YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Biz haqlıyıq

Həbib Cəfərov

YAP Astara rayon təşkilatının sədri

Artıq yeni ilə yeni hədəflərlə qədəm qoymuşuq. 2024-cü ilin ikinci ongünlüyünü yaşayırıq. Dövlət başçısı İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində Azərbaycanın 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra inkişaf, tərəqqi yolunda inamla irəliləməsindən geniş bəhs edərək diqqəti son 20 ilin uğurlarına yönəltdi.  Bildirdi ki, son 20 ilin tarixi göz qabağındadır və əsas məsələ ondadır ki, 2003-cü ildə Azərbaycan xalqı düzgün seçim etmişdi: “Çünki hesab edirəm ki, müstəqil tariximizin ən həlledici məqamı məhz 2003-cü il idi. Çünki o vaxt ölkəmizin gələcəyi ilə bağlı konseptual yanaşma tam özünü təsdiqləmişdi, yəni, Heydər Əliyev siyasəti davam etdirildi. Əgər tarix başqa istiqamətdə getsəydi, bilmək olmaz, xalqımız, dövlətimiz hansı bəlalar, faciələrlə üzləşə bilərdi. Hər halda, müstəqilliyimizin ilk iki ili əyani şəkildə göstərir ki, güclü lider olmadan və düşünülmüş siyasət olmadan istənilən ölkə, xüsusilə gənc müstəqil ölkə çox ciddi təhlükələrlə üzləşə bilər. 2003-cü ildə əsası 1993-cü ildə qoyulmuş siyasətə bir daha dəstək verildi.”

Azərbaycan 2003-cü ildən möhkəm təmələ söykənərək uğurla inkişaf edir. Dövlət başçısı İlham Əliyevin təkmil islahatları, dövrün tələblərini özündə əks etdirən siyasəti ölkəmizə davamlı uğurlar qazandırır. Azərbaycan bütün sahələrdə yenilikləri ilə diqqətdədir. Ölkəmizin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi bütün sahələrdə uğurlu nəticələrə yol açır. Azərbaycanın uğurlarının zirvəsində dayanan tarixi Zəfərimiz, ondan üç il sonra ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin edilməsi özündə mühüm məqamları ehtiva edir. İlk olaraq onu qeyd etməliyik ki, Azərbaycan siyasətində ədalətə və beynəlxalq hüquqa xüsusi önəm verməklə nüfuzunu daha da artırır. 30 ilin əsas hədəfi bu idi ki, torpaqlarımız işğaldan azad edilsin, soydaşlarımız dogma yurd-yuvalarına qayıtsın. Artıq bu hədəfimizin reallığa çevrilməsi ilə işğaldan azad edilmiş ərazilərimiz  quruuluq meydançasına çevrilib. 20 ilin uğurlarını bir yazıda əhatə etmək mümkünsüzdür. Cənab İlham Əliyevin müsahibəsində qeyd etdiyi kimi, əgər biz bu haqda geniş danışsaq, yəqin ki, bütün müsahibəni buna həsr etməli olacağıq: “Sadəcə olaraq, onu demək istəyirəm ki, bugünkü Azərbaycan, sözün əsl mənasında, dünya miqyasında güclü ölkələr sırasındadır. Hesab edirəm ki, bu, həm beynəlxalq aləmdə, həm regionda, eyni zamanda, daxili siyasət prioritetlərinin düzgün seçilməsində bir çox ölkələr üçün nümunə ola bilər. Bu, təkcə mənim fikrim deyil, mənim bəzi həmkarlarım da bu barədə kifayət qədər açıq danışıblar.”

Bu gün ölkə qarşısında yeni vəzifələr dayanır. Sentyabra qədər gedilən yolu məqsədyönlü yol kimi dəyərləndirən cənab İlham Əliyev bildirmişdir ki, istər siyasi, istər hərbi, istərsə də ölkəmizdə gedən proseslər nöqteyi-nəzərindən suverenliyimizin tam təmin olunması bütün işlərimizin son nidası idi: “Bu gün biz 2024-cü ilə suverenliyini tam bərpa etmiş ölkə kimi, xalq kimi başlayırıq. Hesab edirəm ki, müasir tariximizin yeni dövrü məhz sentyabrın 20-dən sonra başlayır.”

Cənab İlham Əliyev suverenliyimizin bərpasından sonra oktyabrın 15-də Xankəndidə, Xocalıda, Ağdərədə və Xocavənddə Azərbaycan Bayrağını ucaldan zaman keçirdiyi hissləri də bölüşdü: “Təbii ki, Xocalıda bayrağı qaldıranda fikirləşirdim, bax, bu gün biz tam əminliklə deyə bilərik ki, Xocalı qurbanlarının qanı yerdə qalmadı. Xocalıda bayrağın qaldırılması daha da həyəcanlı idi, onu açıq deyə bilərəm. Xankəndidə isə bayrağın qaldırılması ədalətin tam bərpası idi və Zəfərimizin son nöqtəsi idi.”

Azərbaycan xalqı xoşbəxt xalqdır ki, qalibiyyəti ilə dünyaya səs salıb. Ən əsası dünya tarixi Zəfərimizin əsasında bu reallığı təsdiqlədi ki, ədalət və beynəlxalq hüquq mövcuddur. Bu günədək bu prinsiplərin zamana və məkana görə tətbiqi dünyada bir etimadsızlıq mühiti formalaşdırıb. Azərbaycan hər zaman dövlətlərarası münasibətlərin inkişafında etimad quruculuğu prosesini vacib amil kimi qeyd edir. Cənab İlham Əliyev müsahibədə bu çağırışı etmişdir ki, ədalətə inanmaq lazımdır. Sağlam cəmiyyətin yaranması və möhkəmlənməsi üçün bu amil çox önəmlidir. Ona görə ədalətə inanmaq üçün əsas olmalıdır. Ədalət özü-özünə gəlmir, ədaləti sən gərək təmin edəsən. Müasir dünyada biz bunu artıq çoxdan başa düşmüşük.

Bu reallıq da inkaredilməzdir ki, dünyada beynəlxalq hüquq işləmir. Bu mexanizmlər ancaq zəif ölkələr üçün işə salınır. Böyük dövlətlər buna məhəl qoymur. Onlar üçün sanki qanun qanun deyil, beynəlxalq hüquq hüquq deyil. Belə olan halda, ədaləti tələb edən ölkələr bu ədaləti özləri təmin etməlidir.

Azərbaycan 30 il dünyadan ədalət gözlədi. Hər addımda dünyanın ikili standartlara əsaslanan siyasətinin yaratdığı problemləri öz üzərində hiss etsə də heç zaman ruhdan düşmədi. Əksinə real faktlara, tarixi həqiqətlərə əsaslanan təbliğatı ilə erməni yalanlarını ifşa etdi. Xalqımız tam əmin idi ki, ədalət gec-tez zəfər çalacaq. Cənab İlham Əliyevin böyük qürur hissi ilə qeyd etdiyi kimi, Azərbaycan xalqına qələbə yaraşır.

Azərbaycanın gücü beynəlxalq səviyyədə etiraf olunan reallıqlar sırasındadır. Haqlı olduğunu əsaslı şəkildə diqqətə çatdıran Azərbaycandan fərqli olaraq Ermənistan yalanlarını həqiqət kimi dünyaya sübut etməyə çalışdı. Unutdu ki, danışan faktlardır. İşğalçı dövlət hər zaman fakt qarşısında aciz duruma düşür. “Gücümüzün əsas mənbəyi haqlı olmağımızdır” söyləyən dövlət başçısı İlham Əliyev bildirmişdi ki,  çünki  haqlıyıq və istənilən auditoriyada, tədbirdə öz haqlı olmağımızı sübut etmək üçün kifayət qədər əsaslarımız var. Qarabağ məsələsində  tamamilə haqlıydıq və heç kim bizi bu haqdan məhrum edə bilməz.