YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan dünya miqyasında güclü ölkələr sırasındadır

Şəhla Abdullayeva

YAP Ucar rayon təşkilatının sədri

Tarixi Zəfərimizdən ötən üç ilin əsas hədəfləri işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işlərinin həyata keçirilməsi, Böyük Qayıdış Proqramının uğurlu icrası, eyni zamanda, ölkəmizin müdafiə qabiliyyətinin gücləndirilməsidir. Cənab İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində digər məsələlərlə yanaşı, qeyd olunan istiqamətlərdə əldə olunan uğurlu nəticələrdən və onların əsasında qarşıdakı dövr üçün müəyyənləşdirilən hədəflərdən geniş bəhs etmişdir.

Son üç ildə Qarabağ və Şərqi Zəngəzur dirçəlir. Bərpa-quruculuq işləri soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışları ilə müşaiyət olunur. Bu müddətdə Füzuli və Laçın şəhərlərinə, Ağalı, Talış və Zabux kəndlərinə mərhələ-mərhələ soydaşlarımızın qayıdışı həyata keçirilib. Bu il də davam etdiriləcək. Cənab İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizdə görülən işlərin, icra edilən infrastruktur layihələrinin nəticəsində belə bir inamı ifadə etmişdir ki, bu il daha böyük sayda keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdacaq.  Bu il vətəndaşlarımız Şuşa, Cəbrayıl, Kəlbəcər, Xankəndi və Xocalı şəhərlərinə qayıdacaq. Ağdam, Zəngilan, Qubadlı şəhərlərinə isə keçmiş məcburi köçkünlərin 2025-ci ildə qayıtması nəzərdə tutulur. Bununla paralel olaraq bir çox kəndlərdə inşaat davam edəcək, bir neçə kəndə keçmiş köçkünlər qayıdacaqlar. Laçın rayonunun Sus kəndi hazır olacaq. Xocalı rayonunun Kərkicahan, Malıbəyli, Turşsu kəndlərinin də bərpasına artıq start verilir. 140 min keçmiş köçkün yaxın üç il ərzində öz dədə-baba torpaqlarına qayıdacaqdır. Hədəfimiz 2026-cı ilin sonuna qədər 140 min keçmiş köçkünü öz dədə-baba torpaqlarına qaytarmaqdır. Bütün bunlar daxili imkanlar hesabına edilir.

Bu hədəf də açıqlandı ki, özəl sektor Qarabağa və Şərqi Zəngəzura daha fəal investisiya qoymalıdır. Artıq Hadrut qəsəbəsində, Daşaltı kəndində və Ağdam şəhərində bir neçə layihə özəl sektor tərəfindən icra edilir. Bildirildi ki, bu gün işğal altında qalan səkkiz kəndin məsələsi daim gündəlikdədir. Bu məsələ ətrafında davamlı olaraq müzakirələr aparılır. Delimitasiya ilə bağlı komissiyaların gündəliyində  bu məsələ dayanır.

Dövlət başçısı İlham Əliyev yeni dövrün yeni hədəflərinin olmasına çağırış edərək bildirmişdir ki, yeni dövrə köhnə hədəflərlə gedə bilmərik. Çünki o hədəflər artıq əldə edildi və indi bəzi ölkələr var ki, öz tarixi keçmişini, tarixi uğurları illər boyunca, onilliklər ərzində istismar edirlər. Halbuki onların özlərinin o zəfərlərə heç bir aidiyyəti yoxdur: “Yəni, biz o ölkələrdən olmaq istəmirik. Biz nə etmişiksə etmişik, xalq da bunu qiymətləndirir və qiymətləndirəcək. Ancaq bu tarixi Zəfəri də bundan sonra daim istismar etmək düzgün olmaz. Çünki birincisi, siyasi nöqteyi-nəzərdən düzgün olmaz. İkincisi, cəmiyyətdə elə bir sakitləşmə ovqatı da yaradılmamalıdır. Birincisi, biz hər zaman çox ayıq olmalıyıq, çünki bizə qarşı olan hərəkət, dediyimiz bu məsələlərlə bitməyəcək, bundan sonra da davam edəcək. Çünki biz dünya miqyasında çox böyük layları tərpətdik. Bəlkə də təhlilçilər görürlər ki, bizim Zəfərimizin bəzi ölkələr üçün fəsadları onlara çox baha başa gəlib. Böyük layları tərpətdik biz. Elə bir Zəfər çaldıq ki, bu, lokal əhəmiyyətli məsələ deyil. Bu, bir növ beynəlxalq gündəliyin əsas məsələlərinin birinə çevrilibdir.”

İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdən sonra postmünaqişə dövrünün hədəfləri açıqlanarkən daha güclü ordu yaradılacağı xüsusi qeyd edilmişdir. Ermənistanda revanşist qüvvələrin baş qaldıracağı inkar edilmirdi. Azərbaycan Ordusunun bu illərdə həyata keçirdiyi “Qisas”, “Qətiyyətli cavab” kimi əks-hücum əməliyyatları və onların uğurlu nəticələri də bunu bir daha təsdiqlədi. Azərbaycan ordusunun gücünün, qüdrətinin, döyüş qabiliyyətinin artırılması hər zaman prioritet məsələ olub. “Biz son üç il ərzində böyük yol keçmişik. İndi bunların hamısını demək yəqin ki, düzgün olmaz, amma mətbuatda olan məlumat kifayətdir” söyləyən cənab İlham Əliyev onu da əlavə etmişdir ki, yeni silahlı birləşmələr antiterror əməliyyatında çox önəmli rol oynamışdılar. Ordumuz yeni texnika, yeni sursatlar, ən müasir avadanlıq ilə təchiz edilib. Bu il müdafiə sənayesi kompleksinin nəzdində olan zavodlarımıza həm dövlət, həm özəl sektor tərəfindən ən azı bir milyard manat investisiya qoyulacaq: “Yəni, biz özümüzü daha böyük həcmdə lazım olan vasitələrlə təmin edəcəyik. Yəni, biz heç vaxt sakitləşə bilmərik. Bizim ordu quruculuğu prosesi davam edəcək və Ermənistan da bilməlidir, o, nə qədər silah alsa da, onlara nə qədər ürək-dirək versələr də, əgər bizə qarşı hər hansı bir təhlükə mənbəyi olsa, biz dərhal o təhlükə mənbəyini məhv edəcəyik. Mən bunu gizlətmirəm ki, sabah heç kim deməsin nəsə gözlənilməz oldu. Qoy eşidən eşitsin ki, biz görsək, bizə qarşı real təhlükə, o Fransanın sınıq-salxaq “Bastion” maşınları, o konserv bankaları yox, real təhlükə yaransa, biz preventiv addımlarla o təhlükəni istənilən nöqtədə məhv edəcəyik.” Dövlət başçısının çağırışlarında bu mühüm məqam xüsusi yer tutur ki, daim irəliyə doğru addımlamalıyıq. Ancaq yeni konseptual inkişaf strategiyamız, milli ideologiyamızın yeni istiqamətləri və əldə edilmiş uğurlarla sakitləşmək sanki müəyyən durğunluğa gətirib çıxara bilər.

Azərbaycan hər bir sahədə zəngin təcrübəyə malik olmaqla yanaşı, o sahənin prioritetliyini təmin etmək və uğurlara nail olmaq üçün daha böyük səylər göstərir. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bugünkü Azərbaycan, sözün əsl mənasında, dünya miqyasında güclü ölkələr sırasındadır. Bu, həm beynəlxalq aləmdə, həm regionda, eyni zamanda, daxili siyasət prioritetlərinin düzgün seçilməsində bir çox ölkələr üçün nümunə ola bilər.