YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Güclü dövlət modelini quran Rəhbər

Rəna Mirzəzadə

AMEA FSİ “Siyasətin fəlsəfəsi və sosiologiyası” şöbəsinin müdiri, professor

XXI əsr Azərbaycanı modern İntibahını yaşayan tamamilə yeni tipli bir ölkədir. Tarixi proses və hadisələrin əks olunduğu xroniki film ya sənədlər adi deyildirsə, dövlətçilik də tək onun formalaşma Yol tarixinin sadalanmasından ibarət deyildir. Dövlətin yaranma və inkişafının siyasi sosiologiyası onun milli suverenliyi, siyasi sistemi, cəmiyyətlə dövlət, vətəndaş ilə Rəhbər-Lider fenomeninin qarşılıqlı demokratik münasibətlər vəhdətidir. Dövlət cəmiyyətin, ölkənin, Vətənin obrazıdırsa, onun Rəhbəri də dövlətin göstərici Şəxsidir. Hegel məntiqi ilə desək: “Ayrılıqda hər bir şəxs öz xalqının, həm də öz zəmanəsinin oğludur”

Hər bir Tarixləşən Liderə Zaman və Məkan fəlsəfəsindən yanaşdıqda, onun yaşadığı dövrün ictimai-siyasi mühitinə də həmin prizmadan baxılır. Olur ki, Şəxsiyyət özü Tarix Yazır, Zamandan da Uca olur, ölkəsinin, millətinin, xalqının taleyüklü çətinliklərini dəf edərək, gələcək üçün belə Vətəninin İnkişaf Yolunun dahiyanə qərarlarını göstərir. Ulu Öndər müasir Azərbaycanın Milli İnkişaf Konsepsiyasının - yeni İntibah Yolu strategiyasının qurucusudur.

Müasir Azərbaycanın ideoloji-siyasi İnkişaf Yolunu müəyyənləşdirən,  XX əsrin sonu dövlətçilik İnstitutunu formalaşdıran ulu öndər Heydər Əliyevdir. Bu Yolda siyasi strategin həyat və fəaliyyəti bütövlükdə Azərbaycanın XX əsr 70-ci illərindən XXI əsrə keçid ərəfəsi ilə yazılan siyasi tarixi sosiologiyadır. Bu Yol üç mərhələ: sovet, keçid ərəfəsi və postsovet dövründən ibarətdir. Və çoxillik ictimai-siyasi fəaliyyət böyük bir dövrü əhatə edir. Sovet dövrü əsasən 1969-1986- cı illəri əhatə edir. Burada keçid ərəfəsi prosesləri isə 1987-1990-cı illərə aiddir. Üçüncü dövr isə Azərbaycanın dövlət müstəqilliyi mərhələsi, yəni 1991-2003-cü illərdir. Ulu öndərin şəxsində bu dövrlər ümummilli birlik, həmrəyliyi təlqin edən, çoxvektorlu fəaliyyət, milli inkişaf nəzəri və təcrübi parametrləri ilə əhatə olunur.

Bu real gerçəklik müasir Azərbaycanda Heydər Əliyev dərsləri adlanır. Ulu öndərin dövlət quruculuğu fəaliyyəti siyasətşünaslıqda “Heydər Əliyev Yolu” adlanır. Bu yol çox keçməkeşliklərdən, sərtliklərdən keçmişdir. Bu Yolda, siyasi iradəli, peşəkar dövlətçi Heydər Əliyev xarizması var. Məhz bu müsbət keyfiyyətlər də Azərbaycanın siyasi-ictimai inkişaf dinamikasının ən mühüm iqtisadi-sosioloji prioritetlərini əhatə edir: Heydər Əliyev strateji yolunun məntiqi əsası – çoxsahəli inkişaf fəaliyyəti, bəşəri dünyagörüşü və zəngin milli mədəni-mənəvi, siyasi-hüquqi təlimi əxz edən dövlətşünaslıq quruculuğunun siyasi-ideoloji baxışlar sistemidir.

Heydər Əliyev Yolunun siyasi qurtuluş sosiologiyası  xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə gələn ulu öndərin ölkəni düşdüyü xaosdan, bölünmə, parçalanma təhlükəsindən xilas etməsidir. Bu -Azərbaycan Dövlətçilik tarixində xilaskar ölkə Rəhbəri olmaq, xalqı səfərbər edən liderlik dərsləridir. Heydər Əliyev ölkənin təhlükəsizliyinin təminatında, mürəkkəb geosiyasi vəziyyətdə, yeni dünya düzəninin tələbləri və geoiqtisadi reallıqları kontekstində müstəqil Azərbaycanın dövlətçilik institutunun Milli İnkişaf strategiyasını elmi-nəzəri mətndə istiqamətləndirdi. F.Fukuyama məntiqi ilə desək: “İnkişaf etmiş dövlətlərin sosial təhlükəsizlik problemlərinin həlli və milli dövlətin  nüfuzu məsələsi, demək olar ki, müstəsna dərəcədə dövlətin idarəçilik qabiliyyəti ilə birbaşa bağlı olacaqdır”. (6; 68)

1993-cü ildə Azərbaycanın həm müstəqilliyi, həm də dövlət kimi ərazi bütövlüyü, bəlkə də politoloji anlamda desək, “vertikal” və “horizontal” siyasi bölünməyə məruz qala bilərdi. Yəni, hüquqlar və məsuliyyət ayrı-ayrı dövlətlərin hökumətləri və digər beynəlxalq qurumlar arasında bölünə bilərdi. Bu mənada E.Toflerin milli dövlətlərin tədricən transmilli korporasiyaların təzyiqi ilə sıxışdırılıb “əriyib itəcəyi” ideyasının ölkədə proqnozlaşdırması da mümkün variant idi. Bu variantda isə ölkəni yalnız böyük Dövlət İnsanı, Heydər Əliyev qurtardı... Və 15 iyun Azərbaycanın Qurtuluş günü kimi tarixləşdi. “Mən həyatımın qalan hissəsini də xalqıma bağışlayıram” deyən ulu öndər gerçək anlamda dövləti xarici müdaxilə və daxili çəkişmələrdən xilas etdi.

Heydər Əliyev Yolunun strateji dəyişikliklər kursu az müddətdə ölkədə əsaslı dönüş yaratdı. Bu bir neçə mərhələdə aparıldı. İlk öncə: birinci mərhələdə: siyasi-ictimai sabitlik və Güclü dövlət quruculuğu prosesinə istiqamət götürüldü. Yəni F.Fukuyama yazır ki: “Güclü dövlət dedikdə, tarixi çağırışlara cavab verə bilən, ictimai münasibətləri nizamlayan mövcud problemləri vaxtında həll edən, daim islahatlar aparan dövlət nəzərdə tutulur”. İkinci mərhələdə: əsaslı iqtisadi islahatlar; inzibati strukturların demokratik əsaslarda və milli qanunvericilik mətnində yenidən qurulması; məhkəmə və parlamentin formalaşdırılması; vətəndaş cəmiyyətinə və çoxpartiyalı siyasi sistemə keçid, sosio-mədəni yenilənmələr də  siyasi-sosioloji paralelliyi təşkil edir. Heydər Əliyev  Müstəqil Azərbaycanın Güclü dövlət modelini quran Rəhbərdir.

Ulu öndər 1994-cü il 20 sentyabrda müstəqil Azərbaycanın ilk neft müqaviləsini  “Əsrin kontraktını” imzalayaraq ölkədə, regionda, hətta beynəlxalq enerji strategiyasında “Yeni neft siyasəti”nin başlanmasıdır. Qeyd edək ki, Xəzər hövzəsi dövlətlərarası münasibətlərdə maraqların toqquşduğu nöqtədir. Ulu öndər o zaman Dövlət Neft Şirkətinin Birinci vitse-prezidenti olan İlham Əliyevi də enerji layihələri ilə bağlı aparılan mübahisəli müzakirələrə dəvət etdi. Burada əsas vacib məsələ Azərbaycanın milli mənafeyini qoruyaraq, milli və dövlətçilik baxımından bu saziş imzalanarkən,  öz milli maraqlarını qoruyub saxlamaq idi. Gənc və diplomatik bacarıqlı Dövlət Neft Şirkətinin keçmiş Birinci vitse-prezidenti İlham Əliyevin isə problemə bələd olması, bu əhəmiyyətli müqavilənin müvəffəqiyyətlə başa çatmasına kömək oldu.

Yeni intibahın ilkin siyasi sosioloji göstəricisi olaraq, ölkənin yeni iqtisadi inkişafının müəyyənləşməsində Yeni Neft siyasətinin “Əsrin müqaviləsinin” imzalanması xətti oldu.

Ulu Öndər bazar iqtisadiyyatına keçid dövründə tənəzzülə uğramış idman,  mədəniyyət, təhsil, elm, səhiyyə, ümumilikdə sosial və humanitar sahənin   də dirçəlişinə təkan verdi.

Ulu öndər beynəlxalq dünya birliyi siyasətinə inteqrasiyanın təməlini yaratdı. Belə ki, Müstəqil Azərbaycan BMT-dən sonra, MDB-nin, ATƏT-in, Avropa Şurasının, İslam Əməkdaşlıq Təşkilatının, Davos İqtisadi Forumunun, İqtisadi Əməkdaşlıq Təşkilatının, Türk dövlətləri Təşkilatının  və s. nüfuzlu qurumların üzvü oldu.

Ulu Öndər BMT tribunasından Ana dili – azərbaycan dilində ilk çıxış edən Azərbaycan rəhbəridir. İstər ilk hakimiyyəti illərində (sovet), istərsə də postsovet dövründə Ulu Öndər azərbaycan dilini Dövlət dili olaraq vətəndaşlara təlqin etdi, rəsmiləşdirdi. Bu da azərbaycançılığın əsas təməllərindən biridir. Ulu Öndər Ali Baş Komandan, General idi. Heydər Əliyev davranışı, siyasi mədəniyyəti, milli düşüncəli, dünyəvi mənəviyyatlı, tolerant, qətiyyətli, hərtərəfli hazırlıqlı milli Lider idi.

Müstəqil Azərbaycanın yeni İntibahının onun geosiyasi, geoiqtisadi, hüquqi, sosiomədəni, siyasi institutları və milli inkişaf strategiyasının təməli qoyuldu. Müstəqil Azərbaycanda elə bir sahə yoxdur ki, onun yenidən bərpasında,inkişafında ulu öndərin fikri, sözü, fərmanı, sərəncamı – imzası olmasın.