YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın gələcək hədəfləri

Cavid Osmanov

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində Prezident İlham Əliyev bir çox məsələlərə aydınlıq gətirdi, ölkəmizin keçdiyi uğurlu inkişaf yoluna nəzər saldı, eyni zamanda, gəlcək planlardan danışdı. Ölkə başçısı vurğuladı ki, müstəqilliyimizin ilk iki ili əyani şəkildə göstərir ki, güclü lider olmadan və düşünülmüş siyasət olmadan istənilən ölkə, xüsusilə gənc müstəqil ölkə çox ciddi təhlükələrlə üzləşə bilər. Azərbaycanın bugünkü dövlətçilik prinsipləri məhz 1993-2003-cü illər ərzində bərqərar olundu və ölkəmizdə vətəndaş cəmiyyəti yaradıldı, eyni zamanda, xalq-iqtidar birliyi artıq önəmli bir amilə çevrildi. Prezident İlham Əliyev qeyd etdi ki, bugünkü reallıqları 2003-cü illə yox, 1993-cü illə müqayisə etməliyik, çünki məhz o tarixdən başlayaraq Azərbaycan inkişaf yoluna qədəm qoydu, sabitlik təmin edildi, vətəndaş müharibəsinə son qoyuldu və ölkəmiz beynəlxalq təcriddən çıxdı. Bugünkü Azərbaycan, sözün əsl mənasında, dünya miqyasında güclü ölkələr sırasındadır. Azərbaycan həm beynəlxalq aləmdə, həm regionda, eyni zamanda, daxili siyasət prioritetlərinin düzgün seçilməsində bir çox ölkələr üçün nümunə ola bilər.

Yerli televiziya kanallarına müsahibəsində Prezident İlham Əliyev ölkəmizə qarşı olan ikili standartlara da diqqət çəkərək bildirdi ki, dünyada beynəlxalq hüquq işləmir. Müasir dünyada biz bunu artıq çoxdan başa düşmüşük. Ancaq ədalətə inanmaq lazımdır. Ədalət isə özü-özünə gəlmir, ədaləti gərək təmin edəsən. Azərbaycan ədaləti beynəlxalq müstəvidə siyasi və diplomatik savaş apararaq əldə etdi. Beynəlxalq aləmin əsas oyunçuları ölkəmizi ittiham etməyə, Azərbaycana qarşı müxtəlif təzyiq mexanizmlərini işə salmağa çalışdılar.

8 noyabrda Üçtərəfli Bəyanatın qəbul edilməsini ölkəmiz üçün böyük siyasi uğur olaraq qiymətləndirən Prezident İlham Əliyev qeyd etdi ki, Şuşa işğaldan azad olunmasaydı, lazım olan şərtləri Azərbaycan o Bəyanata saldıra bilməzdi. Yəni, Qələbəmiz, güclü olmağımız imkan verdi ki, biz hətta bu məsələyə aid olmayan, xüsusilə Zəngəzur dəhlizi ilə bağlı şərtləri də oraya saldıraq. Ötən ilin 23 aprel hadisələri haqqında fikir bildirərkən isə ölkə başçısı vurğuladı ki, 23 aprel çox önəmli bir tarixdir və bu tarixdə bizim ərazi bütövlüyümüz tam bərpa edildi. Bütün sərhədlərə biz nəzarət etməyə başlamışdıq və bir daha göstərdik ki, bu torpaqların sahibləri bizik. Yeni Laçın-Xankəndi yolu marşrutunun müəyyən edilməsi, çəkilməsi çox önəmli hadisə idi və 23 aprel hadisələrinin elə bil ki, təməlini qoymuşdu.

Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində  diqqət çəkən məqamlardan biri isə Fransanın ölkəmizə qarşı tutduğu əsasız mövqe haqqında fikirləri oldu. Ölkə başçısı xatırlatdı ki, Azərbaycan-Fransa münasibətlərinin tarixinə nəzər salsaq, hər şeyin çox yaxşı başladığının şahidi olmaq olar. Həm 1990-cı illərdə, həm də artıq 2003-cü illərdən sonra münasibətlər kifayət qədər normal idi. Bütün hallarda balans qorunub saxlanılırdı. Balans, hətta Fransa tərəfindən İkinci Qarabağ müharibəsinə qədər pozulmuşdu və bu, görünür ki, Fransanın xarici siyasətində fundamental əsasların nəsil dəyişikliyi səbəbindən baş vermişdi. Öz ölkəsində və beynəlxalq arenada böyük nüfuz sahibi olan insanlar siyasət səhnəsindən getdilər və ümumilikdə, təsadüfi adamlar – populistlər, demaqoqlar gəldilər və bunun nə ilə nəticələndiyini hamımız görürük. Fransa ilə münasibətlərin gərginləşməsi artıq İkinci Qarabağ müharibəsi zamanı başladı. Həmin vaxt 44 gün ərzində Fransa Prezidenti dəfələrlə zəng edirdi və baş verənlərə öz münasibətini bildirirdi. Müharibə Prezident Makronun və ya hər hansı başqa şəxsin deyil, Putinin vasitəçiliyi ilə dayandırıldı. Üçtərəfli Bəyanat da Fransa, Azərbaycan və Ermənistan arasında deyil, Rusiya, Azərbaycan və Ermənistan arasında imzalandı.

Ölkə başçısı bildirdi ki, Fransa artıq heç bir başqa amillərlə maskalanmayaraq açıq şəkildə anti-Azərbaycan fəaliyyəti aparmağa başladı. Prezident Makronun Praqadakı görüşdə iştirakına razılıq verdik və başqa səviyyələrdə də təmaslar oldu - həm Fransa xarici işlər nazirinin Azərbaycana səfəri, həm də bizim nümayəndələrin səfərləri. Yəni, münasibətlər davam edirdi, amma antiterror əməliyyatından sonra bu münasibətlər mahiyyətcə dayandırıldı. Prezident İlham Əliyev Fransada Natəvanın heykəlinin təhqir edilməsinə diqqət çəkərək bunun  vandalizm aktı olduğunu, burada onların praktik olaraq ermənilərdən az fərqləndiklərini qeyd etdi. Çünki ermənilər Natəvanın Ağdamdakı məzarını qazıblar, heykəlini məhv ediblər.

Ölkə başçısı Fransız imperializminin müstəmləkə ölkələrində törətdiyi vəhşiliklər haqqında dünyanın xatırlayacağı faktların həddindən artıq çox olmasını da xatırlatdı. Buraya Əlcəzairdə indi də istifadə olunmayan böyük əraziləri zəhərləyən nüvə sınaqları daxildir. Həmçinin mina terrorunu da əlavə etmək olar, fransızların Əlcəzairdə basdırdıqları minalardan insanlar indi də həlak olurlar. Bir milyon yarım əlcəzairlinin soyqırımı və digər faktlar da var. Müstəmləkə ölkələrində başqa cinayətlər də törədilib və bu, əlbəttə ki, neokolonializmin rüsvayçı təzahürüdür. Bu gün Fransa müstəmləkələrə sahib olmağı, onları idarə etməyi, sıxışdırmağı, viran qoyulmuş ölkələrin bu müstəmləkə zülmündən qurtulmasına imkan verməməyi adi bir hal kimi qəbul edir. Ölkə başçısı həmçinin onu da bildirdi ki, Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan Fransanın dənizaşırı adlanan ərazilərinin nümayəndələrinin iştirakı ilə tədbirlər həyata keçirir. Onların hər cür təzyiqlərə məruz qalması bizə məlumdur. Qoşulmama Hərəkatında sədrliyimiz başa çatır, amma Bakı Təşəbbüs Qrupu yaşayacaq, biz fransız neokolonializminin ifşa olunmasını və fransız müstəmləkələrinin Fransanın zülmündən azad olunması prosesini dəstəkləyəcəyik.

Yerli televiziya kanallarına müsahibəsində Prezident İlham Əliyev 7 fevral 2024-cü ildə ölkəmizdə keçiriləcək Prezident Seçkilərinə də diqqət çəkərək bu seçkiləri zəruri edən amilləri də açıqladı. Ölkə başçısı vurğuladı ki, artıq suverenliyimiz tam bərpa olunub. Sentyabr ayında Azərbaycan elə bir dövrə yekun vurdu ki, bu, epoxal bir hadisədir. Yəni, Azərbaycanın çoxəsrlik tarixində buna oxşar Zəfər olmamışdır. Bütün amilləri - siyasi, hərbi və 30 illik işğalı, ərazinin relyefini, müdafiə xətlərinin çox olmasını nəzərə alsaq bu, xalqımızın, dövlətimizin ən parlaq Qələbəsidir. 30 il ərzində işğal altında olmuş ərazilərin işğaldan azad edilməsi və suverenliyi tam bərpa etməyimiz yeni dövrün başlanğıcı idi. Prezident İlham Əliyev qeyd etdi ki, ilk dəfə olaraq müstəqil həyatımızda seçkilər ərazilərimizin hər bir yerində keçiriləcək. Prezident seçkiləri bütün digər seçkilərlə müqayisədə ən vacib seçkilər olduğu üçün bütün ərazilərdə keçiriləcək birinci seçkilər prezident seçkiləri olmalıdır. 7 fevral 2024-cü ildə keçiriləcək Prezident Seçkiləri eyni zamanda, xronoloji bir dövrü də əsaslandırmış olacaq.

Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində həmçin ölkəmizin beynəlxalq əlaqələrindən, həyata keçirilən enerji layihələrindən, eləcə də uğurla icra olunan Böyük Qayıdış proqramından, bir sözlə Azərbaycanın gələcək hədəflərindən də geniş bəhs etdi.