YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İqtisadi tərəqqi güclü sosial siyasətlə tamamlanır

Nihad Pənahov

YAP Tovuz rayon təşkilatının sədri

Dövlətimizin siyasətində vətəndaş amilinə xüsusi önəm verilir. Prezident  İlham Əliyevin bütün çıxışlarında bu çağırış xüsusi yer tutur ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Cənab İlham Əliyev vətəndaş məmnunluğunun artırılmasını qarşıya əsas vəzifə kimi qoyub.

İqtisadiyyatın inkişafı və insanların sosial rifah halının yüksəldilməsi məqsədilə Azərbaycan Prezidentinin təşəbbüskarı olduğu qanun layihələri, həmçinin imzaladığı fərman və sərəncamlar əsasında həyata keçirilən sosial layihələr vətəndaşlarımızın yaşayış səviyyəsinə öz müsbət təsirini göstərir. 2003-cü ildə açıqlanan hədəflər sırasında Azərbaycanın dayanıqlı iqtisadi inkişafının təmin edilməsi əsas yer tutdu. Dövlət başçısı İlham Əliyev “Neft kapitalını insan kapitalına çevirək!” tezisini irəli sürdü və bu istiqamətdə mühüm addımlar atır. İqtisadi artımın neft sektorundan asılılığını minimuma endirmək üçün regionların malik olduğu imkanlardan maksimum bəhrələnmək məqsədilə Regional inkişaf proqramları təsdiqləndi və icra edilir. Bununla da regionlarımızın yeni mənzərəsi yaradıldı. Bölgələrimiz arasında sağlam rəqabət gedir. Cənab İlham Əliyevin hər bir bölgəyə səfəri yeni sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə görülmüş genişmiqyaslı işlər, sistemli və ardıcıl tədbirlər, dərin islahatlar nəticəsində hazırda Azərbaycan siyasi və makroiqtisadi baxımdan sabit, təhlükəsiz ölkə, regionun siyasi, iqtisadi və mədəni mərkəzi, irimiqyaslı enerji, nəqliyyat və infrastruktur layihələrinin təşəbbüskarı və fəal iştirakçısı, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş, dünya kosmos ailəsinin üzvü, mühüm tranzit qovşağıdır. Ölkəmizin son 20 ildə enerji və nəqliyyat sahəsində qazandığı uğurların xronologiyasına diqqət yetirmək kifayətdir. 2006-ci ildə çoxlarına əfsanə kimi görünən Bakı-Tbilisi-Ceyhan neft, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri istifadəyə verildi. 2017-ci ildə “Yeni əsrin müqaviləsi” imzalandı.  Ölkəmizin beynəlxalq nüfuzunu artıran Cənub Qaz Dəhlizi tam tərkibdə istifadəyə verildi.  Hazırkı dövrün əsas çağırışlarından biri bərpa olunan enerji mənbələrinə investisiyaların yatırılmasıdır. Azərbaycan bu sahədə də böyük potensiala malikdir. Hazırda işğaldan azad edilmiş ərazilərimiz malik olduqları bu potensiala görə diqqətdədir. Dövlət başçısı İlham Əliyevin Sərəncamı əsasında təsdiqlənən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də Qarabağın və Şərqi Zəngəzurun yaşıl enerji zonasına çevrilməsi əsas hədəf kimi qarşıya qoyulub.

Ölkəmizin iqtisadi qüdrətinin artması vətəndaşların sosial rifahının yüksəldilməsinə yönəlmiş layihələrin həyata keçirilməsinə zəmin yaradıb.  Azərbaycanda sürətli inkişaf təbii olaraq, dövlət quruculuğunun bütün sahələrinə, o cümlədən sosial sferaya ciddi sirayət edib və bir çox sosial proqram və layihələrdə real əksini tapıb. Ən önəmli istiqamətlərindən biri ölkəmizdə qaçqın və məcburi köçkünlərə 30 ilə yaxın bir dövr ərzində göstərilən qayğıdır. Son üç  ildə ölkəmizin həyatında yeni dövr başlayıb. Belə ki, dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Azərbaycan Ordusunun gücü, qüdrəti sayəsində qazanılan tarixi Zəfərimizin reallıqları fonunda işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Böyük Qayıdış proqramının uğurlu icrası tezliklə bu ərazilərimizə yeni nəfəsin gələcəyinə, malik olduqları iqtisadi potensialdan səmərəli istifadə nəticəsində  ölkəmizin dayanıqlı inkişafına böyük töhfələr veriləcəyinə inamı artırır. Dövlət başçısı İlham Əliyevin tapşırığına uyğun olaraq bu torpaqlarda soydaşlarımızın yüksək şəraitdə yaşayışını təmin etmək üçün bütün zəruri olan addımlar atılır. Bu ərazilərimizdə də “ASAN xidmət”, DOST mərkəzlərinin yaradılması  hədəflər sırasındadır. Həmçinin məşğulluğuq probleminin həlli əsas prioritetlərdəndir. Yeni texnolofiyaların tətbiqi şəraitində bərpa olunan və yenidən qurulan torpaqlarımız Azərbaycanın zəngin şəhərsalma təcrübəsini dünyaya təqdim edir. Ümumiyyətlə, ölkəmizdə iqtisadi tərəqqinin güclü sosial siyasətlə tamamlanması vətəndaş məmnunluğunun artırılmasında əhəmiyyətli rol oynayır. “Güclü dövlət, yüksək rifah” dövlətimizin həyata keçirdiyi siyasətin əsas prinsipidir. 

Azərbaycanın uğurlu neft siyasətinin məntiqi davamı kimi dəyərləndirilən qeyri-neft sektorunun inkişafı prioritetdir. Bu gün Azərbaycan yalnız neft-qaz sektoru ilə deyil, qeyri-neft sektorunun inkişafı ilə də dünyanın diqqətindədir. Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya əsas hədəf kimi qoydu.

Azərbaycana hansı sahədən baxsaq böyük uğurların davamlılığını görərik. Təbii ki, bunlara əsas yaradan Ulu Öndər Heydər Əliyevin düşüşnülmüş, gələcəyə hesablanmış siyasəti və son 20 ildə bu xəttin Prezident İlham Əliyev tərəfindən  uğurla davam etdirməsidir. Hər bir vədini əməli fəaliyyəti ilə təsdiqləyən Prezidentə xalqın sevgisi şəksizdir. Prezident İlham Əliyev Azərbaycanı gücləndirdi, qalibiyyətimizi şərtləndirən bütün amillərin yaradılmasına nail oldu. Qarabağ və Şərqi Zəngəzur tezliklə böyük investisiyalar məkanına çevriləcək. Azərbaycanın sosial dövlət imicinə yeni əlavələr olunacaq.