YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dayanıqlı inkişaf, güclü ordu, dünyaya səs salan Zəfər

Abil Ağasəfov

YAP Qəbələ rayon təşkilatının sədri   

Bugünümüzün əsas müzakirə mövzusu Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq keçiriləcək növbədənkənar prezident seçkiləridir. Seçkilər həm arxada qalan illərdə görülən işlərə baxış, həm də qarşıdakı dövr üçün hədəflərin açıqlanmasıdır. Bir mühüm, eyni zamanda, ölkəmizin, xalqımızın gələcəyinin təminatı olan addımı da qeyd etməliyik ki, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin dekabrın 15-də keçirilən genişləndirilmiş iclasında cənab İlham Əliyevin Prezidentliyə namizədliyi irəli sürüldü və yekdilliklə qəbul olundu. Bu qərar, həmçinin, xalqımızın Prezidentinə sevgisinin, inamının, Onunla birgə addımlamaq istəyinin təqdimatı oldu. Xalqımız bu mühüm addımı böyük sevinc hissi ilə qarşıladı. 2003-cü ildən başlanan yolun uğurları göz qabağındadır. Ulu Öndər Heydər Əliyev 2003-cü il prezident seçkilərində namizədliyini cənab İlham Əliyevin xeyrinə geri götürərək belə bir inamı ifadə etmişdir ki, axıra çatdıra bilmədiyi işləri, planları İlham Əliyev xalqın və Yeni Azərbaycan Partiyasının dəstəyi ilə axıra çatdıra biləcək. Ümummilli Lider cənab İlham Əliyevə Özü qədər inandığını bildirdi.

Ümummilli Lider Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasətin son 20 ildə uğurlu davamının nəticələri göz önündədir. Azərbaycan dayanıqlı və davamlı inkişafı ilə dünyanın diqqətindədir. İqtisadi tərəqqi hər bir sahədə uğurlu addımların atılmasını şərtləndirdi. Azərbaycana hansı sahədən diqqət yetirsək böyük inkişafın, tərəqqinin, yeniliyin şahidi oluruq. İqtisadi tərəqqi ordu quruculuğu sahəsində mühüm addımların atılmasına yol açdı. 20 ilin mühüm uğurlarından biri düşünülmüş və məqsədyönlü siyasətin nəticəsində məğrur, yenilməz xalq olmağımızla fəxr etməyimizdir.  Azərbaycan xalqının başı uca, alnı açıqdır. 44 günlük İkinci Qarabağ müharibəsində Zəfərimiz milli kimliyimizi, qürurumuzu özümüzə qaytardı. İşğal altında olan torpaqlarımız azad olundu, öz tarixi sahibinə qayıtdı.  Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nail olduğu möhtəşəm uğurlar Ulu Öndər  Heydər Əliyevin arzularının həyata vəsiqə almasının təsdiqidir.   Bu gün qürurla qeyd edirik ki, bugünkü Azərbaycan Heydər Əliyevin görmək istədiyi Azərbaycandır. O Azərbaycan ki, siyasətində müstəqildir, davamlı inkişaf modeli dünyaya nümunədir, qalib ölkə kimi nüfuz qazanıb. Artlq torpaqlarımız işğal altında deyil. Soydaşlarımızın torpaq həsrətinə son qoyulub. 

Azərbaycanın regional inkişafın aparıcı qüvvəsinə, dünya birliyinin fəal üzvünə çevrilməsini şərtləndirən mühüm amil xarici siyasətinin dəyişməz prinsipləridir. Azərbaycan böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı maraq və hörmət prinsipləri əsasında əlaqələr qurur.  Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsi mümkünsüzdür. İqtisadi müstəqillik Azərbaycanın siyasi müstəqilliyini şərtləndirdi. Azərbaycanın beynəlxalq münasibətlər sistemində möhkəmlənən mövqeyi, ən əsası bu gün tarixə qovuşan   Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi bazanın mövcudluğu Azərbaycan Ordusunun döyüş meydanında qələbəsinə yol açdı. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın dövlət büdcəsində Silahlı Qüvvələrə ayrılan vəsait birinci yerdə qərarlaşıb. Bu, ordunun maddi-texniki bazasının möhkəmləndirilməsinə, güclü hərbi-sənaye kompleksinin yaradılmasına təkan verib.  Vətən müharibəsində Azərbaycanın güclü ordu modeli bir sistem olaraq qalib gəldi. Ötən dövrdə qoşun birləşmələrinin döyüş hazırlığı müasir standartlar səviyyəsinə çatdırılıb. Əməliyyat işləri, idarəetmə təkmilləşdirilir, xeyli sayda təlimlər keçirilib. Azərbaycan Silahlı Qüvvələrinin maddi-texniki bazası möhkəmləndirilir, yeni silah sistemləri alınaraq istifadəyə verilib. Azərbaycan güclü müdafiə sənayesi yaradıb, ölkədə müasir silahların istehsalına başlanıb. Azərbaycan Silahlı Qüvvələri dövlət müstəqilliyinin ən böyük qarantıdır və o bu vəzifəsini Vətən müharibəsinin gedişində layiqincə təsdiqlədi.  

Azərbaycan hər bir sahədə zəngin təcrübəyə malikdir. Bütün bunlar Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir.

Qısa təhlil cənab İlham Əliyevin Prezidentliyə namizədliyini şərtləndirən amillərə işıq salır. Xalqımız cənab İlham Əliyevin Azərbaycana qazandırdığı uğurlardan bəhs edərkən torpaqlarımızın düşmən tapdağından azad edilməsini xüsusi qeyd edir. Məhz ərazi bütövlüyümüzün və suverenliyimizin təmin olunması növbədənkənar seçkilərin keçirilməsini zərurətə çevirdi.