YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müstəqil Azərbaycanın simvolu

Natiq Quluzadə

YAP Zəngilan rayon təşkilatının sədri

Dünya miqyasında çox az şəxsiyyət tapılar ki, Heydər Əliyev kimi siyasi uzunömürlüyə malik olsun, xalqı və milləti tərəfindən belə uzun müddət etibara və etimada layiq görülsün, uzun müddət xalqının xoşbəxtliyi, firavanlığı, inkişafı və müstəqilliyi yolunda fədakarcasına fəaliyyət göstərsin, özündən sonra müstəqil dövlət kimi qiymətli bir miras qoyub getsin. Buna görədir ki, indi Heydər Əliyev müstəqil Azərbaycanın simvollarından birinə çevrilmişdir, Azərbaycanın bugünkü və gələcək tarixində özünə bir əbədilik qazanmışdır.

Heydər Əliyevi başqa tarixi şəxsiyyətlərdən fərqləndirən başlıca xüsusiyyətlər onun qeyri-adi zəka realizminə, yüksək təşkilatçılıq bacarığına, hadisələri müşahidə və təhlil etmək sahəsində unikal qabiliyyətə malik olmasıdır. Heydər Əliyev dühasının şöhrəti bir xalq, bir ölkə, bir qitə çərçivəsinə sığmayıb, bütün dünyaya yayılmışdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 34 illik siyasi və dövlətçilik fəaliyyəti dövründə Azərbaycanın hərtərəfli inkişafı, müstəqilliyin möhkəmləndirilməsi, dünya birliyində layiqli yerini tutması üçün yorulmadan və əzmlə çalışmış və buna əsasən nail olmuşdur.  Təsadüfi deyil ki, SSRİ rəhbərlərindən biri kimi Moskvada keçirdiyi illərdə dünya Heydər Əliyevi, əsasən, bir təqdimatla tanıyırdı: “Kremldə ucalan türk bayrağı”. Ümummilli liderin türk dünyasının problemləri ilə ardıcıl şəkildə məşğul olmağa başladığı mərhələ isə, əsasən, 1993-cü ildən xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonraya təsadüf edir. Azərbaycan xalqının Ümummilli Lideri yüksək bəşəri keyfiyyətlərə, təvazökarlığa, hər şeydən öncə isə demokratik dövlət quruculuğu prinsiplərinə daim sadiq qalan böyük şəxsiyyət idi. Onun xalq işinə sədaqəti, siyasi müdrikliyi, böyük dövlətçilik təcrübəsi, parlaq hafizəsi, geniş dünyagörüşü, polad iradəsi, mərdanə qətiyyəti, həssas qəlbi, möhkəm səbri, çox hövsələliyi, ədalətli olması, həmişə obyektiv mövqe tutması, yüksək intellekti və ziyalı mövqeyi, dolğun tədbirliliyi və analitik təfəkkürü, sadə davranışı bir dövlət başçısı kimi onun ən yüksək keyfiyyətlərdəndir.

Heydər Əliyevin "Bir millət, iki dövlət" kəlamı qısa vaxtda inkişaf edərək Azərbaycan-Türkiyə münasibətlərində strateji xarakterli müttəfiqliyə qədərki bütün istiqamətləri əhatə edən bir düstura çevrilmişdir. Biz İkinci Qarabağ müharibəsində "Bir millət, iki dövlət" prinsipinin nə qədər böyük əhəmiyyətə malik olduğunu əyani şəkildə görə bildik. "Bir millət, iki dövlət" düsturu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Cümhuriyyətinin Prezidenti Tayyib Ərdoğanın 15 iyun 2021-ci ildə işğaldan azad olunmuş Şuşa şəhərində imzaladıqları məşhur "Şuşa Bəyannaməsi" ilə dövlətlərarası münasibətlərin inkişafını tənzimləyən və istiqamətləndirən beynəlxalq əhəmiyyətə malik olan diplomatik hadisə səviyyəsinə yüksəldilmişdir.

Müəllifi Ulu Öndər Heydər Əliyev olan milli ideologiya xalqın birliyini təmin edir. Milli ruhun yüksəlməsi, milli özünüdərkin inkişafı və xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsip və vəzifələrə xidmət edən Azərbaycançılıq məfkurəsi dövlətin qüdrətinin artırılmasında real siyasi amildir.

Heydər Əliyevi daim yaşadacaq amillərdən biri də onun ordu quruculuğu sahəsində hər zaman öyrənilməsinə ehtiyac olacaq, izləniləcək, nəsillərdən-nəsillərə ötürüləcək zəngin irsidir. Azərbaycan xalqının arzusunu, istəyini, müstəqil dövlət quruculuğunun fəlsəfəsini əks etdirən bu irs Azərbaycanda ordu quruculuğu təfəkkürünü, bu prosesə milli yanaşmanı formalaşdıracaq, Silahlı Qüvvələrin güc və ilham mənbəyi olan xalq və ordu birliyinin nəzəri və əməli bazasını təmin edə biləcək ən yaxşı örnəkdir. Bu örnək metodoloji baxımdan qiymətini heç zaman itirməyəcəkdir. Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirmişdir.

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan müstəqil Azərbaycanın ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi yolu ilə qəbul edilib. Xüsusi olaraq vurğulamaq lazımdır ki, Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Bu Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəd idi. Konstitusiyanın hazırlanması və qəbulu Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biridir.  Hələ bu proses layihə şəklində olanda Ulu Öndər Heydər Əliyev demişdir: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü – ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır.”

Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən unikal haldır. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin özünəməxsus yeri vardır. Ulu Öndər fəaliyyət göstərdiyi bütün sahələrdə özünü məhz birinci şəxs kimi, lider kimi təsdiq etmişdir.