YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalqın iradəsinin təcəssümü

“Bu gün tarixinin ən güclü dövrünü yaşayan Azərbaycan qüdrətli ordu, iqtisadiyyat, beynəlxalq arenada öncül mövqe, müstəqil xarici siyasət və qalib ölkə kimi reallıqları özündə ehtiva edir. Şübhəsiz ki, yeni əsrin yeni lideri cənab İlham Əliyev Azərbaycanı həm siyasi-iqtisadi, həm də hərbi cəhətdən qüdrətli, dünyada söz sahibi olan dövlətə çevirib. Məhz bu güc sayəsində Qarabağın və Şərqi Zəngəzurun 30 il davam edən işğalına 44 gündə son qoymaq mümkün olub. Heç kəsə sirr deyil ki, çoxəsrlik Azərbaycan tarixində buna bənzər qələbələr və nailiyyətlər olmayıb”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, müasir dünyanın dövlət başçıları arasında yüksək intellekti, diplomatik məharəti, xüsusi natiqlik bacarığı ilə seçilən, adı tariximizə islahatçı rəhbər kimi yazılan Prezident İlham Əliyev qurucu, birləşdirici, Azərbaycan xalqının bütün arzularını həyata keçirməyə, hadisələrin axarını dəyişməyə qadir, öz dövlətçilik fəaliyyətində milli maraqları ali məqsəd kimi görən və bütün qüvvəsini bu işə həsr edən, xalqın birmənalı şəkildə dəstəklədiyi və etimad göstərdiyi liderdir: “Son 20 ildə Azərbaycan modernləşərək yeni keyfiyyət mərhələsinə qədəm qoyub. Praqmatizm, çevik və düzgün qərarlar qəbul etmək, hər bir addımı vaxtında atmaq, eyni zamanda, humanistlik Prezident İlham Əliyevə xas olan liderlik keyfiyyətləridir. Elə Azərbaycanın bugünkü inkişaf səviyyəsi, milli maraqların qətiyyətlə qorunması, Vətən müharibəsində qazanılmış parlaq və möhtəşəm Qələbə, suverenliyin tamamilə bərpası dövlətimizin başçısının sözügedən ali keyfiyyətləri sayəsində mümkün olub. Cənab İlham Əliyev Prezident seçildiyi ilk gündən deyirdi ki, Ulu Öndər Heydər Əliyevin siyasətini davam etdirəcək, hər bir azərbaycanlının Prezidenti olacaq, torpaqlarımızın işğalı ilə heç vaxt barışmayacaq, Azərbaycan ərazilərində ikinci Ermənistan dövləti yaradılmasına yol verməyəcək. Bütün bunlar artıq günümüzün həqiqətləridir, verilən vədlərin real həyatda təcəssümüdür. Əlbəttə ki, Azərbaycan çoxəsrlik tarixində heç vaxt indiki qədər güclü və qüdrətli olmayıb. Müharibədən sonrakı üç il Qələbəni siyasi və diplomatik müstəvidə möhkəmlətmək baxımından əlamətdar oldu və fəxrlə deyə bilərik ki, postmüharibə dövrünün gündəliyini də Azərbaycan lideri diktə edir. Beynəlxalq güclər, dünyanın böyük dövlətləri regionda yaranmış yeni reallıqları qəbul edir, onunla hesablaşırlar. Cənab İlham Əliyevin cəsarətli, ağıllı və təmkinli addımları, taleyüklü məqamlarda nümayiş etdirdiyi qətiyyət və prinsipiallıq Azərbaycanı qələbədən qələbəyə, növbəti zəfərlərə aparır”.

“Bütün deyilənləri ümumiləşdirərək əminliklə ifadə etmək olar ki, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin 2024-cü il fevral ayının 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar cənab İlham Əliyevin namizədliyi barədə qərarı bütövlükdə Azərbaycan xalqının iradəsinin təcəssümüdür” – deyən Ramil Vəlibəyov əlavə edib ki, yaranmış reallıqlar və yeni dövr məhz cənab İlham Əliyevin adı, fəaliyyəti ilə əlaqəli olduğundan xalq yeni zəfərlərə məhz öz lideri ilə addımlamaq istəyir. Ona görə də, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin cənab İlham Əliyevin namizədliyini irəli sürməsi tamamilə məntiqlidir, haqlıdır və xalqın iradəsinə əsaslanır.