YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Böyük investisiyalar məkanı

Həbib Cəfərov

YAP Astara rayon təşkilatının sədri

Cənab İlham Əliyevin Prezident kimi ilk müsahibəsində “İlk növbədə Sizdən hansı addımları gözləyəcəyik ki, iqtisadiyyatın inkişafı üçün bunlar zəruridir” sualına cavabını xatırlatmaq istərdik: “Azərbaycanın bütün iqtisadi göstəriciləri onu göstərir ki, ölkə dinamik şəkildə inkişaf edir. Vəzifəmiz bundan ibarətdir ki, bu ənənələri inkişaf etdirək, sahibkarlara gözəl şərait yaradaq. Çünki iqtisadiyyatımızın birinci inkişaf mərhələsi dövlətin qayğısı ilə bağlıdır. Dövlət tərəfindən  görülən tədbirlər nəticəsində  sərmayəni cəlb edə, neft sektorunu inkişaf etdirə bildik. Dövlət tərəfindən tənzimlənməklə  torpaq islahatları apardıq. Hesab edirəm ki, iqtisadiyyatımızın növbəti mərhələsi məhz özəl sektorun daha fəal iştirakından asılı olmalıdır və bu istiqamətdə bizim üzərimizə düşən vəzifələri yerinə yetirməyə hazırıq.”

Hər bir ölkənin inkişafında iqtisadi amil əsasdır. Ümummilli Lider Heydər Əliyevin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” tezisi bütün dövrlər üçün aktuallığını qoruyur. Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı  ilk gündən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasına  çağırış etdi.  Bu məqsədə nail olmaq üçün bölgələrin malik olduqları iqtisadi potensialdan istifadə əsas hədəf kimi qarşıya qoyuldu. Dövlət başçısının uğurlu siyasəti nəticəsində  regionların yeni mənzərəsi təqdim edildi. Bölgələrin inkişafında Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının icrası böyük əhəmiyyət kəsb edir. Prezidentlik fəaliyyətinin ilk dövründə İlham Əliyev “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” 24 noyabr 2003-cü il tarixli Fərman imzalamışdır. Regionların inkişafına dair uğurla icra edilən I Dövlət Proqramı Azərbaycanın müxtəlif bölgələrində inkişafın yeni əsaslarını yaratdı, tərəqqi prosesini növbəti uğurlu mərhələyə keçirdi. Prezident İlham Əliyev  2009-cu ildə   II Dövlət Proqramını - “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nı təsdiq etdi. Növbəti proqramın hazırlanmasını şərtləndirən əsas məqsəd ölkədə iqtisadiyyatın diversifikasiyasına və onun dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyasına, infrastruktur və kommunal xidmətlərin səviyyəsinin daha da yaxşılaşdırılmasına, əhalinin həyat səviyyəsinin davamlı olaraq yüksəldilməsinə nail olmaq idi. 2014-cü ildə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nı  təsdiqlədi. Dövlət proqramlarının icra olunduğu 2004-2018-ci illər ərzində ümumi daxili məhsul 3,3 dəfə, o cümlədən qeyri-neft sektoru üzrə 2,8 dəfə, sənaye üzrə 2,6 dəfə, kənd təsərrüfatı üzrə 1,7 dəfə artmışdır. Bu müddətdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 1,5 milyonu daimi olmaqla 2 milyondan çox yeni iş yeri, 100 mindən çox müəssisə yaradılmış, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,1 faizə enmişdir.

Hazırda “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” uğurla icra edilir. Dövlət başçısı İlham Əliyev regionların inkişafını qeyri-neft sektorunun inkişafı kimi dəyərləndirdi. Bölgələrimiz arasında sağlam rəqabət gedir. Bütün bölgələrimizin siması tamamilə dəyişib.

Hazırda tamamilə fərqli bir mərhələyə qədəm qoymuşuq. Üç ildir işğaldan azad edilmiş ərazilərimizdə genişiqmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Tarixi Zəfərimizdən sonra Prezident İlham Əliyevin Fərmanı ilə iqtisadi rayonların yeni bölgüsü aparıldı. Fərmanda qeyd edilir ki, hazırda işğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Qeyd olunan ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların bərabər inkişafının təmini üçün nəzərdə tutulan bütün işlərin vahid proqram əsasında aparılmasının məqsədəmüvafiqliyi əraziləri işğaldan azad edilmiş rayonların iqtisadi rayonlar üzrə bölgüsünə yenidən baxılmasını şərtləndirdi. Yeni bölgüyə əsasən isə iqtisadi rayonların sayı 10-dan 14-ə çatdırıldı. Bu bölgü Qarabağ bölgəsinin sürətli inkişafına xidmət edir.

Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiqləndi. Bu mühüm sənəddən irəli gələn hədəflərin  reallığa çevrilməsi qalib Azərbaycanın qarşısında geniş imkanlar açacaq. Tarixi sahibinə  qovuşan  torpaqlarımızın malik olduqları təbii resurslardan səmərəli istifadə dayanıqlı iqtisadi inkişafa böyük töhfələr verəcək. Qarabağlı və Şərqi Zəngəzurlu Azərbayan böyük investisiyalar məkanına çevriləcək.

Ümumilikdə Azərbaycanda sabitliyin və normal biznes mühitinin mövcudluğu ölkəmizin  investisiya cəlbediciliyini qorumasında öz sözünü deyir. Son 20 ildə ölkə iqtisadiyyatına 310 milyard dollar investisiya yatırılıb ki, bunun 200 milyard dolları qeyri-neft sektorunun payına düşür.

Azərbaycan investisiya cəlbediciliyini qorumaqla yanaşı, investisiya yatıran ölkə kimi də nüfuz qazanır. Ölkə iqtisadiyyatına yatırılmış birbaşa investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 82,8 faiz təşkil edib. Ölkə iqtisadiyyatının qeyri-neft sektoruna ən çox investisiya yatıran ölkələrin ilk beşliyində isə Türkiyə, Böyük Britaniya, ABŞ, Niderland və Rusiyanı qeyd etmək olar. İndiyədək Azərbaycanda xarici ölkələrin müxtəlif sahələri əhatə edən 9000-dən çox şirkəti qeydiyyatdan keçib. Xarici şirkətlər Azərbaycanda dövlət əsaslı vəsait hesabına həyata keçirilən infrastruktur və digər layihələrdə podratçı və subpodratçı qismində də fəal iştirak edirlər. Davamlı iqtisadi inkişaf, maliyyə imkanlarının artması, özəl sektorun inkişafı Azərbaycanı eyni zamanda investisiya ixracatçısına çevirib. Ötən müddət ərzində Türkiyə, Gürcüstan, Rusiya, ABŞ, Yaponiya, Çin, İsveçrə, Serbiya, Monteneqro, Ukrayna və digər ölkələrə əhəmiyyətli həcmlərdə investisiya yatırılıb.

Hazırkı dövrün əsas çağırışlarından biri bərpa olunan enerji mənbələrinə investisiyaların yatırılmasıdır. Azərbaycanın bu sahədə də əməkdaşlığı təqdirəlayiqdir. Ölkəmiz bərpa olunan enerji sahəsində malik olduğu imkanlardan səmərəli istifadə etmək üçün səylər göstərir. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, çox genişmiqyaslı başqa planlarımız var. Azərbaycanın bütövlükdə enerji strategiyası uğurla icra edilir. Ölkəmiz tərəfindən irəli sürülmüş və icra edilmiş layihələr Avropanın və Asiyanın - Avrasiyanın enerji xəritəsini böyük dərəcədə yenidən tərtib edib. Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft kəmərləri bu gün Azərbaycan neftini Aralıq dənizinin və Qara dənizin bazarlarına çatdırır. Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinə çox böyük töhfə verir. Təsadüfi deyil ki, Avropa Komissiyası, onun yüksəkvəzifəli şəxsləri Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa qaz təchizatçısı kimi dəyərləndirirlər. Azərbaycan, sözün əsl mənasında, etibarlı tərəfdaşdır, dostluq ənənələrinə həmişə sadiqdir.