YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ölkəmizin ictimai-siyasi həyatında növbəti əlamətdar gün

Emin Bağırov

Mexanika üzrə fəlsəfə doktoru, siyasi şərhçi

2024-cü il fevralın 7-də Azərbaycanın ictimai-siyasi həyatında növbəti əlamətdar gün yaşanacaq. Məhz həmin tarixdə xalqımız növbəti yeddi il ərzində ölkəmizə liderlik edəcək şəxsi müəyyənləşdirəcək. Alternativ namizədlərin iştirakı ilə keçiriləcək seçkilərin bu dəfə də demokratik, şəffaf, o cümlədən beynəlxalq norma və qaydalara uyğun yekunlaşacağı zərrə qədər də şübhə doğurmur. İctimai sifariş olan növbədənkənar prezident seçkilərinin Azərbaycanın güclü və inkişaf etmiş ölkə kimi tərəqqisinə növbəti möhtəşəm təkan olacağına inam böyükdür. Prezident İlham Əliyev Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı sərəncam imzalayıb. Gələn il fevralın 7-də Azərbaycan vətəndaşları sandıq başına gedərək, öz namizədinə səs verəcək. Artıq seçkilərdə iştirak etmək istəyən namizədlərin sayı çoxalır.

Dekabrın 15-də Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin genişləndirilmiş iclasında cənab İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi və yekdilliklə təsdiqlənməsi ümumxalq coşqusu ilə müşayiət olundu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qarşıdakı seçkilərdə iştirak etmək qərarı əlbəttə ki, xalqımızın böyük sevincinə səbəb oldu. Çünki müasir Azərbaycanın sürətli inkişaf etməsində və tərəqqisində məhz Ulu öndər Heydər Əliyevin davamçısı Prezident İlham Əliyevin imzası var. Məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət, biznes və əhalinin maraqlarının harmoniyasına arxalanan Azərbaycan iri strateji layihələrin mərkəzi, sivilizasiyalararası dialoqun aparıldığı, davamlı və sistemli inkişaf edən ölkə kimi dünyada olduqca müsbət imic qazanıb. Bütün bunlar siyasi əqidəsindən asılı olmayaraq hər bir vətəndaşın gördüyü reallıqdır. Azərbaycan bu gün həm yeni siyasi ənənələr, həm mədəniyyət formalaşdıran, həm də iqtisadi komponenti transformasiya edən intensiv modernləşən məkandır. Eyni zamanda, bu proseslər paralel olaraq bir-birini tamamlayaraq dövlətin və cəmiyyətin inkişaf perspektivlərini müəyyən edir.

Son illər Azərbaycanda ictimai-siyasi vəziyyət kifayət qədər sabitdir. Belə ki, ötən illər ərzində ölkə iqtisadiyyatı indiyədək görünməmiş səviyyəyə yüksəlib və uğurla inkişaf etməkdə davam edir. Təbii ki, bu uğurlar ölkədə ictimai-siyasi vəziyyətin sabitliyi ilə bağlıdır, çünki bu, investisiya mühitinin açıq olmasına, kiçik və orta biznesin inkişafına səbəb olmuşdur. Bunun nəticəsidir ki, Azərbaycanda münbit biznes mühiti formalaşıb, ölkə beynəlxalq iqtisadi əlaqələrin fəal iştirakçısına çevrilib. Bundan başqa, Azərbaycanın regional mərkəzə çevrilməsi ölkəmizin strateji mövqelərinin möhkəmlənməsinə, nəqliyyat-logistika infrastrukturunun şaxələndirilməsinə, yeni iş yerlərinin yaradılmasına və iqtisadi təhlükəsizliyin daha yüksək səviyyəyə çatmasına şərait yaradıb. 44 günlük savaşda Müzəffər Ali Baş Komandanın əmr və göstərişlərini yüksək peşəkarlıqla yerinə yetirən rəşadətli Ordumuz işğalçıları doğma torpaqlarımızdan qovaraq regionda yeni reallığın əsasını qoydu. 30 illik regionun barıt çəlləyinə çevrilmiş Qarabağ münaqişəsini həll etməklə Prezident İlham Əliyev öz adını ən yeni tariximizə qızıl hərflərlə yazdırmaqla yanaşı, ədaləti bərpa etdi. Əlbəttə ki, ədalətin, beynəlxalq hüququn və tarixi həqiqətin zəfəri də yeni reallığın bir hissəsidir. Tarixi Zəfər qazanmaqla Azərbaycan bütün dünyaya sübut etdi ki, ölkəmiz beynəlxalq aləmin aparıcı aktorlardan biridir və milli maraqlarının pozulması ilə heç zaman barışmayacaq və barışmadı da. 30 illik erməni işğalına son qoyulması buna sübutdur. İkinci Qarabağ müharibəsindən sonra regionda və dünyada nüfuzu artan Azərbaycan güclü dövlət kimi inkişafının yeni mərhələsinə qədəm qoyub. İşğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri aparılır, keçmiş məcburi köçkünlər doğma evlərinə qayıdırlar. Böyük tikinti meydanına çevrilən azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri gələn il də sürətlə aparılacaq. Belə ki, Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması üzrə tədbirlərin maliyyələşdirilməsi prioritet olaraq qəbul edilib. Növbəti ildə azad edilmiş ərazilərdə quruculuq işlərinə dövlət büdcəsi xərclərinin 10,9 faizinə bərabər vəsait ayrılacaq. 2024-cü ilin dövlət büdcəsində prioritet istiqamətlərə ÜDM-in 10.1-i həcmində vəsait yönəldiləcək. Bu isə o deməkdir ki, gələn il də yenidən dirçələn ərazilərə “Böyük Qayıdış” davam edəcək. 7 fevral seçkiləri həm də ona görə əlamətdar olacaq ki, son 28 ildə səsvermə prosesi Azərbaycanın bütün ərazilərində keçiriləcək.