YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əməkdaşlıq məkanı

Anar Nəbiyev

YAP Qazax rayon təşkilatının sədri

Azərbaycan 30 il torpaqlarının işğaldan azad edilməsi istiqamətində səylər göstərdi. Ədalət və beynəlxalq hüquq Azərbaycanın tərəfində olsa da əksər dünya güclərinin ikili standartlara əsaslan siyasəti nəticəsində Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası haqqında düşünmədi, beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymadı, əksinə bu diqqətə və qayğıya arxalanraq yeni ərazilər uğrunda müharibə planları hazırladı. 30 ildə Ermənistana işğalçılıq siyasətinə görə təzyiqlər göstərilsəydi artıq tarixin arxivinə atılmış Qarabağ münaqişəsi sülh danışıqları əsasında həllini tapardı, müharibə baş verməzdi. O illərdə münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradılan keçmiş ATƏT-in Minsk qrupunun həmsədrləri olan ölkələr işğalçını adı ilə çağırmaq istəmədi, Ermənistanı müdafiə xarakteri daşıyan belə bir çağırışı səsləndirdilər ki, bu addım problemin həllinə maneçilik törədər. İşğalçını adı ilə çağırmaq istəməyən dünya gücləri münaqişənin ədalətli həllindən bəhs etdilər. Sonda baş verən 44 günlük İkinci Qarabağ müharibəsi 30 ilin reallıqlarının təqdimatı oldu. Azərbaycan Ordusu əksər dünya güclərinin icra edə bilmədiyi BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini təkbaşına icra etdi, torpaqlarımız işğaldan azad edildi və sübut olundu ki, ədalət və beynəlxalq hüquq var. Kiçik dövlətlərə ədalət və beynəlxalq hüquq dərsini keçən iri dövlətlərin özü bu prinsiplərdən xəbərsizdilər. Eyni vəziyyət postmünaqişə dövründə də yaşandı. Azərbaycan üç ildə sülh yolu ilə suverenliyimizin təmin olunmasına çalışdı. Lakin havadarlarının dəstəyinə arxalanan Ermənistan üzərinə düşən öhdəlikləri yerinə yetirmək barədə düşünmədi. Ötən ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Ordusunun həyata keçirdi bir günlük lokal antiterror tədbirləri nəticəsində suverenliyimiz tam təmin edildi, Xankəndidə, Xocalıda, Ağdərədə və Xocavənddə Azərbaycan Bayrağı ucaldıldı.  

Dövlət başçısı İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində bir daha bu reallıqlardan bəhs etmişdi. Bildirmişdir ki, Qarabağ məsələsində tamamilə haqlıydıq və heç kim bizi bu haqdan məhrum edə bilməz. Heç bir ölkənin daxili işlərinə qarışmırıq, heç vaxt qarışmamışıq. Hətta Ermənistanın daxili işlərinə də heç vaxt qarışmırdıq. Bizə qarşı olan ədalətsizliklərin təməlində Qarabağ məsələsinin həll olunmaması dayanmışdır. Çünki daim bizi təzyiq altında saxlamaq, Azərbaycanı diktatura, avtokratiya, demokratiyanı əzən bir ölkə kimi göstərmək ki, başımız buna qarışsın, gecə-gündüz özümüzü müdafiə edək, yaxud da gedək onların qabağında baş əyib deyək ki, bizə sataşmayın.

O da qeyd edildi ki, hər zaman haqlı olmağımızda tam əmin idik. Niyyətimiz sərhədimizi mühafizə etmək idi. Elə təpələr əlimizdə olmalı idi ki, ermənilərin planlarını gözümüzlə görək.

Reallıq budur ki, gücümüz cəmiyyətin və xalqın birliyindədir. Bu birlik olmasaydı heç vaxt müharibəni uda bilməzdik. Bu Zəfəri şərtləndirən xalqın ruhu idi. Əsgəri qabağa göndərən də xalqın ruhu idi. Nə qədər silahın, ordun peşəkar təlimlərdə olsa, əgər ruh yoxdursa, heç bir təpəni də götürə bilməzsən.

Azərbaycan daim ədalətin və beynəlxalq hüququn yanında olub, bütün münaqişəli məsələlərin bu prinsiplər əsasında çözülməsinə səy göstərir. Hazırda ölkəmiz Ermənistana təklif etdiyi sülh müqaviləsinin imzalanması istiqamətində üzərinə düşən bütün öhdəlikləri yerinə yetirib və bunu qarşı tərəfdən də tələb edir. Beynəlxalq hüququn beş əsas prinsipini özündə ehtiva edən sülh təklifini Ermənistan bununla bağlı müxtəlif formatlarda və məkanlarda keçirilən görüşlərdə dəstəkləyib, sülh müqaviləsinin imzalanmasının vacibliyini bəyan etsə də, Fransa kimi dövlətlərin göstərişinə əsaslanaraq real addımın atılması prosesini uzadır. Dövlət başçısı İlham Əliyev sözügedən müsahibədə bu məqamları da xüsusi qeyd etdi. Bildirildi ki, Fransanın siyasəti Qafqazda gərginliyin artmasına səbəb olur. Bu gün Ermənistanı silahlandıran, onlara ürək-dirək verən, onların hərbçilərini hazırlayan və növbəti müharibəyə hazırlayan ölkə Fransadır. Cənab İlham Əliyev, həmçinin qeyd etmişdir ki, Ermənistan sülh müqaviləsinin zəmanətçilərinin olmasını istəyir. Azərbaycan hesab edir ki, buna heç bir ehtiyac yoxdur. Bu, iki suveren dövlət arasında imzalanacaq sülh müqaviləsidir. Orada heç bir zəmanətçilərə ehtiyac duyulmur və əgər bu, ikitərəfli formatda imzalanacaqsa, imzalanmalıdır.

Sülh müqaviləsinin imzalanması regionda dayanıqlı sülhü və təhlükəsizliyi təmin edər ki, bu da öz növbəsində yeni əməkdaşlıq formatlarının yaradılmasında əsas şərtlərdən biridir. Azərbaycan həmişə olduğu kimi bu gün də əməkdaşlıq məkanı kimi dünyanın diqqətindədir.