YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əlaqələr inkişaf edir

Malik Mirzəyev

YAP Lerik rayon təşkilatının sədri

Dekabrın 10-da Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi keçirilib. Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev, Serbiya Prezidenti Aleksandar Vuçiç və Bolqarıstan Prezidenti Rumen Radev iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev imzalanmış strateji tərəfdaşlıq haqqında bəyannamənin əməkdaşlıq əlaqələrinin yüksək statusunun ifadəsi olduğunu, interkonnektorun fəaliyyətinin ölkələrin sənaye inkişafına böyük töhfə verəcəyini vurğulayıb.

Azərbaycanla ikitərəfli siyasi, mədəni və iqtisadi əlaqələri möhkəmlənən dövlətlərdən biri də Serbiyadır. İki ölkə arasında əlaqələrin inkişafına təkan verən mühüm amillərdən biri də Belqradın Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlər sırasında olmasıdır. Eyni zamanda Azərbaycan və Serbiya rəhbərliyi arasında çox yaxın və qarşılıqlı etimada dayanan münasibətlər də siyasi və iqtisadi proseslərin inkişafına təkan verir. İki ölkənin dövlət başçıları səviyyəsində son illər intensivləşən qarşılıqlı səfərlər iki ölkə arasında əməkdaşlıq sahələrinin genişləndirilməsi və dərinləşdirilməsi üçün zəmin yaradıb. İki ölkə enerji sahəsindəki əməkdaşlıqda yeni imkanlar açıb. Serbiya Azərbaycanın Avropada qaz bazarını şaxələndirməsində yeni tərəfdaşıdır. Serbiyaya qaz tədarükü nəticəsində Azərbaycan qazını idxal edən ölkələrin sayı 9-a çatıb.

“Biz strateji tərəfdaşıq. Çünki strateji tərəfdaşlıq haqqında bəyannamə imzalanmışdır və sözdə, sənəddə və əməldə bu yüksək statusa sadiqliyimizi göstəririk”, - deyə dövlətimizin başçısı vurğulayıb. Serbiya-Bolqarıstan qaz interkonnektoru layihəsi (Niş-Dimitrovqrad-Bolqarıstan) qismən Avropa İttifaqının 49,6 milyon avro məbləğində qrantları, həmçinin Serbiyanın Avropa İnvestisiya Bankının 25 milyon avro güzəştli krediti hesabına maliyyələşdirilib. Bu vəsaitləri Serbiya qaz kəmərinin öz hissəsinin tikintisi üçün ödəyəcək. Yeni qaz kəməri Nişdəki mövcud Serb şəbəkəsini paytaxt Sofiyadakı Bolqarıstan şəbəkəsi ilə birləşdirəcək. Qaz kəmərinin Serbiya hissəsinin uzunluğu 109 kilometrdir. Borunun diametri 700 mm və maksimum təzyiqi 55 bar olan onun gücü ildə Serbiyanın ümumi illik istehlakının 60 faizinə bərabər olan 1,8 milyard kubmetr təbii qazı vurmağa imkan verəcək. Açılış mərasimində həmçinin Azərbaycanın Bolqarıstana bu il 1 milyard kubmetrə yaxın qaz ixrac edəcəyi bildirilib. Azərbaycanın Serbiya üçün etibarlı tərəfdaş olması mövqelərimizin hər zaman üst-üstə düşməsinə gətirib çıxardır. Bu gün Serbiya və Azərbaycan iki dost və strateji tərəfdaş ölkələr kimi bir-biri ilə daha sıx əlaqədədirlər. Azərbaycanla Serbiya arasında iqtisadiyyat və sərmayə sahələrində əməkdaşlığın dərinləşməsi üçün çox böyük imkanlar mövcuddur.

Azərbaycan ilə Serbiya arasında siyasi münasibətlər yüksək səviyyədədir. Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlıq edirlər. Azərbaycan və Serbiya arasında imzalanan sənəd tərəflər arasında qarşılıqlı maraqların, qlobal və regional təhlükəsizliyin təmin edilməsi, əməkdaşlığın, əlaqələrin inkişafı baxımından çox əhəmiyyətli sayılır. İki ölkə arasında əlaqələrin gücləndirilməsində təbii ki, qarşılıqlı səfərlər mühüm əhəmiyyət daşıyır. Əldə olunan nəticələr onu deməyə əsas verir ki, Serbiya və Azərbaycan iki dost ölkə kimi bundan sonra da uğurla əməkdaşlıq edəcəklər. Bir sözlə tam əminliklə söyləyə bilərik ki, Azərbaycan-Serbiya əlaqələri yeni inkişaf mərhələsinə qədəm qoyub.