YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanda növbədənkənar Prezident seçkiləri: Təhlillər və proqnozlar

Elman Nəsirov

Milli Məclisin deputatı,

 YAP Təftiş Komissiyasının üzvü,

siyasi elmlər doktoru, professor

Prezident İlham Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsinin I hissəsini rəhbər tutaraq, habelə Azərbaycan Respublikası Seçki Məcəlləsinin 179-cu madəsinə uyğun olaraq dekabrın 7-də imzaladığı Sərəncamla 2024-cü il 7 fevral tarixinə Azərbaycan Respublikasında növbədənkənar prezident seçkiləri təyin etmişdir. Bu reallıq fonunda siyasi camiyədə xüsusi müzakirə predmetinə çevrilmiş bir sıra məsələlərə aydınlıq gətirməyə çalışaq.

Birincisi, növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı Sərəncam hüquqi baxımdan tam legitimdir. Yuxarıda qeyd olunan mühüm hüquqi sənədlər dövlət başçısına növbədənkənar prezident seçkiləri təyin etmək səlahiyyəti verir.

7 dekabr tarixli Sərəncam siyasi baxımdan da tam legitimdir. Növbədənkənar prezident və parlament seçkiləri keçirmək praktikasına dünyanın əksər ölkələrində rast gəlinir. ATƏT-ə üzv olan 56 dövlətin 33-də ümumi, birbaşa, o cümlədən növbədənkənar prezident seçkilərinin keçirilməsinə icazə verən konstitusiya və digər qanunvericilik aktları mövcudur.Təkcə son 5 il ərzində dünyanın bir çox ölkələrində növbədənkənar parlament və prezident seçkiləri keçirilmişdir. Belə ki, 2019-cu ildə Belarusda, 2021-ci ildə Moldovada, 2022-ci ildə Portuqaliyada, 2023-cü ildə İspaniyada, 2023-cü ildə Niderlandda və eyni ilin 17 dekabrında Serbiyada növbədənkənar parlament, Mərkəzi Asiyanın 4 dövlətində- Qırgızıstan, Qazaxıstan, Türkmənistan və Özbəkistanda müvafiq olaraq 2021, 2022, 2022 və 2023-cü illərdə növbədənkənar prezident seçkiləri keçirilmişdir. 2024-cü ilin 17 mart tarixində Rusiya Federasiyasında da da növbədənkənar prezident seçkiləri keçiriləcəkdir. Bu siyahını uzatmaq da olar. Zənnimizcə, əlavə şərhə ehtiyac yoxdur.

İkincisi, Bu seçkilərin növbədənkənar keçirilməsini şərtləndirən ciddi səbəblər və əsaslar mövcuddur. Araşdırmağa çalışaq.

         Müstəqillik dövründə ölkəmizdə keçirilən həm prezident, həm parlament, həm də bələdiyyə seçkiləri heç bir zaman bütün ölkə ərazisini əhatə etməmişdir. Seçkilər həmişə 80% ərazilərimizdə keçirilmiş, erməni işğalı altında olan 20% ərazilərimiz  bu prosesdən kənarda qalmışdır.

2020-ci ilin sentyabr-noyabr ayrlarında müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz ordumuz tarixi zəfərə imza atıb, ərazi bütövlüyümüzü bərpa etdikdən və cari ilin 19-20 sentyabrında lokal antiterror tədbirlər hesabına Qarabağ iqtisadi rayonu üzərində suverenliyimizi tam, qəti və əbədi təmin etdikdən sonra yeni tarixi reallıq yaranmışdır. Bu reallığın, yəni ərazi bütövlüyümüz və suvernliyimizin 100 % təmin edilməsinin beynəlxalq birlik və ictimaiyyət tərəfindən yubadılmadan, vaxtında qəbul edilməsi növbəti strateji vəzifəyə çevrilmişdir. Bu vəzifənin uğurlu icrası bütün Azərbaycan ərazisində 2025-ci ili gözləmədən növbədənkənar Prezident seçkilərinin keçirilməsini zəruri edən həlledici amildir. Başqa sözlə, növbədənkənar Prezident seçkiləri ilk dəfə bütün Azərbaycan ərazisini əhatə edəcəkdir.

Üçüncüsü, Mərkəzi Seçki Komissiyası (MSK) növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərini Sərəncamda göstərilən tarixə təyin edilməsini və Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq təşkil edilməsini təmin etməlidir. Artıq MSK öz üzərinə düşən vəzifənin icrası istiqamətində konkret addımlar atmağa başlamışdır. Dekabrın 8-də MSK “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nı təsdiq etmişdir. Təqvim planına əsasən, prezidentliyə namizədlərin irəli sürülməsi prosesinə başlanılmışdır.

Bu məqsədlə ilk addım olaraq Yeni Azərbaycan Partiyasının İdarə heyyətinin dekabrın 15-də genişləndirilmiş iclası keçirilmişdir. İclasın gündəliyinə aşağıdakı 4 məsələ daxil edilmiş və geniş müzakirə olunmuşdur:

- 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədinin irəli sürülməsi;

- 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının Tədbirlər Planının təsdiq edilməsi;

- Azərbaycan Respublikası Prezidentliyinə namizəd irəli sürmüş Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin təyin edilməsi;

- Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının yaradılması və onun tərkibinin təsdiq edilməsi.

         Müzakirələrin sonunda Yeni Azərbaycan Partiyasının Sədri İlham Heydər oğlu Əliyevin 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidentinin seçkilərində Yeni Azərbaycan Partiyasından namizəd irəli sürülməsi haqqında yekdilliklə qərar qəbul olunmuşdur.

Daha sonra iclasın gündəliyində olan digər məsələlərlə də bağlı qərarlar qəbul olunmuşdur. İclasda 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının Tədbirlər Planı təsdiq edilmişdir.

Yeni Azərbaycan Partiyası Azərbaycan Respublikası Prezidenti seçkilərində İlham Heydər oğlu Əliyevin namizədliyinin təsdiq edilməsi üçün tələb olunan sənədləri Azərbaycan Respublikası Seçki Məcəlləsinin 54.5 maddəsinə əsasən 2023-cü il dekabrın 16-da Mərkəzi Seçki Komissiyasına təqdim etmişdir.

Beləliklə, ulu öndər Heydər Əliyevin yaratdığı ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyası yenidən növbədənkənar prezident seçkilərinə vahid namizədi- müzəffər Ali Baş Komandan İlham Əliyev ilə qatılır. Elə bir rəhbərlə ki, tarixi zəfəri ilə öz adını təkcə ölkəmizin zəngin döyüş tarixinə deyil, dünyanın qalibiyyətlərlə dolu hərb tarixinə əbədi həkk etmişdir. Bu baxımdan İlham Əliyev tarixi şəxsiyyətdir. Tarix yazan və tarixə yazılan sərkərdədir.