YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gerçəkləşən tarixi anlar

Ceyhun Məmmədov

Milli Məclisin deputatı

İşğaldan azad olunan Xankəndi şəhərində tarixi futbol oyunu keçirildi. Xankəndi şəhər stadionunda keçirilən qarşılaşma hər birimizin arzusu idi. İşğaldan azad olunmuş ərazimizdə 30 ildən sonra ilk futbol oyununun sevincini yaşadıq. Bu hisləri sözlə ifadə etmək mümkün deyil. Biz Xankəndidə təkcə oyun deyil, həm də böyük bayram əhval ruhiyyəsinin şahidi olduq.

Bir zamanlar həmin bu stadiondan Qarabağ Ermənistandır və nöqtə ifadəsinə cənab Ali Baş Komandan elə həmin stadionda topa toxunduğu zərbə ilə cavab verərək nida qoydu. Bu toxunuşla Müzəffər Ali Baş Komandan bütün populist çıxışların cavabını vermiş oldu. Artıq Xankəndidə separatçılar yox, bu torpağın sahibləri var. Bu anların illərdir həsrətini çəkmişik. Buna görə də indi hər kəs bayram əhval ruhiyəsindədir. Əlbəttə oyunlar çox olub. Ancaq bu oyun tarixdə əbədi qalacaq, həm xalqımız üçün, həm dövlətimiz üçün, həm də dünya üçün.

Xankəndidə keçirilən oyun tarixi bir oyundur. Çünki, 30 ildən çox idi ki, həmin yerlərə əsil sahiblərinin ayağı dəymirdi. Bu, 30 illik fasilədən sonra Qarabağ bölgəsinin işğaldan azad edilən hissəsində ilk rəsmi oyun nəhayət ki, baş tutdu. Hər zaman Xankəndi və Qarabağdan xəbərlər verən Erməni saytları isə bu xəbəri gizlətməyə çalışdı. Ermənilər qəzəb içindədir, düşmən mediasında baş tutacaq oyunla bağlı heç bir məlumat verilmədi.

Təbii ki, Xankəndidə keçirilən futbol oyunu çox önəmlidir. Bu ev sahiblərinin evlərinə döndüyünün mesajıdır. Bunu futbol klubları səviyyəsində nümayiş etdirməyin özü belə dünyaya bir mesajdır.

Oyundan öncə komandaların meydana şəhid övladları ilə birlikdə çıxması, daha sonra Dövlət Himnimizin səsləndirilməsi, ardınca isə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, Ali Baş Komandanımızın möhtəşəm çıxışı, tribunaların 3 rəngli şanlı al bayraqlarımızla bəzənməsi çox qürurverici anlardır.

Futbol matçının Xankəndidə keçirilməsinin çox böyük mənası var. Xankəndi qədim Azərbaycan diyarıdır. Torpaqlarımızı 30 il ərzində işğal altında saxlayan Ermənistan hesab edirdi ki, bunu əbədi edə biləcək. Şanlı Azərbaycan Ordusu onlara və bütün dünyaya sübut etdi ki, Qarabağ bizim tarixi, əzəli torpağımızdır. Bu torpaqların sahibləri Azərbaycan xalqıdır. Üç ay bundan əvvəl Xankəndi işğaldan azad edildi. Birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam təmin etmişdir, bu gün bütün Qarabağ bölgəsində Azərbaycan Bayrağı dalğalanır.

Bundan sonra bütün Qarabağ torpaqlarında Azərbaycan Bayrağı əbədi dalğalanacaq. Azərbaycanlılar bu torpaqlarda əbədi yaşayacaq.