YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni hədəflərə doğru!

Abşeron rayonunda seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Abşeron rayonunda seçicilərlə növbəti görüş keçirilib.

Tədbirin əvvəlində Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra YAP-ın prezident seçkilərində namizədi cənab İlham Əliyevin 20 illik fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş olunub.

Görüşdə YAP Abşeron  rayon təşkilatının sədri Abbas Əliyev, YAP Veteranlar Şurasının üzvü Həsən Həsənov,  təşviqat qrupunun üzvləri Fərmayıl Vəliyev, şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılova  çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, Prezident İlham Əliyevin siyasi iradəsi Azərbaycanın daha da qüdrətlənməsinin, Cənubi Qafqazın lider dövlətinə, dünyada söz sahibinə çevrilməsinin leytmotivini təşkil edib.  Qürur hissi ilə deməliyik ki, Azərbaycana rəhbərliyinin ilk günündən öz fəaliyyətində sözlə əməlin mükəmməl vəhdətinin nümunələrini nümayiş etdirən cənab İlham Əliyevin yürütdüyü siyasətin mərkəzində ilk növbədə Azərbaycanın iqtisadi inkişafı, dünya birliyində malik olduğu layiqli mövqelərinin daha da gücləndirilməsi, Silahlı Qüvvələrimizin qüdrətlənməsi və döyüş imkanlarının artırılması, vətəndaşlarımızın sosial rifahının yüksəldilməsi və ən əsası, işğal altında olan torpaqlarımızın azad edilməsi kimi amillər dayanıb. 
Bu kimi ümummilli və strateji vəzifələrin yerinə yetirilməsi fonunda ötən 20  ilin mənzərəsi təsdiq edir ki, Prezident İlham Əliyev xalqımızın Ulu Öndəri, əbədiyaşar şəxsiyyət Heydər Əliyevin memarı və qurucusu olduğu müasir Azərbaycanı zirvələrə yüksəldib, Prezidentlik dövründə missiyasını layiqincə reallaşdırıb və bu gün də qətiyyətlə həyata keçirməkdədir. Bildirilib ki, bu seçkilər Prezident İlham Əliyevə yüksək etimadın növbəti bariz göstəricisi kimi tarixə düşəcək.

Natiqlər seçiciləri Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən, torpaqlarımızı işğaldan azad edən, erməni separatizminə son qoyan siyasətin davamına səs verməyə çağırıblar.

Görüş zamanı çıxış edən seçicilər fevarlın 7-də seçki məntəqələrinə gedərək xalqımıza Zəfər sevinci yaşadan cənab İlham Heydər oğlu Əliyevə səs  verəcəklərini bildiriblər.  

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.