YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gələcəyə olan ümidin bariz ifadəsi

Cəlil Məmmədquluzadə deyir ki, elə yaşamalısan ki, öləndən sonra da ölməyəsən. Çağdaş dünyada, müasir texnologiyaların sayəsində hər anı ölümsüzləşdirmək mümkündür. Amma gəlin, görək ki, hər insan öz əməlləri ilə ölümündən sonra da ölümsüzlük məqamına yüksələ bilirmi? Bilir, amma hər insan yox! Birmənalı olaraq yalnız yaşamaq üçün deyil, eyni zamanda da yaratmaq və yaşatmaq üçün fəaliyyət göstərmiş insanlar əlbəttə, dünyadan cismani köçsələr belə yaddaşlarda, xatirələrdə, hafizələrdə və ürəklərdə yaşayırlar.  Bu il iyirminci soyuq qışı biz Ulu Öndərsiz qarşılayırıq. Necə ki, iyirmi yazı, payızı və yayı onsuz yola salmışıq. Amma Heydər Əliyev günəşi, onun nurlu xatirəsi hər bir könüldə, hər bir ürəkdə daim yaşamaqdadır. Böyük bir ömrü xalqının inkişafına, tərəqqisinə, daha sonra isə xilasına, dünya xəritəsində dövlətçiyinin movcudluğuna həsr etmiş Heydər Əliyevi Azərbaycan xalqı daima yaşadacaqdır.

Sokrat düşünür ki, insanı həyata bağlayan onun gözəl cəhətləridir. Ulu Öndər Heydər Əliyev mahir siyasətçi olmaqla yanaşı, böyük insan, yaxşı ailə başçısı, qayğıkeş ata, sevimli həyat yoldaşı idi. Onunla bağlı bütün xatirələrdə haqqında danışan hər kəs Heydər Əliyevin neçə yaşında olmasından asılı olmayaraq onu müdrik biri kimi təsvir edir.

İlkin vaxtlarda anasının evdə etdiyi ibadətlər onun sərt sovet rejiminin soyuq üzünə rəğmən öz dininə, milli adətlərinə sadiqliyinə səbəb olmuşdur. Evdə danışılan, laylalar eşitdiyi lətif Azərbaycan türkçəsi daha sonra 1978-ci ildə Sovetlər Birliyinə rəğmən bu dilin dövlət dili olması uğrunda mübarizəsinin əsasını təşkil edəcəkdi. 1969-cu ildə ilk dəfə Azərbaycan Dövlət Universitetində kürsüdən öz ana dilində danışmaqla sanki illərdir içində, ruhunda və qəlbində basdırdığı, gizlətdiyi, qoruyub saxladığı doğma dilə olan sevgisini, arzusunu ifadə edirdi.

Sonradan baş verən hadisələri təhlil edərkən bir məqam daha çox ön plana çıxır. Heydər Əliyev dahi şəxsiyyət kimi hələ Sovetlər birliyinin ən güclü olduğu zamanlarda belə müstəqillik fikrinə inanmış və onun gələcəkdə mümkün olmasını hesablaya bilmişdir. Əlbəttə, biz keçmiş dövrlərə tarixi sənədlərlə daha yaxşı nəzər sala bilərik. Lakin səmimi etiraflar, Ulu Öndər haqqında unikal xatirələrdə böyük əhəmiyyətə malikdir. Belə xatirələrdən birində deyilir ki, dənizdə çıxan neft quyularının dəqiq xəritələrinin hamısı birmənalı şəkildə Moskvaya göndərilmirdi. Sanki hiss edirdi ki, bu xalq bir gün öz müstəqilliyini qazanacaq və yeraltı sərvətlərimiz məhz onun imzası ilə “Əsrin müqaviləsinə” çevriləcəkdir.

Daha bir sübut. 70-ci illərdə Şuşada ucaldılan böyük şair Vaqifin məqbərəsi və onun heykəli sizcə təsadüf idimi?! Əsla, Ulu Öndər Heydər Əliyev ermənilərin mənfur və düşmən mövqeyini yaxşı bilirdi. O, onu da yaxşı bilirdi ki, Şuşaya sahib olan bütün Qarabağa sahib olmuş sayılır. Beləliklə, qədim Şuşadan azərbaycanlılara aid izlərin silinməsinə izin verməmişdir. Elə həmin kadrlara baxanda bir vaxtlar öz yanında apardığı bu günün Şuşa Fatehi, Müzəffər Ali Baş Komandan İlham Əliyev də məhz müstəqil və qalib Azərbaycanın gələcəyinə olan ümidin bariz ifadəsidir.

Müasir Azərbaycan təhsil siyasətində Heydər Əliyev fenomenini çıxsaq, yəqin ki, bütün təhsil işçiləri etiraf edərlər ki, təhsil sistemimiz bu günkü parametrlərə sahib olmazdı. Bu sahənin də əsasının məhz birinci hakimiyyəti dövründə qoyulduğunu nəzərə alaraq deyə bilərəm ki, keçmiş SSRİ-nin ən nüfuzlu ali təhsil ocaqlarında azərbaycanlı tələbələrin təhsil almalarının təmin olunmasının özündə və kökündə müasir və müstəqil Azərbaycana olan inam, etimad dayanırdı. Ulu Öndər bir gün bu arzunun, xəyalın gerçək olacağını bilirdi və həmin müqəddəs ana hazırlaşırdı. Bəli, vaxtı ilə təhsil alan bu gənclər sonralar inkişafımızı istiqamətləndirən mütəxəssislər olmuşlar. Bütün sahələr üzrə uğurlu kadrların hazırlanması Azərbaycanın gələcək inkişafına hesablanmış müdrik təhsil siyasətinin yalnız bir hissəsi idi. Bu gün də eyni tendensiya böyük uğurla davam etdirilir və ölkəmizdən xaricdə təhsil alan gənclər dövlət proqramları sayəsində qazandıqları təcrübələri öz ölkələrinin tərəqqisinə həsr edirlər.

Bütün sahələrdə Ulu Öndər imzasını hiss etmək, onun siyasi xəttini görmək mümkündür. Təsadüfi deyil ki, 44 günlük Vətən Müharibəsinin Şuşa Zirvəsinin fəthindən sonra məruzə məhz Ulu Öndərin əbədi istirahətgahının qarşısında edildi. Müzəffər Ali Baş Komandanın etdiyi məruzə həm də ordu quruculuğunda Ümummilli Liderin uzaqgörən siyasətinə olan minnətdarlığın da təzahürü idi. Sovetlər Birliyi vaxtında tikinti batalyonlarından Cəmşid Naxçıvanski adına Hərbi Məktəb səviyyəsinə ordunu gətirmək gələcək Azərbaycan ordusunun əsası idi. Təhsilli zabit kadrlarının yetişməsi və Sovet ordusunda xidmət etmələri müasir və müzəffər Azərbaycana olan nəinki inamın, hətta əminliyin göstəricisidir. Məhz həmin bünövrə üzərində Türk-NATO ordusu modelində beşinci nəsil silahlarla təchiz olumuş müasir, qalib ordu formalaşdırıldı.

Van Qoq deyir ki, başqalarının halına yana bilən insan yaşamağa layiqdir. 1990-cı ildə 20 Yanvar hadisələrindən sonra nə Ulu Öndər Heydər Əliyevin, nə də onun ailəsinin, yaxınlarının və doğmalarının həyatları eyni sükunət içində davam etmədi. Halbuki, keçmiş Sovetlər Birliyi Moskvada onun üçün bütün lazımi həyat şəraiti təmin etmişdi. O isə öz halına yanmadı, bütün bir xalqın halına yandı. 1990-cı ilin yanvarında heç kim təsəvvür belə edə bilməzdi ki, Sovetlər Birliyi dağılacaq. İndi maraqlı bir məqam ortaya çıxır. Milli, dini və sosial düşmənçiliklər yuvası olan Sovetlər Birliyi bəlkə də Bakıda başlayan azadlıq hərəkatına, ardınca 20 Yanvar hadisəsinə və sonda Ulu Öndər Heydər Əliyevin məğrur və cəsur milli duruşuna tab gətirə bilmədi. 44 günlük Vətən müharibəsində də xalq bir yumruq ətrafında birləşdi və qələbə qazandıq.

Bu gün cəmiyyətin böyük əksəriyyətinin etimadını qazanmış Yeni Azərbaycan Partiyası da reallaşmış arzunun daha da möhkəmlənməsi, cəmiyyətin sosial müdafiəsinin həyata keçirməsi üçün Ulu Öndər və onun əqidə yoldaşları tərəfindən Azərbaycana qazandırılmış dəyərdir. Bu gün Heydər Əliyevi YAP-sız, doğma partiyamızı isə Ümummilli Liderin ideyalarından uzaq təsəvvür etmək mümkün deyildir. Doğma partiyamızda təmsil olunan bizlər Ulu Öndərin ideyalarını və milli əmanətlərini yaşatmaq üçün var gücümüzlə çalışmalıyıq.

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə “Heydər Əliyev ili” kimi yola saldığımız 2023-cü ildə ölkəmiz bir çox tarixi uğurlara imza atmışdır. Ən əsası da Prezident,  Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev hakimiyyətə gəlməyinin 20-ci ildönümündə Xankəndi şəhərində şanlı üçrəngli bayrağımızı zirvələrə qaldırmaqla Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etmişdir. Beləliklə, Naxçıvanda Ümummilli Lider Heydər Əliyev tərəfindən yandırılmış həmrəylik məşəli Xankəndindən bütün Azərbaycana və dünyada yaşayan azərbaycanlılara qələbə sevinci bəxş etmişdir. Ulu Öndərin 100 illik yubileyinə və “Heydər Əliyev ili”nə bundan böyük töhfə ola bilməzdi.