YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Regionda böyük dəyişikliklərin təşəbbüskarı Azərbaycandır

Fəqət Şadlinskaya

YAP Bərdə rayon təşkilatının sədri

Dövlət başçısı İlham Əliyevin hər bir çıxışı həqiqətlərimizin təbliği ilə yanaşı, Ermənistana və ona havadarlıq edən dövlətlərə mesajları ilə diqqətdədir. Bu baxımdan dekabrın 6-da ADA Universitetində Prezident İlham Əliyevin iştirakı, ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumu xüsusi diqqətdə oldu. Ünvanlanan çoxsaylı sualların hər birinə verilən cavablar Azərbaycanın bu günü və gələcəyi ilə bağlı gözlətilərə işıq saldı.  Azərbaycan daim əməkdaşlıq məkanı kimi diqqətdə olub. Yerləşdiyi coğrafi məkan, xarici siyasətinin dəyişməz prinsipləri həm yeni dostlar, tərəfdaşlar qazanmasını şərtləndirir, həm də ölkələr, xalqlar arasında körpü rolunu daha da möhkəmləndirir. Dövlət başçısı İlham Əliyevin Forumdakı çıxışında Azərbaycanın iqtisadi müstəqilliyinin möhkəmləndirilməsi ilə siyasi çəkisinin artmasından, ordu quruculuğu sahəsində qazanılan uğurlardan, dünyanın enerji təhlükəsizliyinin təminatına töhfələrindən, Ermənistanın havadarlarının dəstəyinə arxalanaraq hələ də sülh müqaviləsinin imzalanması barədə düşünməməsindən və digər məsələlərdən geniş bəhs edildi.

Bu məqam diqqətdən kənarda qala bilməz ki, dövlət başçısı İlham Əliyev bütün məsələlərlə bağlı Azərbaycanın mövqeyini açıqlamaqla bir daha ölkəmizin  siyasətində müstəqil olduğunu, xarici siyasətinin prinsiplərinin dəyişməzliyini təsdiqlədi. “Regionda vəziyyət dəyişir və böyük dərəcədə dəyişikliklərin təşəbbüskarı Azərbaycandır. Bu təbiidir, çünki biz Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin üzərində suverenliyini tam bərpa etməli idik. Biz bunu sülh yolu ilə etmək istəyirdik, eyni şəkildə biz təqribən 30 il ərzində Ermənistan ilə münaqişəni dinc yolla həll etmək istəyirdik. Lakin, təəssüflər olsun ki, bu mümkün olmadı. Bunun bir çox səbəbi var idi və biz onları ötən görüşlərimizdə ətraflı şəkildə müzakirə etmişik” bildirən cənab İlham Əliyev hazırkı dövrün belə bir reallığını da diqqətə çatdırdı ki, bir neçə beynəlxalq çağırışla üz-üzəyik. Təəssüflər olsun ki, tərəfdaş hesab etdiyimiz bəzi ölkələr tərəfindən anlaşılmazlıq görür və biz mövqeyimizi izah etməyə çalışırıq. İzah edirik ki, beynəlxalq hüququn normaları hər kəs üçün mütləqdir və selektiv yanaşmaya yol vermək olmaz. Azərbaycan etdiyini BMT Nizamnaməsinin özünümüdafiə ilə bağlı 51-ci maddəsinə uyğun olaraq edib. Bu, beynəlxalq hüquqa əsasən olunub və istənilən ölkə kimi Azərbaycanın da suveren hüququ var ki, ərazisinə tam nəzarət etsin.

Ölkə Prezidentinin çağırışında da qeyd olunduğu kimi, Azərbaycan 30 il işğal dövrünü yaşadı. Torpaqlarımızın 20 faizi işğal altında, bir milyondan çox soydaşımız qaçqın, məcburi köçkün vəziyyətində yaşadı. Soydaşlarımız torpaq həsrətinə son qoyulacağı günü səbirsizliklə gözləyirdilər. Nəhayət, həmin gün yetişdi. Azərbaycan tarixi ədaləti, ərazi bütövlüyünü güc hesabına bərpa etdi. 30 ildə dünya güclərinin edə bilmədiyini rəşadətli Ordunuz 44 gündə etdi. BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına icra edən Azərbaycan dünyaya nümayiş etdirdi ki, ədalət və beynəlxalq hüquq deyilən məfhumlar var. Onların tətbiqi üçün vahid mexanizm müəyyənləşdirilməlidir.

Tarixi Zəfərimizdən ötən dövrdə hadisələrin xronologiyasına diqqət yetirdikdə görürük ki, Azərbaycan bütün öhdəliklərin yerinə yetirilməsi üçün səylər göstərir. Sülh müqaviləsi gündəlikdədir. Ermənistan isə yenə də ənənəsinə uyğun olaraq sülh müqaviləsinin imzalanması prosesinin uzadılması üçün müxtəlif yollara əl atır.

Dövlət başçısı İlham Əliyev ADA Universitetində keçirilən Forumda növbəti dəfə belə bir çağırışı səsləndirdi: “Əgər onlar Azərbaycanın ərazi bütövlüyünü bəyanatla deyil, imzası ilə tanıyacaqlarsa, onda biz də eyni addım atacağıq. Mən dəfələrlə demişəm ki, bizim Ermənistan ərazisini ələ keçirmək kimi heç bir planımız yoxdur, çünki bəzən bizi bu məsələdə əsassız olaraq ittiham edirlər. Əgər biz bunu etmək istəsəydik, edərdik. Mən sizə əmin, açıq və bütün nöqteyi-nəzərindən söyləyə bilərəm ki, bu, böyük problem deyil.” Cənab İlham Əliyev bunun davamı olaraq bildirdi ki, bir gün ərzində onlar Qarabağda təslim oldular və bayrağımız Xankəndidə ucaldı. Biz yenidən həmin tədbirləri görmək istəmirik və fakt ondan ibarətdir ki, əgər  bu addımı atmırıqsa, demək, mən dediklərim düzdür. Lakin, eyni zamanda, istəyirik ki, gələcəkdə Azərbaycana potensial risk yaranmasın. Buna görə, Ermənistanın silahlanması məsələsini hər zaman qaldırırıq və hesab edirik ki, bu, əks nəticə verə bilər və təxribata sürükləyə bilər.

Regionda sülh və əməkdaşlığın təmin olunması üçün mühüm təşəbbüslərlə çıxış edən Azərbaycan, həmçinin işğaldan azad edilmiş ərazilərimizdə bərpa işlərinin tezliklə başa çatdırılmasına, soydaşlarımızın tam şəkildə qayıdışına çalışır. Tətbiq olunan hər bir yenilik dogma yurd-yuvalarına qovuşan soydaşlarımızın yüksək şəraitdə yaşayışına xidmət edir.