YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalqın birliyi və milli ləyaqət hissi qalib gəldi

Malik Mirzəyev

YAP Lerik rayon təşkilatının sədri

Azərbaycan tarixinə Qanlı Yanvar kimi daxil olmuş hadisələri xalqımız 34 ildən sonra da həm ağrı-acı, həm də qürur hissi ilə yaşayır. 1990-cı il yanvarın 20-də Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda çox sayda şəhid verdi. Lakin onun iradəsi sınmadı və milli ruhu sarsılmadı. Həmin qırğın zamanı ümummilli mənafelərin müdafiəsi naminə canlarından keçərək şəhidlik zirvəsinə ucalmış Vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazdılar. Şəhidlər milyonlarla insanın çiynində son mənzilə yola salındı. Xalqın birliyi və milli ləyaqəti hissi top-tüfəngə qalib gəldi və bu, 20 Yanvarı səciyyələndirən ən mühüm məqamlardan biridir.

Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Mixail Qorbaçov başda olmaqla, cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın mübarizliyini, əyilməzliyini, məğrurluğunu bir daha nümayiş etdirdi. Ulu öndər Heydər Əliyev xalqına dayaq oldu. Qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilməsi məsələsi ümummilli lider Heydər Əliyevin sayəsində həllini tapdı. O vaxt Moskvada yaşayan Heydər Əliyevin yanvarın 21-də Azərbaycanın daimi nümayəndəliyinə gələrək bu kədərə şərik çıxması, sovet rəhbərliyinin Bakıda törətdiyi hərbi cinayəti pisləməsi xalqımıza böyük dayaq oldu. Bakıda kütləvi qırğın törətmiş SSRİ hakimiyyətini və Azərbaycanın yarıtmaz rəhbərliyini kəskin ittiham edən bəyanat verdi. Azərbaycan xalqının məruz qaldığı bu dəhşətli və amansız terroru dünyanın mütərəqqi qüvvələri də qətiyyətlə pislədi. Yalnız Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra 20 Yanvar hadisələrinin hüquqi müstəvidə əsl mahiyyəti açıqlandı. 1994-cü il yanvarın 12-də keçirdiyi müşavirədə ulu öndər Heydər Əliyev bu barədə deyirdi: “Xalqa təcavüz olunmuş, günahkarlar isə hələ müəyyənləşdirilməmişdir. Görünür ki, ötən yaxın illərdəki Sovetlər Birliyi, respublika rəhbərliyi, məsul şəxslər öz mənafeləri naminə bu böyük faciənin əsl mahiyyətini xalqa bəyan etməmişlər”. 1994-cü il martın 29-da ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə ali qanunvericilik orqanı – Milli Məclis səviyyəsində ilk dəfə hüquqi-siyasi qiymət verilib. O vaxtdan 20 yanvar Azərbaycanda hər il Ümumxalq hüzn günü kimi qeyd olunur. Hər il yanvarın 20-də rəsmi şəxslər, sıravi vətəndaşlar Şəhidlər xiyabanında 20 Yanvar faciəsi qurbanlarını ziyarət edirlər.

1990-cı ilin 19-20 yanvar tarixlərində Azərbaycan xalqı göstərdiyi qətiyyətlə nümayiş etdirdi ki, heç bir qüvvə bizim milli azadlıq uğrunda mübarizə əzmimizi qıra bilməz.  44 günlük müharibə və 2023-cü ildə həyata keçirilən bir günlük lokal antiterror tədbiri bir daha xalqımızın yenilməz, məğrur olduğunu dünyaya nümayiş etdirdi. Azərbaycan xalqı cənab İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşərək Qələbəni qazandı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin Vətən müharibəsində əldə edilmiş Tarixi Zəfər ilə həm də 20 Yanvar şəhidlərinin narahat ruhları dinclik tapdı.