YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qəhrəmanlıq səhifəsi

Rövşən Əhmədov

YAP Ağcabədi rayon təşkilatının sədri

Azərbaycan xalqı 1990-cı ilin Qanlı Yanvarını həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yaşadı. Qanlı Yanvar qırğını rus şovinistlərinin ermənilərlə ilə birgə apardıqları antiazərbaycan siyasətinin, tərkib hissəsi idi. Lakin imperiya cəlladları qanlı əməlləri ilə Azərbaycan xalqının iradəsini qıra bilmədilər. Qanlı Yanvar milli azadlıq hərəkatının daha da yüksəlməsinə və nəticədə Azərbaycanın yenidən müstəqilliyə qovuşmasına gətirib çıxardı.

20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilməsi məsələsi Ümummilli Lider Heydər Əliyevin sayəsində həllini tapmışdır. Yanvarın 21-də – faciənin ertəsi günü Heydər Əliyev Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək, xalqla birgə olduğunu bildirdi, 20 Yanvar faciəsinə siyasi qiymət verdi, onun hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu, Mərkəzin və o zamankı respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv olduğunu göstərdi.

1990-cı ilin iyulunda Moskvadan Vətənə qayıdan Heydər Əliyevin təşəbbüsü ilə həmin il noyabr ayının 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verən sənəd qəbul edildi. 

Azərbaycan Respublikası Prezidentinin “20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” 1994-cü il 5 yanvar tarixli Fərmanında Azərbaycan Respublikasının Milli Məclisinə Qanlı Yanvar hadisələri ilə bağlı xüsusi sessiyanın keçirilməsi məsələsinə baxmaq tövsiyə edildi. 1994-cü ilin fevral ayında Milli Məclisin xüsusi sessiyası 1990-cı il yanvarın 20-də Sovet Silahlı Qüvvələrinin Bakı şəhərinə və respublikanın bir neçə rayonuna yeridilməsini, nəticədə haqq və ədalətin müdafiəsi naminə küçələrə çıxmış silahsız adamların qəddarcasına qətlə yetirilməsini Azərbaycan xalqına qarşı totalitar kommunist rejimi tərəfindən hərbi təcavüz və cinayət kimi qiymətləndirdi. Xalq hərəkatını boğmaq üçün 20 Yanvar faciəsini təşkil etmiş Sovet İttifaqı Kommunist Partiyası, Sovet dövləti və hökuməti rəhbərliyinin, o cümlədən şəxsən Mixail Qorbaçovun Azərbaycan xalqına qarşı ağır cinayət törətdiyi qeyd olundu. Eyni zamanda, xalqa qarşı törədilən hərbi təcavüzə görə məsuliyyətin o dövrdəki respublika rəhbərliyinin üzərinə düşdüyü və onların Azərbaycan xalqına xəyanət etdikləri qeyd olundu.

Azərbaycan rəhbərliyi və müxalifəti həmin tarixi şəraitdə ümummilli maraqları şəxsi maraqların fövqünə qoymaq bacarığı nümayiş etdirə bilsəydi, antimilli və təxribatçı addımlar atmasaydı, Moskvanın Azərbaycan xalqına qarşı qanlı ssenariləri həyata keçirmək imkanı minimuma enə bilərdi.

20 Yanvar faciəsini törədənlər bu günədək hüquqi müstəvidə layiq olduqları cəzanı almamış olsalar da, müqəssirlər tarix, bəşəriyyət, eləcə də Azərbaycan xalqı qarşısında cavab verəcəklər.

Bu gün müstəqilliyimizin, suverenliyimizin, ərazi bütövlüyümüzün təmin olunması yolunda canlarından keçən şəhidlərimizin ruhu şaddır. 2020-ci ildə Azərbaycanın işğal edilmiş ərazilərinin azad edilməsi uğrunda həyata keçirdiyi hərbi əməliyyatlar zəfərlə nəticələndi. Antiterror əməliyyatları ilə suverenliyimiz və ərazi bütövlüyümüz tam təmin edilmişdir. Azərbaycan xalqı bir daha yenilməzliyini, məğrurluğunu dünyaya nümayiş etdirdi.