı qərəz nümayiş etdirməsi ilk hal deyil. Bundan əvvəl də Aİ-nin ali nümayəndəsi erməni lobbisinin diktəsinə uyğun davranışlar sərgiləyib. Qarabağda keçi­ri­lən antiterror əməliyyatı zamanı da Borrel erməni separatçılarına açıq dəstək göstərib.

AŞPA-da mövcud olan böyük miqyaslı irqçilik, Azərbaycanofobiya və İslamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə da­yandırmaq qərarına gəlib. Bundan başqa, Azərbaycan Avropa İnsan Hüquqları Məhkəmə­si­nin  yurisdiksiyasından da çıxa bilər. Bu, Avropaya nə qazandıracaq? – Avropa nüfuz itirəcək, nüfu­zu­nu itirdikcə Avropanı “Qordi düyünləri” bürüyəcək. Bunu düşünürdünmü, Avropa?..