YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müzəffər Sərkərdə

Ülvi Fərzəliyev

YAP Neftçala rayon təşkilatının sədri

Ümummilli Lider Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan son üç ildə tarixi Zəfərlə, eyni zamanda, bu Qələbənin yaratdığı reallıqlarla dünyanın diqqətindədir. Əsası Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu prosesi Müzəffər Ali Baş Komandan İlham Əliyevin ötən 20 illik fəaliyyəti ərzində özünün inkişaf dövrünü keçmiş və xalqımıza tarixi qələbə bəxş etmişdir.

Müzəffər Azərbaycan ordusu Ali  Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı Ermənistanın işğalçı qüvvələrindən azad etmək kimi müqəddəs vəzifəni şərəflə yerinə yetirmişdir. Noyabr ayının 8-də qədim Azərbaycan şəhəri, Qarabağın incisi Şuşanın müasir hərb elminin ən nadir və unikal əməliyyatlarından birinin həyata keçirilməsi nəticəsində azad olunması düşmənin müqavimət potensialını heçə endirdi. Nəticədə noyabr ayının 10-da  Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putin, Ermənistanın baş naziri Nikol Paşinyanın imzaladığı  üçtərəfli bəyanat  regionda uzunmüddətli münaqişənin hərbi fazasını başa çatdırdı və faktiki olaraq işğalçı Ermənistan dövlətinin kapitulyasiya aktı oldu. Noyabr ayının 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabr ayının 1-də isə Laçın rayonu bir güllə belə atılmadan, bir nəfər şəhid belə vermədən işğaldan azad olundu.

8 Noyabr-Zəfər Günü xalqımızın qürur mənbəyinə çevrilmiş şanlı tarixdir. Həmin tarixin üç qəhrəmanı vardır: Müzəffər Ali baş Komandan, onun formalaşdırdığı yenilməz ordu və dəmir yumruğa çevrilmiş xalq. Bu reallıqda Prezident+Ordu+ Xalq sözləri sinonimləşmiş, tarixi Zəfərin simvollarına çevrilmişdir.

Bu tarixi zəfəri ilə Prezident İlham Əliyev öz adını müzəffər sərkərdə olaraq təkcə mənsub olduğu ölkənin deyil, dünyanın hərb tarixinə əbədi olaraq həkk etdi. Bu tarixi qalibiyyətin nəticəsində ordumuzun yenilməzliyi, qüdrəti  və vətənpərvərliyi sözdə deyil, qanlı döyüş meydanlarında sübuta yetirildi. Tarixi zəfər nəticəsində təkcə ərazi bütövlüyümüz və suverenliyimiz təmin olunmadı, həm də erməni faşizminə ölümcül zərbə endirildi.  Eyni zamanda, Ermənistanın və dünya ermənilərinin son 30 il ərzində sitayiş etdikləri “miatsum ideologiyası”-İrəvan və Qarabağ ermənilərini vahid dövlət tərkibində görməyi hədəfləyən, bu prosesdə qonşu Gürcüstan ərazisinə də ilhaq zonası kimi yanaşan irticaçı ideya iflasa uğradı.  

Azərbaycan 30 illik münaqişəni hərbi-siyasi yollarla həll etdi, ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Dağlıq Qarabağ münaqişəsi keçmişdə qaldı. Düşmən istilasından, belə demək mümkünsə tufanından, qasırğasından son nəfəsində qurtulmuş ərazilər, hər tərəfdə dağılmış, viran qoyulmuş, xarabazara çevrilmiş kəndlər, şəhərlər bu gün dövlətimizin sayəsində gülüstana dönür. Cənnət Qarabağın gözəlliyi, füsunkarlığı özünə qayıdır. İndi bu yerlərdə silah səslərini qurub-yaradan insan səsi, nəfəsi əvəzləyir. Həmin ərazilərdə bərpa-quruculuq işlərinin aparılması, yeni infrastrukturların yaradılması, sərmayələrin cəlb edilməsi və digər mühüm amillərin yüksək səviyyədə təmin olunması əhəmiyyətli şərtlərdəndir. Bütün infrastrukturun yaradılması - avtomobil və dəmir yollarının çəkilməsi, yeni hava limanlarının tikilməsi, şəhərlərin baş planlarının hazırlanması və digər addımlar görülən işlərin sistemli xarakter daşıdığını göstərir.

Böyük Qayıdışın - layiqli və dayanıqlı məskunlaşmanın vaxtında, yüksək səviyyədə təmin olunması böyük əhəmiyyət kəsb edir. “Ağıllı şəhər”, “ağıllı kənd” layihələrinin həyata keçirilməsi regional inkişafın yeni nümunəsinin yaradılmasıdır. Sakinlər üçün rahat həyat şəraitinin və əlçatanlığın təmin olunmasına xidmət edən bu layihələr həm də vətəndaş məmnunluğunun artırılması baxımından çox önəmlidir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun 44 günlük Vətən müharbəsində qazandığı Zəfər nəticəsində torpaq həsrətini çəkən keçmiş məcburi köçkün həmvətənlərimiz artıq doğma yurdlarına qayıdırlar. Prezident İlham Əliyev çıxışlarının birində bu barədə deyib: “Biz sübut etdik ki, biz böyük xalqıq. Biz sübut etdik ki, biz həmrəylik göstəririk, birlik göstəririk və bu birlik onsuz da cəmiyyətdə var idi. Ancaq bu zəfərdən sonra bu, daha da yüksək səviyyəyə qalxdı. Bu birlik bizə imkan verəcək ki, işğaldan azad edilmiş torpaqlara yenidən həyat qaytaraq, məcburi köçkünlərimizi o yerlərə maksimum qısa müddət ərzində qaytaraq. Qarabağ bölgəsi, gözəl tarixi diyarımız sanki yenidən doğulacaq, yenidən canlanacaq, dirçələcək. Azərbaycanın ayrılmaz hissəsi və ən gözəl güşələrindən biri olan Qarabağ əsl cənnət məkanına çevriləcəkdir”.