YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sözü imzası qədər dəyərli

Anar Nəbiyev

YAP Qazax rayon təşkilatının sədri

Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin  bu ilin 15 oktyabr tarixində Xankəndi şəhərində Azərbaycan Bayrağını ucaltdıqdan sonra xalqa müraciətində böyük qürur hissi ilə qeyd etdiyi bu fikirləri xatırlatmaq istərdik: “Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində Prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi.”

Cənab İlham Əliyevin torpaqlarımız işğaldan azad olunana qədər hər bir çıxışında, xalqa müraciətində belə bir inam ifadə olunurdu ki, tezliklə Qarabağda, Şuşada, Xankəndidə üçrəngli bayrağımız dalğalanacaq. Hər gün o ana yaxınlaşdırır.

Bu günün hədəfləri də, arzuları da fərqlidir. Artıq üç ildən çoxdur ki, torpaqlarımız tarixi sahibinə qovuşub. Bu ilin 19 sentyabr tarixində isə rəşadətli Ordumuzun gücü, qüdrəti sayəsində bir günlük həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü tam təmin olundu. Müzəffər Ali Baş Komandan separatçılardan təmizlənmiş ərazilərimizə səfər etdi, Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə Azərbaycan Bayrağını ucaltdı. Tarixi Zəfəimizin üçüncü ildömündə Xankəndi şəhərində hərbi parad keçirildi. Bundan böyük xoşbəxtlik ola bilərmi?

Təbii ki, bütün bu uğurlar böyük qətiyyəin, səylərin nəticəsidir. Azərbaycanın bütün sahələrdə qazandığı uğurların zirvəsində dayanan tarixi Zəfərimizi şərtləndirən amillər aydındır. Bunlardan biri xarici siyasət uğurlarımız, tarixə qovuşan münaqişənin həlli ilə bağlı möhkəm hüquqi bazanın formalaşmasıdır. Azərbaycanın son 20 ildə  həyata keçirilən praqmatik xarici siyasətin uğurlarına qısa nəzər salaq. Bu siyasət ölkəmizə beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş imici qazandırıb. Regional təşəbbüslər Azərbaycanın möhkəmlənməsinə, bölgədəki əməkdaşlığın dərinləşməsinə xidmət etdi. Milli mənafelərlə bağlı problemlərin həllinə həssas və fəal yanaşma uzaq və yaxın xaricin də diqqətindən yayınmadı. Dövlət başçısı İlham Əliyevin  yürütdüyü uğurlu xarici siyasət nəticəsində ölkəmiz 2011-ci ildə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi.  Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına 2019-2023-cü illərdə sədrliyi müasir Azərbaycanın beynəlxalq miqyasda nüfuzunu və qüdrətini göstərir.

Dünyada sülhü və konstruktiv əməkdaşlığı tərənnüm edən Prezident İlham Əliyevin beynəlxalq təşəbbüsləri mühüm əhəmiyyət kəsb edir. Belə ki,  Azərbaycanın təşəbbüsü ilə 2013-cü ildə BMT tarixində ilk dəfə olaraq “Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi” mövzusunda iclas təşkil edilmişdir. Qoşulmama Hərəkatının sədri qismində Prezident İlham Əliyevin təşəbbüsü ilə 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş Xüsusi Sessiyası keçirildi.  18 noyabr 2021-ci il tarixində BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan  Prezidentinin təşəbbüsü ilə quruma üzv dövlətlərin  adından irəli sürülmüş “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə qəbul edildi.

Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının ən fəal və nüfuzlu üzvlərindən biridir. Ölkəmiz son illərdə  İƏT-in bir necə konfransına ev sahibliyi etmişdir. 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunmuş və həmin ilin may ayında İƏT-in möhtəşəm idman hadisəsi – IV İslam Həmrəyliyi Oyunları Bakıda keçirilmişdir. 2018-ci ildə 5 min illik qədim tarixə malik Naxçıvan şəhəri ISESCO tərəfindən İslam mədəniyyətinin paytaxtı seçilmişdir.

Azərbaycanın qlobal mədəniyyətlərarası dialoqun ünvanlarından birinə çevrilməsi ölkəmizin beynəlxalq statusunun və beynəlxalq tərəfdaşlarının sayının artmasına səbəb olmuşdur. Azərbaycanda davamlı olaraq Bakı Beynəlxalq Humanitar Forumu, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, habelə BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu və onlarla digər əhəmiyyətli tədbirlərin keçirilməsi nəticəsində Bakı qlobal münasibətlər sistemində nüfuzlu beynəlxalq siyasi meydanlardan birinə çevrilmişdir.

Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzunu, etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirməsini təsdiqləyən xeyli sayda uğğurlarımızı qeyd edə bilərik. Bu sıralama o qədər zəngindir ki, onları bir yazıda əhatə etmək qeyri-mümkündür. Son üç  ildən artıq dövrdə  tarixi Zəfərimizin yaratdığı reallıqlar Azərbaycanın sözü ilə imzası arasında heç bir fərqin olmadını təsdiqləyir. Bu reallıqların, yeni əməkdaşlıq formatlarının, sülh gündəliyinin müəllifi Azərbaycandır. Müzəffər Ali Baş Komandanın qətiyyəti ilə qazanılan bu möhtəşəm Zəfər Azərbaycanın qarşısında yeni imkanlar yaradır. Böyük qürur hissi ilə qeyd edirik ki, son üç ildə azad Qarabağımız, azad Şuşamız diplomatik mərkəzə, müxtəlif beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi məkanına çevrilib. Beynəlxalq əməkdaşlığın yeni formatı və etibarlılıq nümunəsi günümüzün reallıqlarında özünün aydın ifadəsini tapıb. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2021-ci  il  iyunun 15-də iki ölkənin dostluğunun, qardaşlığının, müttəfiqliyinin  rəsmi təsdiqi olan sənədi imzaladı. Azərbaycan -Türkiyə münasibətləri yeni mərhələyə qədəm qoydu. Ümumilikdə türk dünyasının birliyinin möhkəmləndirilməsi günümüzün əsas çağırışları sırasındadır. Dövlət başçısı İlham Əliyevə 2021-ci  ildə  Türk Dünyasının Ali Ordeninin təqdim edilməsi türkdilli dövlətlərin birliyinə, həmrəyliyinə verdiyi töhfələrin təqdimatı oldu.

Təbii ki, son 20 ilin xarici siyasət uğurları qeyd etdiklərimizlə tamamlanmır. Azərbaycan beynəlxalq birliyin fəal üzvüdür. İstər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrimiz yükələn xətlə inkişaf edir. Azərbaycan yeni dostlar, tərfdaşlar qazanır. Ölkəmizin ev sahibliyi etdiyi, həmçinin cənab İlham Əliyevin fəxri qonaq qismində qatıldığı tədbirlərin say tərkibi də mühüm məqamları özündə ehtiva edir. Azərbaycan yaratdığı yeni reallıqlarla beynəlxalq münasibətlər sistemində yeri və rolunu möhkəmləndirir, sözünün imzası qədər dəyərli olduğunu bir daha  təsdiqləyir.