YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bu siyasət Azərbaycanı daha nurlu sabahlara aparır

Səbinə Xasayeva

Milli Məclisin deputatı

Xalq böyük qüvvədir. Xalqın etimadı da böyük qüvvədir. SSRİ kimi nəhəng imperiyanı xalqın gücü çökdürdü. Azər­baycanda hakimiyyət boşluğu yarananda, separatçılığa görə dövlətin parçalanması, döv­lət­çiliyin iti­rilməsi təhlükəsi yarananda da xalq nəyə qadir olduğunu təsdiqlədi, dövlətçili­yi­miz də ya­şa­dı, dövlətimiz də parçalanma təhlükəsindən xilas oldu. Xalq İkinci Qarabağ müha­ri­bəsində gücünü Azər­baycan Respublikasının Prezidenti İlham Əliyevin siyasətinin, əsgər kimi sərkərdəli­yi­nin əs­gərinə çevirdi. Və tarixi Zəfər qazanıldı!.

Böyük tarixi şəxsiyyət Heydər Əliyev hakimiyyətdə olduğu dövrdə xalqa inanırdı, xalqa güvə­nir­di, Azərbaycanı düşdüyü siyasi vəziyyətdən xilas edəndə də xalqa güvəndi, xalqın gücü müd­rikliyin trium­fu­na çevrildi. Qısa müddətdə siyasi vəziyyət stabilləşdi, böyük beynəlxalq iqtisadi mü­qa­vilələr imza­lan­dı, ordu nizami ordu kimi formalaşmağa başladı. Obrazlı şəkildə desək, Azərbaycan dünyaya “Mən varam!” dedi...

Böyük tarixi şəxsiyyət Heydər Əliyev gənc siyasi lider, Azərbaycan Respublikasının Baş naziri İlham Əliyevə inanırdı. İnanırdı ki, zaman anlamında Azərbaycanın sabahlarını ona eti­bar etmək olar. Ulu Öndər Heydər Əliyev 2003-cü il oktyabrın 1-də xalqa müraciətində demişdi: “Üzümü Sizə - həm­və­tənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezi­den­t­liyə nami­zəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstək­ləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Par­ti­yası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Bu müra­ciət oğul haqqında deyil, Azərbaycan naminə müraciət idi. Xalq dahi tarixi şəxsiyyətin bu inamını böyük etimad bildi, 2003-cü il prezident seçkilərində bu inama səs verdi, İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu il oktyabrın 15-də Xankəndi şəhərində çıxışında dedi: “Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad gös­tə­rərək prezident seçkilərində Prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma mü­ra­ciət edərək söz vermişdim ki, Azər­baycan xalqının və Azərbaycan dövlətinin milli maraq­la­rını mü­da­fiə edəcəyəm, Azər­bay­canın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və “Qura­ni-Kərim”ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qar­şı­ma qoyduğum bütün vəzifələr icra edildi”.

 Bu günlər dünənlərin davamıdır. Zamanın dünənləri də yaddaşlardadı: İlham Heydər oğ­lu Əli­yev  1977-1982-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda təhsil alıb, 1982-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutun aspiranturasına daxil olub, 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi alıb. 1985-1990-cı illərdə Moskva Dövlət Beynəl­xalq Münasibətlər İnstitutunun müəllimi olub. 1991-1994-cü illərdə özəl biznes sahəsində çalışıb, bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib. 1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azər­bay­can Res­pub­likası Dövlət Neft Şirkətinin əvvəlcə vitse-prezidenti, sonra birinci vitse-prezidenti olub. 1995-ci və 2000-ci illərdə Azərbaycan Res­pub­likasının Milli Məclisinə üzv seçilib. 1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Pre­zidentidir. 1999-cu ildə Yeni Azərbaycan Partiyası sədri­nin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə partiyanın sədri seçilib. 2003-cü il avqus­tun 4-də Milli Məclisdə təsdiq edildikdən sonra Azərbaycan Respubli­ka­sının Baş naziri təyin olunub. Bu rəqəmlər dəyərli bir ömür yolunun azərbaycançılıqdan ke­çən ilmələridir. Hər biri sonrakı mərhələ üçün başlanğıc olub. Bu başlanğıc da xalqın xeyir-duası ilə süslənib...

Xalq İlham Əliyevi tanımışdı, onun azərbaycançılığına bələd idi, bu bələdlik inamla ta­­mam­la­nır­dı. Xalqın İlham Əliyevə münasibəti inam və sevgi, etimad, ümid və güvənc əsa­sın­da formalaşmışdı.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ulu Öndərin siyasi kursunu məsu­liy­yətlə, sədaqətlə, sevgilərlə davam etdirir. Azərbaycanın siyasi nüfuzu daha da artır. Bu, öz təsirini iq­ti­sadi münasibətlərdə də göstərir. Böyük tarixi şəxsiyyət Heydər Əliyevin başladığı beynəlxalq iq­ti­sa­di əlaqələr sistemi həm mahiyyət baxımından genişləndirilir, həm də forma baxımından. Dünyanın aparıcı dövlətləri Azərbaycanla daha intensiv əlaqələri möhkəmlətməyə indi də maraqlıdır. 

İqtisadi böhranlara, beynəlxalq təzyiqlərə və pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq Azərbaycan dövlətinin başçısının yüksək peşəkarlğı, xalqa arxalanma siyasəti Azərbaycanda yaşanan ümumxalq birliyinin təminatçısı oldu. Sonuncu prezident və parlament seçkilərindən sonra ölkəmizdə başlanan islahatlar yeni mərhələyə qədəm qoydu, bu mütərəqqi proses Prezident İlham Əliyevin rəh­bər­liyi altında əzmlə davam etdirilir.

Son dörd il ərzində siyasi partiyaların imzaladığı 9 birgə bəyanat və 3 müraciət uğurlu siyasi dialoqun və xalq-dövlət birliyinin təzahürü oldu. Siyasi partiyaların Ali Baş Komandan İlham Əliyevə dəstək ifadə edən birgə bəyanatların və müraciətlərin imzalanması həmrəyliyin inkişafı ilə yanaşı, daya­nıq­lı demokratik ənənələrin formalaşmasına da xidmət edən mütərəqqi təcrübədir. Partiyaların həmrəy­li­yi ölkəmizdə mövcud siyasi potensialın yalnız dövlətin inkişafına və milli maraqlara xidmət etdiyini göstərir.

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanmış ikitərəfli Bəyannamə iki ölkə və onun xalqları arasındakı dostluq və qardaşlığı ifadə etməklə, Azərbaycan Respublikası və Türkiyə Respublikası arasındakı mü­na­sibətləri keyfiyyətcə yeni, müttəfiqlik səviyyəsinə qaldırdı. Bəyannaməyə əsasən tərəflər xarici siya­sət sahəsində əlaqələndirməni və müntəzəm ikitərəfli siyasi məsləhətləşmələri həyata keçirir, həmçinin, bu istiqamətdə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası çərçivəsində birgə fəaliyyət göstərir. Tərəflər aktual xarakter kəsb edən, qarşılıqlı ma­­raq doğuran beynəlxalq məsələlər üzrə həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirərək yaxın və ya üst-üstə düşən mövqedən çıxış etməklə ikitərəfli əməkdaşlığı dərinləşdirəcəklər, BMT, ATƏT, Avropa Şurası, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı daxil olmaqla beynəlxalq və regional təşkilatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək göstərəcəklər.

Bu dönməz siyasi kursa görə gənclərin potensialından səmərəli istifadə olunur,  müasir, müstə­qil Azərbaycanın intensiv inkişafını təmin edən fundamental amillər bu siyasətlə üzvi şəkildə səsləşir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi tədbirlər gənc­lərin po­ten­­sia­­lı­nın gerçəkləşməsini, onların vətənpərvər, savadlı kadr kimi formalaş­masını, gənc ailələrin sosial təminatını əhatələyir. Bunun nəticəsidir ki, Azərbaycan gəncliyi Azərbaycan döv­lətçiliyinin dönməz mühafizəkarıdır. Azərbaycan gəncliyi Ulu Öndər Heydər Əliyevin tövsiyələrinə sədaqətlə əməl etmək­lə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi kursunu həyat amalı bilməklə Azərbaycan dövlətçiliyinin daha da möhkəmlənməsinin mühafizəkarıdır...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2005-ci il martın 26-da Yeni Azər­baycan Partiyasının III Qurultayında Partiyanın sədri seçildi. Cənab İlham Əliyev harda işləyibsə, isla­hat­çı kimi tanınıb. YAP sədri kimi də 2021-ci ildə YAP-da mahiyyət etibarı ilə dəyişikliklərə səbəb olmuş islahatlar təşəbbüsü ilə çıxış etdi. Martın 5-də Partiyanın VII Qurultayında yeni Nizamnamə təsdiq olundu, bununla da Partiya sədrinin birinci müavini vəzifəsi təsis edildi, İdarə Heyəti, Təftiş Ko­missiyası, Veteranlar Şurası, Gənclər Birliyi və Mərkəzi Aparat yaradıldı, Partiyanın yeni Proqramı qəbul edildi, kadr islahatlarına başlanıldı. Bütün bunlar cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbay­can­da plüralizmin, demokratiyanın, tolerantlığın daha geniş miqyaslı inkişafını təmin etdi. ..

Siyasi dialoqu və əməkdaşlıq mühitini təşviq edən Prezident İlham Əliyev qeyd edir: “Ümum­milli məsələlərdə heç bir fərqli fikir ola bilməz. Ümumi məsələlər Qarabağ məsələsidir. Ümumi məsələlər siyasi partiyaların fəaliyyətidir, demokratiyanın inkişafıdır, iqtisadi azadlıqların bərqərar olmasıdır, ölkəmizin güclənməsidir. Bu gün bu siyasi dialoq aparılır. Mən bunu çox təqdir edirəm. He­sab edirəm ki, ölkəmizin gələcək siyasi sisteminin təkmilləşməsi üçün bunun böyük əhəmiyyəti var”.

Azərbaycan “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində NATO-nun etibarlı və fəal tərəf­da­şıdır. Şərqlə Qərb arasında körpü rolunu oynayan Azərbaycan obyektiv möv­qeyi və çıxış etdiyi qlo­bal əhəmiyyətli təşəbbüslər sayəsində öz beynəlxalq statusunu davamlı şəkildə artırır. Bakının görüş və danışıqlar ünvanı kimi müəyyən olunması bilavasitə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin artan beynəlxalq nüfuzunun təzahürüdür.

Bakı–Tbilisi–Ceyhan (BTC) neft boru kəməri dünya dövlətləri ilə Azərbaycanın yeni münasi­bət­lərinin qurulmasına imkan yaratdı, ölkəmizin xarici siyasətinin güclənməsinə və inkişaf etməsinə zəmin hazırladı. 2006-cı il iyulun 13-də Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük enerji layihəsi olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli açılış məra­si­mi keçirildi. Azərbaycanın iqtisadi siyasətinin ən böyük uğurlarından sayılan BTC ölkəmizin Avra­si­ya regionunda mövqeyini xeyli gücləndirib, dövlətimizi Cənubi Qafqazın liderinə çevirdi. Bu gün BTC təkcə Azərbaycan üçün deyil, ümumilikdə beynəlxalq aləmdə enerji təhlükəsizliyi sistemi və neft ixracı sahəsində ölkəmizlə uğurlu tərəfdaşlıq edən dövlətlər üçün də müstəsna əhəmiyyət kəsb edən bir layihədir. BTC mühüm texniki-iqtisadi əhəmiyyətə malik olmaqla yanaşı, həm də böyük siyasi məzmun kəsb edir. Bunlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu və azərbaycançılığa əsaslanan siyasətinin nəticələridir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Bizim siyasətimizin mərkə­zin­də Azərbaycan vətəndaşı dayanır” fikri Azərbaycanda insan amilinə verilən dəyərin fəlsəfi mahiy­yə­ti­nin siyasi-sosial düsturudur. İqtisadiyyatın inkişafı və insanların sosial rifah halının yüksəl­dil­məsi məq­sə­dilə qəbul edilən qanun layihələri, imzalanan fərman və sərəncamlar Azər­baycanda “dünyanın əşrəfi” olan insana verilən yüksək mənəvi dəyərin təcəssümüdür...

Ümummilli lider Heydər Əliyev müasir Azərbaycanın dövlətçiliyinin memarı oldu, cənab İlham Əliyev bu dövlətçiliyi daha geniş miqyasda tanıtdı, ona böyük siyasi ehtiramlar qazandırdı...

Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə İkinci Qarabağ müharibəsində ərazilə­ri­miz Ermənistanın işğalından azad edildi, lokal xarakterli antiterror əməliyyatı ilə ərazi bütövlüyümüz tam bərpa olundu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinə başladı, bu prosesin davam etdiyi müddətdə ayrı-ayrı kəndlərə, qəsəbələrə qayıdış da gerçəkləşdi. Cənab İlham Əliyevin özünün dediyi kimi, verilən vədlərin hamısı gerçəkləşir...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanın daha nurlu sa­bah­la­rı­nın prezidentidir...