YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalqımızın növbəti böyük uğuru

Kamilə Əliyeva

Milli Məclisin deputatı, professor

Dünya dövlətləri tərəfindən COP 29-un sessiyasının gələn il Azərbaycanda keçirilməsinə dair qərar qəbul edilməsi Azərbaycan dövlətinə böyük hörmətin və etimadın nümunəsidir. Prezident İlham Əliyev nüfuzlu beynəlxalq tədbirin Bakıda keçirilməsinə həsr edilmiş müşavirədə son dövrlər Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun daha da artması, ən böyük və nüfuzlu beynəlxalq tədbirlərə ölkəmizin uğurla ev sahibliyi etməsi, eləcə də bəzi Qərb dövlətlərinin Azərbaycanın gələbəsini və uğurlarını həzm edə bilməməsi barədə çıxış etdi. Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində beynəlxalq aləmdə ölkəmizin nüfuzu günbəgün artmaqdadır. Azərbaycanın müstəqil siyasət aparması, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətlə yanaşması, eləcə də öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi ölkəmizə hörməti artırmışdır. COP 29-un ölkəmizdə keçirilməsinin böyük siyasi əhəmiyyəti də var. Azərbaycanın öz ərazisi olan Qarabağda antiterror tədbirlərinin həyata keçirilməsindən qısa müddət sonra bu cür mötəbər tədbirin Azərbaycanda keçirilməsi haqda qərarın gəbul edilməsi dünya dövlətlərinin Azərbaycana dəstəyinin bariz nümunəsidir. Azərbaycan beynəlxalq hüquq prinsiplərinə və qanunlarına əsasən öz ərazisində antiterror tədbirləri keçirməklə suverenliyini bərpa etdi və separatizmin kökünü kəsdi. Bəzi Qərb dövlətləri, xüsusən Fransa ölkəmizə qarşı əsassız, qərəzli bəyanatlar səsləndirir və bu çirkin əməllərindən əl çəkmirlər. Artıq bütün beynəlxalq təşkilatlar, dünya dövlətləri də Azərbaycanın qələbəsini qəbul edib və ölkəmizin haqlı mövqeyini dəstəkləyirlər. Ermənistan dövləti də bu reallığı gəbul edib və COP 29 konfransının Azərbaycanda keçirilməsinin lehinə səs vermişdir. Bütün bunlara baxmayaraq çox təəssüf ki, bu gün Qərbdəki bəzi dövlətlər "ikili standart" siyasəti həyata keçirirlər. Azərbaycan isə hər zaman dünyada sülhün, ədalətin yanında olduğunu bəyan etmişdir. Prezident İlham Əliyevin apardığı bu siyasətin nəticəsidir ki, artıq 4-cü ildir Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edir. Dünyanın 120 ölkəsi yekdilliklə Azərbaycanın sədrliyini dəstəkləmişdir. Bu dəfə də dünya dövlətləri ölkəmizə öz dəstəyini göstərdi. Azərbaycan irimiqyaslı və nüfuzlu beynəlxalq tədbirləri hər zaman çox yüksək səviyyədə keçirib. Tədbirdə iştirak edən nümayəndələr Azərbaycanın təşkilatçılığını çox yüksək qiymətləndiriblər. COP 29 konfransı dünyada ən mötəbər beynəlxalq tədbirdir. Gələn il bütün dünyanın gözü Azərbaycanda olacaq. Təqribən 70-80 min xarici qonağın Bakıya səfəri gözlənilir. Azərbaycan dünyada neft qaz ölkəsi kimi tanınır. Artıq Prezident İlham Əliyev ölkəmizi dünyada yaşıl enerji ölkəsi kimi də tanıtmışdır. Yaxın gələcəkdə Azərbaycanda istehsal olunan yaşıl enerji də dünya bazarlarına çıxarılacaq. Bir sıra Avropa dövlətləri Azərbaycandan alacağı yaşıl enerji sayəsində öz enerji təhlükəsizliklərini möhkəmləndirəcək. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi COP 29-un ölkəmizdə keçirilməsi xalqımızın növbəti böyük uğuru olacaq.