YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dövrün reallığı

Etibar Hacıyev

YAP Ağstafa rayon təşkilatının sədri

Azərbaycan bu gün  beynəlxalq əhəmiyyətli tədbirlərin təşəbbüskarı və təşkilatçısı kimi tanınır. Xüsusilə  44 günlük İkinci Qarabağ müharibəsindən sonra keçirilən beynəlxalq tədbirlərdə işğaldan azad olunan ərazilərimizin dirçəldilməsi və beynəlxalq nəqliyyat dəhlizlərinin mühüm komponentinə çevrilməsi istiqamətində görülən işlərin təbliğinə geniş yer verilir. Ən diqqətçəkən məqamlardan biri də odur ki, bu konfrans və forumların əhatə dairəsinin genişlənməsi,  iştirakçılarının sayının artması həmin tədbirlərə beynəlxalq səviyyədə marağın artdığını göstərir. Bu, eyni zamanda, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın tarixi Zəfərindən dərhal sonra dövlətimizin başçısının Cənubi Qafqazın sülh və əməkdaşlıq regionuna çevrilməsi istiqamətində həyata keçirdiyi ardıcıl, mütərəqqi siyasətə beynəlxalq ictimaiyyətin yüksək diqqətinin, artan marağının əyani ifadəsidir. Dekabrın 6-da ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusunda Forum keçirildi. Tədbirin mövzusu özündə bütün məqamları ehtiva etdi.

Reallıq budur ki, Azərbaycan 30 illik işğal dövründə məsələnin sülh yolu ilə həlli istiqamətində səylər göstərdi. İşğalçı Ermənistan isə havadarlarının dəstəyinə arxalanaraq aparılan sülh danışıqlarına imitasiya naminə qatılaraq yeni ərazilər uğrunda müharibə planları hazırlamaq üçün vaxt qazandı. Ermənistanın baş naziri Nikol Paşinyan “Qarabağ Ermənistandır və nöqtə” bəyanatı ilə münaqişənin sülh danışıqları əsasında mümkünsüzlüyünü açıq-aydın şəkildə nümayiş etdirdi. 44 günlük Vətən müharibəsi dövründə  ermənilərin işğal altında olan torpaqlarımızda  qurduqları istehkamları gördükdə onların bu torpaqları geri qaytarmaq fikrində olmadıqları bir daha təsdiqləndi. 44 günlük İkinci Qarabağ müharibəsinə gedən yolu dövlət başçısı İlham Əliyev bütün çıxışlarında, müsahibələrində əsaslı şəkildə diqqətə çatdırır. Bununla bərabər 44 günlük Vətən müharibəsi, həmçinin postmünaqişə dövrünün reallıqlarından geniş bəhs olunur.  

Məşhur beyin və tədqiqat mərkəzlərini təmsil edən 60-dan artıq xarici qonağın iştirak etdiyi sözügedən  Forum qayıdış prosesinin sosial, iqtisadi, təhlükəsizlik və infrastruktur aspektlərini və Azərbaycanda beynəlxalq təcrübənin tətbiqini müzakirə etməyə imkan verdi. “Mən bu cür toplantıları faydalı hesab edirəm, çünki bu təmas vaxtı biz bir sıra vacib məsələləri müzakirə edirik. Mən də beynəlxalq ekspert dairələrində regionumuzda cərəyan edən son proseslərlə bağlı hansı sualların olduğunu daha da yaxşı anlayıram” söyləyən dövlət başçısı İlham Əliyev vurğuladı ki, regionda vəziyyət dəyişir və böyük dərəcədə dəyişikliklərin təşəbbüskarı Azərbaycandır. Bu təbiidir. Çünki Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin üzərində suverenliyini tam bərpa etməli idik: “Biz bunu sülh yolu ilə etmək istəyirdik, eyni şəkildə biz təqribən 30 il ərzində Ermənistan ilə münaqişəni dinc yolla həll etmək istəyirdik. Lakin, təəssüflər olsun ki, bu mümkün olmadı. Bunun bir çox səbəbi var idi və biz onları ötən görüşlərimizdə ətraflı şəkildə müzakirə etmişik. May ayındakı sonuncu görüşümüzdən bu yana, - tam bu heyətlə deyil, ancaq Şuşada olan iştirakçıların əksəriyyəti bu gün buradadır, – bizim hələ də ümidlərimiz var idi ki, Ermənistanın rəhbərliyini özünün beynəlxalq öhdəliklərini əməl etməyə inandırmaq mümkün olacaq. Xüsusilə də 2020-ci il noyabrın 10-u erkən saatlarda mənim, Rusiya Prezidentinin və Ermənistanın baş nazirinin imzaladığı Bəyanatla bağlı. Biz ümid edirdik ki, onlar öz imzalarına hörmət edəcək və uzun müddət davam edən qarşıdurmaya son qoymaq üçün vacib addımlar atacaqlar. Başqa sözlə desək, onlar öz qoşunlarını Qarabağdan çıxarmalı idilər. Onlar müxtəlif səbəblərdən bunu etmədilər.”

Dövlət başçısı İlham Əliyev tarixi Zəfərimizdən sonra Azərbaycanın regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlərdə yeni səhifənin açılması üçün sülh müqaviləsinin imzalanmasını təklif etməsindən, işğalçı dövlətin 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan irəli gələn öhdəlikləri yerinə yetirməməsindən, Azərbaycan Ordusunun bu ilin sentyabrın 19-da bir günlük lokal antiterror tədbirlərini həyata keçirməsini şərtləndirən amillərdən və nəticələrindən geniş bəhs etdi. Bu gün Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə Azərbaycan Bayrağı dalğalanır.  

Azərbaycan tarixi Zəfərimizin reallıqları fonunda sülh və əməkdaşlıq  gündəlyinin müəllifi olaraq atdığı addımlarla yanaşı, eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə apardığı gemnişmiqyaslı bərpa-quruculuq işləri ilə də diqqətdədir.  Görülən işlər soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışı ilə müşaiyət  olunur. Qayıdış ünvanlarının sayı getdikcə artır. Dövlət başçısı İlham Əliyev sözügedən Forumda “Qarabağın yenidən qurulmasına gəldikdə, təbii ki, əsas maneə zaman və minalardır. Bizim rəqibimiz zamandır, çünki biz bu işləri ən qısa müddətdə həyata keçirmək niyyətindəyik. Bundan əlavə, Qarabağın yenidən qurulması üçün maliyyə vəsaiti toplamışıq və bu, investisiya proqramımızın əsas hissəsini təşkil edəcək. Müqayisə üçün deyim ki, Qarabağın yenidən qurulmasına daha çox vəsait xərcləyəcəyik, - mən dövlət investisiyalarını nəzərdə tuturam, - ölkənin qalan hissəsinə nisbətən daha çox” söyləyərək onu da bildirdi ki, bu, ölkənin qalan hissəsini diqqətdən kənar qoyduğumuz anlamına gəlmir. Uzun illər ərzində  ölkənin qalan hissəsinə artıq milyardlarla manat investisiya yatırmış və əksər infrastruktur layihələrini başa çatdırmışıq. Lakin hazırda Qarabağ bizim əsas prioritetimizdir. Bölgənin özü və ən əhəmiyyətlisi, evlərinə dönməyi gözləyən insanlardır.

Qısa təhlil belə bir ümumiləşdirməyə əsas verir ki, dövlət başçısı İlham Əliyevin hər bir çıxışı reallıqlarımız və qarşıdakı dövrün hədəfləri ilə bağlı daha dolğun məlumatların əldə edilməsi üçün zəngin mənbədir. Azərbaycan daim gələcəyi düşünür və ona  doğru inamla addımlayır.