YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qalib Azərbaycan daha bir uğura imza atdı

Bayram Aslanov

YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatı

Azərbaycan tarixdə heç zaman bu günkü kimi qüdrətli, güvənli olmayıb. Ölkəmizdə həyata keçirilən siyasi və iqtisadi islahatlar, sosial-iqtisadi sahədə, eyni zamanda beynəlxalq əməkdaşlıq sahəsində əldə olunan uğurlar, 44 gün davam edən Vətən müharibəsində Şanlı Ordumuzun parlaq qələbəsi nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi... Saymaqla qurtarmayan uğurları, nailiyyətləri təkcə Azərbaycan xalqı demir, beynəlxalq reytinq təşkilatlarının açıqladıqları hesabatlarda da ölkəmizin qüdrətli dövlətə çevrildiyi qeyd edilir.

Bu günlərdə Qalib Azərbaycan daha bir uğura imza atdı. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu (COP29) sessiyasının Bakıda keçirilməsi qərarı bütün dünya ölkələri tərəfindən qəbul edildi. Müasir dünyamızın problemlərinin müzakirə edildiyi, qlobal xarakterli tədbirə evsahibliyin Azərbaycana həvalə olunması ölkəmizin böyük etimad və hörmətinin daha bir təsdiqidir.

Ölkə Prezidenti İlham Əliyev dekabrın 15-də keçirdiyi müşavirədə qeyd etdiyi kimi, biz buna layiqik, çünki uğurlu siyasi gedişlərimiz nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq. Bunun nəticəsidir ki, beynəlxalq aləmdə Azərbaycana olan hörmət günbəgün artır. Bu, reallıqdır.

Konfransın əhəmiyyətindən, ölkəmizə göstərilən böyük etimaddan və görüləcək işlərdən bəhs edən Azərbaycan Lideri bildirib ki, irimiqyaslı beynəlxalq tədbirlərin keçirilməsi üzərimizə böyük məsuliyyət qoyur. Ancaq biz bu günə qədər bir çox beynəlxalq tədbirlər keçirmişik. Hətta bu il Beynəlxalq Astronavtika Konqresini böyük müvəffəqiyyətlə keçirmişik. Onu da hər kəs bilir ki, bu mötəbər beynəlxalq tədbir ikinci dəfə Bakı şəhərində keçirilib. 50 il bundan əvvəl sovet Azərbaycanının paytaxtı olan Bakıda, bu il isə müstəqil Azərbaycanın paytaxtı olan Bakıda bu tədbir keçirilmişdir. Ancaq təbii ki, COP29 bu vaxta qədər keçirilmiş tədbirlərlə müqayisəyə gəlmir. Hətta Avropa Oyunlarını xatırlasaq, o vaxt 5 min idmançı və onları müşayiət edən təqribən 3 min qonaq gəlmişdir. Ancaq COP29-da 10 minlərlə xarici nümayəndə ölkəmizə gələcək, iki həftə ərzində Bakı dünyanın mərkəzi olacaq. Müəyyən ehtimallara görə, təqribən 70-80 min xarici qonaq bu müddət ərzində ölkəmizdə olacaq.

Müstəqil siyasət yürüdən, prinsipial mövqe sərgiləyən Azərbaycanın dünya dövlətləri tərəfindən dəstəklənməsi təbiidir. Hətta, 2 ay əvvələdək Azərbaycanı öz ərazilərində antiterror tədbirləri həyata keçirdiyi üçün ittiham edən, ölkəmizə şər-böhtan atan ölkələr də bu gün xeyrimizə müsbət rəylər verirlər. Bu da onu təsdiq edir ki, öz suveren ərazisində separatçılığa qarşı, işğalçılara qarşı antiterror əməliyyatı keçirərək beynəlxalq hüququn aliliyini özü təmin Azərbaycana qarşı irəli sürülmüş bu ittihamların heç bir əsası yoxdur.

Son illərin tarixi reallıqları sübut edir ki, qloballaşan dünyamızın bir parçası olan doğma Vətənimiz dünya miqyasında etibarlı tərəfdaş olan dövlətə çevrilib və bir çox ölkələrə nümunədir. Bu günədək bir çox beynəlxalq tədbirlərə evsahibliyi edən Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu (COP29) sessiyasını yüksək səviyyədə keçirəcək və beynəlxalq konfrans dünyada ən mötəbər tədbir kimi tarixə həkk olunacaq.