YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni dövrün reallıqları

Elmar Əhmədov

YAP Salyan rayon təşkilatının sədri

Azərbaycanın hazırda innovasiyalar ölkəsi kimi nüfuz qazanmasında yeni texnologiyaların inkişafına və tətbiqinə xüsisi önəm verməsi əhəmiyyətli rol oynayır. Dövlət başçısı İlham Əliyev dekabrın 6-da ADA Universitetində keçirilən  “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda diqqəti bu məsələyə yönəltdi. Bildirdi ki, bu ilin oktyabr ayında Azərbaycan Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etdi. Bu tədbir  dünya miqyasında ən böyük tədbirdir.  Ölkəmiz  ikinci dəfə bu tədbirə ev sahibliyi etdi. Tədbir birinci dəfə  Bakıda 1973-cü ildə keçirilmişdi.  50 il sonra yenə də Bakıda keçirildi.

Dünyanın texnoloji gündəliyinin Azərbaycanda müzakirə olunması ölkəmizin bu sahədə qazandığı uğurların, zəngin təcrübənin təqdimatı oldu. Azərbaycanın  peyklər və gələcəkdə həyata keçiriləcək layihələr sayəsində kosmik sənayenin inkişafı ilə bağlı artıq müəyyən təcrübəsi  var. Ölkəmizin  texnoloji transformasiyaya hazırlığını nümayiş etdirən amillərdən biri də Davos Dünya İqtisadi Forumunun Azərbaycanı  Dördüncü Sənaye İnqilabı üzrə mərkəzinin yerləşdiyi ölkə kimi seçməsidir.  Bu mərkəzin açılışı bir neçə il bundan əvvəl oldu.  Dövlət başçısı bildirdi ki, mərkəzin Qafqazı və Mərkəzi Asiyanı əhatə etməsi bizi fərəhləndirir: “Biz Dördüncü Sənaye İnqilabının həyatımıza sürətli müdaxiləsi ilə müşayiət olunacaq çağırışların, xüsusilə məşğulluqla bağlı çağırışın idarə edilməsi üzərində fəal çalışırıq.”

Azərbaycanda müsbət demoqrafik vəziyyətin mövcud olduğunu önə çəkən cənab İlham Əliyev qeyd etdi ki, bu, bizi məşğulluq məsələsi üzərində işləməyə məcbur edir. Müstəqillik dönəmində əhalimiz yeddi milyondan on milyona və hətta bundan da çox artdı. Məşğulluq iqtisadi və sosial inkişafın çox mühüm amilidir. Buna görə də sənaye inqilabı insanların adət etdiyi bir çox işləri aradan qaldırdıqda ciddi  problem yaradacaq. Buna görə də  xalqımız, gənc nəsil  indi mövcud olmayan yeni işlərdə çalışmağa hazır olmalıdır: “Bu məqsəd üçün isə əlbəttə ki, Elm və Təhsil Nazirliyi tərəfindən çoxlu işlər görülməlidir. Yeri gəlmişkən, bu nazirlikdə də nisbətən bu yaxınlarda islahatlar aparılmışdır. İndi onun adı Elm və Təhsil Nazirliyidir. Peşə təhsili, biz ona da böyük önəm veririk. Beləliklə, bütün bunlar, texnoloji inkişaf, təhsil və əlbəttə ki, beynəlxalq təmaslar və aparıcı IT şirkətləri ilə əməkdaşlıq. Deyərdim ki, bütün aparıcı IT şirkətləri ilə mükəmməl əməkdaşlığımız mövcuddur. Beləliklə, bu, Texnoloji İnkişaf Mərkəzi kimi özünü təqdim etmək üçün Azərbaycanın gələcəyidir.”

Bu gün işğaldan azad edilmiş ərazilərimizdə tətbiq olunan yeniliklər Azərbaycanın yeni texnologiyaların inkişafında nə qədər maraqlı olduğunu təsdiqləyir. Azad olunmuş ərazilərin bərpasında yeni, müasir texnologiyaların – ağıllı texnologiyaların, layihələrin tətbiq olunması istiqamətində tədbirlər davamlılığı ilə diqqətdədir.  Belə ki, beynəlxalq təcrübədən istifadə edilərək “ağıllı şəhər”, “ağıllı kənd” kimi konsepsiyalar həyata keçirilir. “Ağıllı kənd” məşğulluğun təmin olunması modeli kimi də çox vacib mexanizmdir. Məskunlaşma prosesinin intensiv aparılmasına, sistemli şəkildə reallaşmasına imkan verir. Elektron təhsil, elektron tibb, alternativ enerji, elektron ticarət və nəqliyyat da bu konsepsiyanın üstünlüklərindəndir.

Dövlət başçısı İlham Əliyev Forumdakı çıxışında onu da qeyd etdi ki,  indi ola bilsin Azərbaycanı çox müasir texnoloji innovasiyaları yaradan ölkə kimi təsəvvür etmək real görünmür. Lakin zaman gələcək və  bunu edəcəyik.

Təbii ki, bu əminliyə əsas verən Azərbaycanın qarşısına qoyduğu hər bir hədəfə zamanında nail olmasıdır. Ölkəmiz dövrün çağırışlarını daim yüksək səviyyədə cavablandırır. Bu, beynəlxalq maliyyə qurumlarının hesabatlarında da öz əksini tapır. Azərbaycan yenilikçi imicinə daim yeni əlavələr edir.

Forumda cənab İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizdə tətbiq olunan yeni idarəetmə sistemindən də bəhs etdi. Bu təcrübənin digər bölgələrdə də tətbiqi hədəflər sırasındadır. Məqsəd səmərəliliyin artırılması, işlərə nəzarətin gücləndirilməsi və zamanında başa çatdırılmasıdır. İşğaldan azad edilmiş ərazilərimizdə Prezidentin şəxsi nümayəndəliyinin fəaliyyətinin müsbət nəticəsi  görülən işlərin miqyasının genişliyində özünün aydın ifadəsini tapır. İdarəçilik sistemində təkmilləşmə davamlı inkişafın əsasıdır.

Forum Azərbaycanın bütün sahələrdə qazandığı uğurların təqdimatı oldu. Məhz bu uğurlar ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsini şərtləndirdi. Artıq qalib Azərbaycan yeni dövrün reallıqlarını yaşayır. Böyük Qayıdış proqramının uğurla başa çatdırılması prioritetdir.