YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Humanist mövqe

Rüstəm Nağıyev

YAP Gədəbəy rayon təşkilatının sədri

Dövlət başçısı İlham Əliyevin hər bir müsahibəsi, çıxışı Azərbaycan reallıqlarının dünya ictimaiyyətinə çatdırılmasında zəngin mənbədir. Bu baxımdan dekabrın 9-da “Euronews” televiziyasında yayımlanan müsahibəsi ölkə və dünya mətbuatında geniş müzakirə olunur.

Dövlət başçısı İlham Əliyev post-münaqişə dövrünün reallıqları fonunda iqtisadi inkişaf tempinə toxunaraq bildirmişdir ki, bu ilk növbədə həyata keçirilən islahatların nəticəsidir. Ardıcıl iqtisadi siyaəst nəticəsində ilk növbədə iqtisadiyyatımızı şaxələndirməyə, neft və qaz sektorundan asılılığı azaltmağa nail olmuşuq. Son 20 ildə  çox mühüm layihələrin icrasına 300 milyard dollardan artıq sərmayə cəlb edilib. Bu il neft hasilatının cüzi aşağı düşməsi səbəbindən bizim iqtisadi artımımız nisbətən zəif olsa da son 20 il ərzində Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) dörd dəfə artıb və bu, çox əhəmiyyətli nailiyyətdir.

Bu iqtisadi inkişaf fonunda son 20 ildə yoxsulluq səviyyəsində yaşayan əhalinin sayı təqribən 50 faizdən 5,5 faizə qədər enib. Bu onu nümayiş etdirir ki, enerji layihələrinin həyata keçirilməsi nəticəsində əldə edilmiş sərvət əhalimizin bütün seqmentləri arasında ədalətli bölünüb.

Xarici borcun səviyyəsinin hər il azaldığını qeyd edən ölkə başçısı bildirdi ki, bu gün bu rəqəm ÜDM-in 10 faizindən aşağıdır. Növbəti il üçün hədəf ÜDM-in 7 faizidir. Bu isə Azərbaycan iqtisadiyyatının dayanıqlılığını nümayiş etdirir.

Hökumətin siyasətinə aydınlıq gətirən cənab Prezident deyib: ”Bizim əsas dövlət xərclərimiz azad edilmiş Qarabağa və Şərqi Zəngəzura yönləndiriləcək. Birincisi, ona görə ki, biz keçmiş məcburi köçkünləri mümkün qədər tez yerləşdirməliyik. 2026-cı ilin sonunadək biz 140 min insanı yerləşdirməyi planlaşdırırıq. Bunun üçün isə biz infrastruktura, yaşayış yerlərinin inşasına və sosial infrastruktura böyük vəsait yatırmalıyıq. Bununla yanaşı, 30 il işğal altında olmuş bu ərazilərin kənd təsərrüfatı, hidroelektrik enerjisi, günəş və külək enerjisi, turizm kimi sahələrdə böyük potensialı var. Bu, dövlət investisiya proqramının əsas sahəsi olacaq.”

Özünün həyata keçirdiyi xarici siyasətin əsas uğurlarından biri olan ölkəmizin bir çox böyük beynəlxalq oyunçular tərəfindən etibarlı tərəfdaş qəbul edildiyini bildirən ölkə başçısı bildirdi ki, Azərbaycanı istənilən rəqabətdən, geosiyasi mübarizədən və ya böyük dövlətlərin toqquşmasından qorumaq üçün lazımi addımlar atılır. Bu da ilk növbədə müstəqil siyasət yürütməyin nəticəsi kimi qiymətləndirilməlidir: “Əsas amillərdən biri ölkəni qarşıdurma, yaxud rəqabət arenasına çevirməməklə dövləti mənfi xarici təsirdən və daxili işlərə müdaxilədən qorumaqdır.”

Prezident İlham Əliyev qonşu dövlətlərlə iqtisdi əlaqələrin inkişafından məmnunluq ifadə dərək bildirmişdir ki, son iki ildə Azərbaycan və bütün Mərkəzi Asiya ölkələri arasında və Mərkəzi Asiya ölkələrinin özləri arasında fəal qarşılıqlı əlaqə görünməmiş dərəcədə yüksəkdir.

İlk növbədə belə əməkdaşlığın yaranması və inkişafı sabitliyə bağlıdır. ”Sabitlik olmasa, investisiya, iqtisadi inkişaf və təhlükəsizlik olmaz. SPECA Proqramına üzv olan bütün ölkələrlə mükəmməl əlaqələrimiz var. Azərbaycanın Mərkəzi Asiyada investisiyaları və Mərkəzi Asiyanın Azərbaycanda investisiyaları durmadan artır.”

Müstəqil siyasətimizin davam edəcəyini və Qoşulmama Hərəkatının üzvü kimi bizi düşündürən əsas məslənin qarşılıqlı etimad şəraitində və dünya birliyinin bərabərhüquqlu üzvü kimi beynəlxalq arenada müstəqil siyasət yürütməyə davam etdirmək niyyətimizi hamı birmənalı şəkildə bilməlidir: “Biz dördüncü ildir ki, BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına sədrlik edirik. Bir çox üzv ölkənin - 120 üzv ölkənin ümumi rəyinə əsasən Azərbaycan Qoşulmama Hərəkatına yeni ölçü və dinamika verməkdə önəmli rol oynamışdır.”

Ermənistanla bağlanacaq sülh sazişinin şərtlərinə toxunan ölkə başçısı qəti mövqeyini bir daha bildirərək qeyd etdi ki, “Ermənistanda azərbaycanlıların sayı ermənilərin Azərbaycandakı sayından daha çoxdur və təxminən 300 min insan təşkil edir. Əgər rəsmi İrəvan Azərbaycanda erməni azlığı məsələsini əks etdirmək istəyirlərsə, onda biz də otuz il əvvəl Ermənistandan qovulmuş azərbaycanlı azlığı məsələsini daxil etmək istərdik. Ölkəmiz iki milli azlığın məsələsini, onların hüquqları və təhlükəsizliyini, o cümlədən qayıtmaq hüququnu qeyd edir. Yəni, təkcə ermənilərin Azərbaycana qayıtması deyil, o cümlədən azərbaycanlıların Ermənistana qayıtması məsələsini qoyuruq. Azərbaycanlıların 30 il əvvəl qovulması və ermənilərin iki ay əvvəl ölkəmizi tərk etmək qərarı arasında fərqin əhəmiyyəti yoxdur.Qarabağ erməniləri ilə bağlı ictimaiyyətə verdiyimiz bəyanat və sonradan atdığımız addımlar göstərdi ki, biz istəyirdik onlar qalsınlar. Azərbaycan elektron qeydiyyat portalını yaradıb. Qayıtmaq istəyən hər kəsin belə bir hüququ var. Onların mülkiyyəti lazımi dərəcədə qorunur. Bütün tarixi və dini yerlər lazımınca qorunur.”

Azərbaycanın çoxmillətli, çoxkonfessiyalı bir ölkə olduğunu və azərbaycanı yaxşı tanıyan hər kəsin bunu bildiyini qeyd edən ölkə başçısı bir daha vurğuladı ki, Azərbaycanda bir çox etnik qruplar var. Bu etnik qrupların bəziləri, bir neçəsi, onlara mənsub olan insanlar Qarabağda erməni əhalisindən qat-qat çoxdur. Onların hamısı sülh içində yaşayır, onlar bütün hüquq və təminatlardan faydalanırlar. Geri qayıdacaqları təqdirdə Qarabağ ermənilərinin hüquqları təmin olunacaqdır. Onların dil, tədris, din, bələdiyyə hüquqları nəzərə alınıb. Onlar bələdiyyə seçkiləri vasitəsilə öz nümayəndələrini seçə bilərlər və orada yaşamağa davam edə bilərlər.

Kifayət qədər aydın mövqedir. Ona görə də Azərbaycana qarşı kampaniya aparanlar bir daha dərindən düşünməli və Azərbaycan Prezidentinin onlara uzatdığı əli tutmalıdırlar. Hər bir halda bu, regionda sülhə və sabitliyə aparan yolun başlanğıcıdır və ölkə başçısının humanist və realist mövqeyidir.