YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qazanılan qələbənin simvolu

Fəsli Nəbiyev

YAP Gənclər Birliyinin sədr müavini

Xankəndidə “Qarabağ”–MOİK oyununda Prezident İlham Əliyevin topa rəmzi toxunuşu qalib Azərbaycanın geopolitik müstəvidə qazandığı qələbənin simvoludur.

2020-ci ildə Prezident İlham Əliyev regionda dünyanın geopolitik nizamına təsir göstərən yeni reallıq yaratdı. Son 20 il ərzində dövlətimizin atdığı hər bir addım, həyata keçirilən siyasət yalnız bir hədəfə köklənirdi – ölkəmizin ərazi bütövlüyünü təmin edərək dövlət suverenliyini tam şəkildə bərpa etmək. Ötən dövr ərzində Azərbaycan özünün formalaşmış etibarlı tərəfdaş mövqeyi əsasında geopolitik nizamın əsas qüvvələrinə sübut etdi ki, bu torpaqların əsl və əzəli sahibi Azərbaycandır.

Qazanılan Qələbə status-kvoya xidmət edən bəyanatlarla, səfərlərlə və digər bu tipli faəliyyətlərlə əldə edilmir. Beynəlxalq hüququn, BMT qətnamələrinin icrası yalnız dövlətin öz iradəsi və qətiyyəti sayəsində mümkündür. Məhz Prezident İlham Əliyevin müdrik və dərin təhlilə əsaslanan qlobal liderliyi sayəsində beyinlərə əbədi işğal altında qalmış Qarabağ kimi təlqin edilməyə çalışılan, əsrlər boyu davam edən məkirli plan tarixin zibilliyinə göndərildi.

Artıq bir reallıq var – Qarabağ Azərbaycandır!

Qədim Azərbaycan diyarı Xankəndinin antiterror əməliyyatları sayəsində azad edilməsi ölkəmizin tarixində işğal səhifəsinin bağlanması ilə bərabər eyni zamanda Azərbaycanı tarixboyu regionda maraqların toqquşma nöqtəsi kimi görənlərə real nəticə çıxartmaq üçün dərsdir.

Azərbaycan artıq əvvəlki Azərbaycan deyil. Bu gün miqyasına görə olmasada mahiyyətinə görə nəhəng bir Azərbaycan var. Hansı ki, bütün qonşular yeni reallığı qəbul etdikdən sonra Azərbaycana qarşı indiyədək tutduqları mövqedən asılı olmayaraq yaxın əməkdaşlığa can atır. Bu isə Azərbaycanın geopolitik müstəvidə qazandığı uğurlu və qalib mövqedir. Regionun siyasətini Azərbaycan müəyyənləşdirir.