YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Böyük potensial

Cavid Osmanov

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

“Euronews” televiziyasına verdiyi müsahibədə Prezident İlham Əliyev  bildirib ki, iqtisadi inkişafın təməlində aparılmış islahatlar dayanır. Azərbaycan öz iqtisadiyyatını şaxələndirməyə, neft və qaz sektorundan asılılığı azaltmağa nail olub. Son 20 ildə ölkəyə 300 milyard dollardan artıq sərmayə cəlb edilib. Neft və qaz sektoru ölkə iqtisadiyyatının əsas hissəsi olmaqda davam edir. Bu il neft hasilatının cüzi aşağı düşməsi səbəbindən ölkəmizin iqtisadi artımı nisbətən zəifdir. Lakin son 20 il ərzində Azərbaycanın ümumi daxili məhsulu dörd dəfə artıb və bu, çox əhəmiyyətli nailiyyətdir. Xarici borcun səviyyəsi hər il azalır. Bu gün bu rəqəm ümumi daxili məhsulun 10 faizindən aşağıdır. Növbəti il üçün hədəf 7 faizidir. Bu isə Azərbaycan iqtisadiyyatının dayanıqlılığını nümayiş etdirir.

Prezident İlham Əliyev müsahibəsində bildirib ki, ölkədə həyata keçirilmiş düşünülmüş sosial siyasət nəticəsində son 20 ildə yoxsulluq səviyyəsində yaşayan əhalinin sayı təqribən 50 faizdən 5,5 faizə qədər enib. Bu onu nümayiş etdirir ki, enerji layihələrinin həyata keçirilməsi nəticəsində əldə edilmiş sərvət əhalimizin bütün seqmentləri arasında ədalətli bölünüb. İqtisadi artımı təmin edəcək sahələrə investisiyaların qoyuluşu prioritet təşkil edir. 2030-cu il üçün hədəf və strategiya ölkə resurslarına, maliyyə imkanlarına əsaslanır və qarşıdan gələn illərdə iqtisadi artımı təmin edəcək sahələrə yerli və xarici investisiyaların qoyuluşundan ibarətdir.

“Euronews” televiziyasına müsahibəsində Prezident İlham Əliyev qeyd edib ki, əsas dövlət xərcləri azad edilmiş Qarabağa və Şərqi Zəngəzura yönləndiriləcək. Keçmiş məcburi köçkünlər mümkün qədər tez yerləşdirməlidirlər. 2026-cı ilin sonunadək 140 min insanın yerləşdirilməsi planlaşdırılır. Bunun üçün isə infrastruktura, yaşayış yerlərinin inşasına və sosial infrastruktura böyük vəsait yatırılmalıdır. Ölkə başçısı həmçinin qeyd edib ki, yanacaq enerjisi sahəsinə investisiyaların qoyuluşu davam edəcək. Çünki təbii ehtiyatlar baxımından Azərbaycanda böyük potensial var, Avropada Azərbaycan qazına böyük ehtiyac var və bu ehtiyac artmaqdadır. Əhəmiyyətli inkişaf bərpaolunan enerji mənbələri ilə bağlıdır. Bu, birbaşa xarici investisiyaların əsas istiqaməti olacaq. Ötən ay regionun ən böyük, 230 meqavat gücündə olan və xarici investorlar tərəfindən tam maliyyələşdirilmiş günəş elektrik stansiyasının açılışı olub. Növbəti 5-6 ildə 10 qiqavat həcmində günəş və külək enerjisinin istehsalı planlaşdırılır. Azərbaycan bir çox böyük beynəlxalq oyunçular tərəfindən etibarlı tərəfdaş hesab edilir və biz bu əməkdaşlığın real nəticələrini görürük. Azərbaycanı istənilən rəqabətdən, geosiyasi mübarizədən və ya böyük dövlətlərin toqquşmasından qorumaq üçün lazımi addımlar atılır. Azərbaycan müstəqil xarici və daxili siyasətə malik ölkədir və bu siyasəti milli maraqlara əsaslanaraq yürüdür. Əsas amillərdən biri ölkəni qarşıdurma, yaxud rəqabət arenasına çevirməməklə dövləti mənfi xarici təsirdən və daxili işlərə müdaxilədən qorumaqdır.

Prezident İlham Əliyev müsahibəsində onu da bildirib ki, ölkəmizin enerji sahəsinin inkişafı neft hasilatından təbii qaz istehsalına keçid edib. Bununla yanaşı, Azərbaycanın neft hasilatı və ixracı hələ də bir çox ölkənin enerji təhlükəsizliyinin bir hissəsidir. Üç il öncə 3500 kilometr uzunluğunda inteqrasiya edilmiş qaz boru kəmərlərindən ibarət olan Cənub Qaz Dəhlizinin başa çatdırılması Azərbaycana özünün qaz təchizatının coğrafiyasını genişləndirmək imkanı yaratdı. Bu gün ölkəmiz Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, İtaliya və Rumıniyaya qaz ixrac edir.

“Euronews” televiziyasına müsahibəsində Prezident İlham Əliyev  vurğulayıb ki, hətta işğal dövründə iqtisadiyyatımız inkişaf edib. Artıq ölkəmiz ərazi bütövlüyü və suverenliyini tam bərpa edib. Genişmiqyaslı iqtisadi islahatlar aparılır ki, büdcədə daha çox vəsait toplansın. Gömrük və vergi inzibatçılığı sahəsində olduqca uğurlu islahatlar həyata keçirilib. Bundan əlavə, bağlantı layihələrindən böyük həcmdə mənfəət əldə olunacaq. Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərindən Azərbaycan ərazisindən keçən, müxtəlif istiqamətlərə daşınan 10 milyonlarla ton əlavə yük gözlənilir. Bu, məşğulluq, əlavə vəsait, Azərbaycanın geosiyasi əhəmiyyəti deməkdir. Azərbaycan bir ay içində xarici borcunu ödəyə bilər. Dünyada bunu edə biləcək çox ölkə yoxdur. Əsas beynəlxalq aktorlarla yaxşı siyasi əlaqələri olan, özünü təmin edən iqtisadiyyat və ölkədəki siyasi sabitlik və birlik - bütün bu amillər onu göstərir ki, ölkəmizdə daxili risklər yoxdur.