YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gələcəyə baxışın əhatəli təsviri

Fəsli Nəbiyev

YAP Gənclər Birliyinin sədr müavini

Dekabrın 9-da Prezident İlham Əliyevin “Euronews” televiziyasına müsahibəsi  Azərbaycanın siyasi, iqtisadi, sosial sahələrdə əldə etdiyi yüksək səviyyəli nailiyyətlərinin və ölkəmizin gələcəyə baxışının əhatəli təsviridir.

İnkişafın göstəriciləri

Son 20 ildə ölkə iqtisadiyyatının şaxələndirilməsi, ÜDM-in 4 dəfə artması, yoxsulluğun 50 faizdən 5,5 faizə enməsi həyata keçirilən iqtisadi siyasətin uğurlu olmasının əsas göstəriciləridir. Əldə olunan bu nəticələr enerji layihələrindən əldə olunan sərvətin əhali arasında ədalətli şəkildə bölgüsünü nümayiş etdirir.

Çevik iqtisadi model

2030-cu ilə qədər Azərbaycanın iqtisadi inkişaf strategiyasının əsas istiqamətini iqtisadi artımı təmin edəcək sahələr üzrə həm daxili, həm də xarici investisiya qoyuluşu təşkil edir. Nəzərə alsaq ki, müasir dünya iqtisadiyyatı çevik və adaptiv iqtisadi model tələb edir, Azərbaycanın hədəflədiyi iqtisadi potensial məhz yeni çağırışlara cavab verəcək iqtisadi inkişaf modelini formalaşdırmaqdır.

Dövlətin uğurlu islahatları

Gömrük və vergi inzibatçılığı sahəsində vaxtında həyata keçirilən islahatlar büdcə daxilolmalarının həcmini xeyli artıraraq dövlətin işğaldan azad olunan ərazilərdə bərpa və quruculuq işlərini həyata keçirməsinə geniş imkanlar yaradır. Qarşıda duran əsas vəzifə qısa zaman ərzində vətəndaşların işğaldan azad edilən ərazilərdə yaşayışını təmin etməkdir. 2026-ci ilə qədər burada yaşayan əhalinin 140 min nəfərə çatdırılması planlaşdırılır.

Müasir enerji strategiyası

Enerji təminatında neft hasılatından qaz istehsalına keçid edən Azərbaycan Avropa üçün enerji təhlükəsizliyinin təmin olunmasında xüsusi əhəmiyyətə malikdir. Lakin Azərbaycan təkcə ənənəvi enerji resurslarının təminatçısı olaraq deyil, eyni zamanda bərpaolunan enerji mənbələrinin istehsalı sahəsində də mühüm addımlar atmaqdadır. Bu sahənin inkişafında xarici investisiyanın cəlbi dayanıqlı iqtisadi artımı təmin edəcək əsas amildir. Artıq keçən il 230 meqavat gücündə xarici investorlar tərəfindən tam maliyyələşdirilmiş günəş elektrik stansiyasının açılışı Azərbaycanın 2030-cü ilə qədər bərpaolunan enerjinin isteshalı və ixracı istiqamətində hədəflərinin nə qədər geniş olduğunu göstərir.

Geosiyasi reallığa adekvat yanaşma

Münaqişələrin, qarşıdurmaların və kəskin rəqabətin getdiyi dünyada ölkəni mənfi xarici təsirlərdən qorumaq və milli maraqları təmin etmək olduqca çətin məsələdir. Azərbaycanın xarici dövlətlərlə münasibətlərdə etibarlı tərəfdaş mövqeyi ölkəmizə geosiyasi müstəvidə müsbət dividentlər gətirir.

Beynəlxalq arenada yeni ölçü

Artıq 4 ildir ki, Azərbaycan 120 üzv ölkənin təmsil olunduğu Qoşulmama Hərəkatına sədrlik edir. Xaricdə və daxildə müstəqil siyasət yürüdən Azərbaycan nümunəvi sədrlik həyata keçirməklə xaotik dünya nizamında dövlətlərə gələcəyə doğru nikbin baxış formalaşdırmaq üçün Hərəkatın işində bir sıra institusional yeniliklərə (parlament və gənclər platformalarını yaradılması) imza atıb və üzv ölkələr arasında təmasların fəallığının artırılması üçün mühüm səylər nümayiş etdirib.

Torpaqlarımızın işğaldan azad olunması və mövcud siyasi, iqtisadi qüdrətimiz Azərbaycanın 2030-cu ilə qədər heç şübhəsiz möhtəşəm inkişaf yolu keçəcəyinə böyük əminlik yaradır.