YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xilaskarlıq missiyası

Bayram Aslanov

YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri

Hər ötən gün Azərbaycan tarixinin ən uca zirvəsinə ucalan Ulu Öndər Heydər Əliyevin siyasi həyat yolunun, fəaliyyətinin, ideyalarının, bitib-tükənməyən irsinin dəyərini, əzəmətini daha aydın görürük. Azərbaycan dövlətinin hər bir üğuru uzaqgörən siyasi xadimin, böyük şəxsiyyətin yorulmaz fəaliyyəti ilə bağlıdır. Böyük dühanın yaşadığı ömürün hər günü, saatı, dəqiqəsi xalqımızın dövlətçilik, müstəqillik, demokratiya tarixini özündə əks etdirir.

“Mənim həyatımda çox şey olubdur. Ancaq mühüm olanı odur ki, mən bütün bu sınaqlardan, bütün bu çətinliklərdən keçmişəm və yaşayıram. Yəqin ki, hələ çox illər yaşayacağam. Belə taleyi olan insan indi çətin ki, tapılsın. Çünki mən 14 il burada işləmişəm, respublikaya rəhbərlik etmişəm, sonra 5 il Moskvada Siyasi Büronun üzvü, Sovetlər İttifaqı kimi fövqəldövlətin Nazirlər Soveti sədrinin birinci müavini işləmişəm. Sonra isə təqib dövrü olmuş və o, təxminən üç il davam etmişdir. Sürgün dövrü də olmuşdur - mən məcbur olub Moskvadan Bakıya gələndə, mənə burada yaşamağa imkan vermədilər. Mən Vətənimə - doğulduğum, hazırda blokada vəziyyətində olan Naxçıvana getdim. Orada üç il yaşadım. Ondan sonra artıq 8 ildir Bakıda yaşayır və vaxtilə tikdiyim həmin bu binada işləyirəm. İnsanların taleyi müxtəlifdir. Kimsə öz taleyindən razı olur, kimsə narazıdır. Bütün bu çətinliklərə baxmayaraq, mən öz taleyimdən çox razıyam. Çünki qısa ömür, qısa tale o qədər də maraqlı deyildir. Amma insan cürbəcür hadisələrlə qarşılaşanda, hər cür sınaqlardan çıxanda, yəqin ki, həm də daha çox təcrübə toplayır, daha da mətinləşir və bu mənada mən öz taleyimdən çox razıyam. Sabah nə olacağını bilmirəm, amma onu bilirəm ki, bundan sonra daha yaxşı olacaqdır.” Dahi şəxsiyyət Ulu Öndər Heydər Əliyev 2001-ci il 14 iyulda xarici ölkələrin media rəhbərləri ilə görüşü zamanı söylədiyi bu fikirlər təsdiq edir ki, tarixdə adı dövlətçiliyimizlə qoşa çəkilən dahi şəxsiyyətin müstəqil Azərbaycan dövlətinin qurulmasında zəhməti əvəzsizdir.

Azərbaycanın dahi oğlu Heydər Əliyevin zehni, ağlı, səmərəli fəaliyyəti sayəsində ölkəmiz dünyanın qabaqcıl ölkələri sırasında addımlayır. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti və xalqı sosial-iqtisadi tərəqqi, milli oyanış, mədəni intibah, azadlıq hərəkatı mərhələsindən keçərək müstəqillik əldə edib. Beynəlxalq aləmdə söz sahibinə çevrilən müstəqil Azərbaycan dövlətinin ən yeni tarixi məhz dahi Liderin – Heydər Əliyevin adı ilə bağlıdır. Fenomen şəxsiyyət Heydər Əliyevin yaratdığı milli dövlətçilik tarixin bizə bəxş etdiyi milli sərvətdir.

Ulu Öndər Heydər Əliyevin tarixin çətin, mürəkkəb və böhranlı siyasi-iqtisadi dövrlərində milli təəssübkeşlikdən çıxış etməsi, problemlərin həlli üçün əsl vətəndaşlıq nümunəsi göstərməsi dahi şəxsiyyəti xalqın Ümummilli Liderinə çevrib. Heydər Əliyevin 1969-cu ilin yayından Azərbaycana rəhbərlik etməyə başladığı elə ilk günlərdən respublikanın inkişaf prosesləri başlayıb. Ulu Öndər Heydər Əliyevin yenilikçi təşəbbüsləri ilə həyata keçirilən genişmiqyaslı islahatlar yeni iqtisadi potensialın formalaşdırılmasına, o cümlədən sosial-mədəni həyatın canlandırılmasına, milli-mənəvi dəyərlərin dirçəldilməsinə təkan verib.

O ağır, çətin dövrdə ermənilərin Dağlıq Qarabağın və Azərbaycanın digər ərazilərinin Ermənistana birləşdirilməsi ilə bağlı niyyətləri məhz türk dünyasının böyük oğlu Heydər Əliyevin qətiyyəti, vətənpərvərliyi nəticəsində həyata keçməyib. Hələ Azərbaycana rəhbərlik etdiyi dövrdə Ulu Öndər Ermənistanın bütün iddalarının qarşısına sədd çəkib. Ulu Öndər Heydər Əliyevin iti zəkası, fədakar əməyi, böyük zəhməti ermənilərin çirkin iddialarının baş qaldırmasına imkan verməyib.

Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda siyasi böhran ən yüksək həddə çatdığı bir vaxtda da ölkəmizin parçalanmasına və müstəqilliyimizin itirilməsinə yönəldilmiş cəhdlərin qarşısını almağı bacaran yeganə şəxsiyyət Ulu Öndər Heydər Əliyev olub. Müdrik dövlət xadimi ölkəmizin və millətimizin müqəddəratının həll olunduğu son dərəcə mürəkkəb və təhlükəli məqamlarda öz üzərinə düşən xilaskarlıq missiyasını ləyaqətlə yerinə yetirərək ölkəmizi zamanın ağır sınaqlarından şərəflə çıxmasına nail olub. Azərbaycanı bütün dünyaya tanıdan görkəmli siyasətçi, türk dünyasının böyük oğlu Heydər Əliyevin müstəqil Azərbaycan dövlətçiliyinin, müstəqilliyimizin qorunub saxlanması naminə göstərdiyi xidmətlər sayəsində ölkəmiz fəlakətdən xilas oldu, əmin-amanlıq bərpa edildi. Azərbaycanı çox qısa müddətdə beynəlxalq arenada böyük nüfuza və söz sahibinə malik bir ölkəyə çevirdi.

Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyətinin amalı, qayəsi doğma Azərbaycanın tərəqqisi, parlaq gələcəyi idi. Bu gün Ulu Öndərin ruhu şaddır. Dahi şəxsiyyətin layiqli davamçısı Prezident İlham Əliyevin Ulu Öndərimizin dövləti idarəetmə ənənələrini, siyasi kursunu uğurla davam etdirməsi Azərbaycan xalqında parlaq, qüdrətli gələcəyə inamı daha da artırıb. Böyük iftixar hissi ilə bu gün tam əminliklə demək olar ki, Ümummilli Lider Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan dövləti ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə şərəfli bir dövrünü yaşayır. Ümummilli Lider Heydər Əliyevin arzularını həyata keçirən, ideyalarının gerçəkləşməsini layiqincə təmin edən Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsinin qalibi Azərbaycan bundan sonra da böyük inkişaf yolu keçəcək, ölkəmizin daha da qüdrətlənməsini təmin edəcək.

İllər, qərinələr, əsrlər keçəcək Ümummilli Liderin bizlərə qoyduğu müqəddəs miras, zəngin irs müstəqil dövlətimizin, xalqımızın haqq yoluna nur saçaçaq. Nə qədər ki, Azərbaycan var, Azərbaycan xalqı var, Heydər Əliyev ürəklərdə yaşayacaq. Dahi şəxsiyyətin özünün də qeyd etdiyi kimi, “Nə qədər ki Azərbaycan var mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!”.