YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“20 Yanvar - qəhrəmanlıq salnaməsi”

Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatında 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar tədbir keçirilib.

Əvvəlcə “20 Yanvar - qəhrəmanlıq salnaməsi” mövzusunda əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

Tədbirdə çıxış edən YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, “20 Yanvar” İctimai Birliyinin sədri Sultan Əzimov, “Energetik küçəsi 5” ünvanı üzrə ərazi partiya təşkilatının sədri Ramiz Əhmədov və başqaları qeyd ediblər ki, 20 Yanvar faciəsi müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub. 1990-cı ilin Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyil, həm də ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir.

Çıxışlardan sonra rəsm və inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Ümumilikdə 34 nəfərin iştirak etdiyi rəsm müsabiqəsində birinci yerə 61 saylı tam orta məktəbin VI sinif şagirdi Alina Muxametşina, ikinci yerə 32 saylı tam orta məktəbin X sinif şagirdi Xədicə Gülməmmədova, üçüncü yerə isə 242 saylı tam orta məktəbin VIII sinif şagirdi Aylin Vəliyeva layiq görülüblər.

24 nəfərin iştirak etdiyi inşa müsabiqəsində isə birinci yerin qalibi 250 saylı tam orta məktəbin IX sinif şagirdi Nigar Kərimova, ikinci yerin qalibləri 1 saylı idman liseyinin VIII sinif şagirdi Duyğu Lətifova və 12 saylı tam orta məktəbin X sinif şagirdi Nuray Bayramlı, III yerin qalibləri 70 saylı məktəb-liseyin X sinif şagirdi Zəhra Qarayeva, 229 saylı məktəbin X sinif şagirdi Dilşad Yusubzadə və 10 saylı tam orta məktəbin X sinif şagirdi Fidan Quliyeva olublar.

45 müsabiqə iştirakçısı isə həvəsləndirici sertifikatlarla təltif edilib.

Qeyd edək ki, YAP Nizami rayon təşkilatı 20 Yanvar faciəsinin növbəti ildönümü ilə əlaqədar sosial aksiya keçirib. Aksiya iştirakçıları Nizami rayonu ərazisində yaşayan 20 Yanvar əlilləri və şəhid ailələrini ziyarət edib, onların qayğı və problemləri ilə maraqlanıblar.