YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dövlətçilik tariximizdə xüsusi əhəmiyyət kəsb edən hadisə

Rövşən Əhmədov

YAP Ağcabədi rayon təşkilatının sədri

Xalqımız ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti, uzaqgörən siyasəti, ordumuzun güc-qüdrəti ilə nail olunan zəfər sevincini yaşayır. Uzun illərdən bəri dərin intizarla gözlədiyimiz bu Qələbə, eyni zamanda, Azərbaycanın erməni işğalçıları tərəfindən pozulan ərazi bütövlüyünün bərpasının təsdiqidir.

Tarix boyu Azərbaycan çox şərəfli anlar yaşamış, xalqımızın qüruruna səbəb olan hadisələr baş vermişdir. Ancaq bu gün Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazandılan qələbələr, torpaqlarımızın işğaldan azad edilməsi dövlətçilik tarixində xüsusi əhəmiyyət kəsb edir. Hər bir Azərbaycan vətəndaşı bu tarixi, şərəfli məqamların şahidi olmaqdan, qürurverici tarixi günləri yaşamaqdan xoşbəxt olduğunu dilə gətirir. Azərbaycan xalqı 30 ildə yorulmadan, dövlətini möhkəmləndirərək bu möhtəşəm Qələbə xəbərini səbirsizliklə gözləyirdi. Fərəhləndirici haldır ki, heç bir beynəlxalq ədalətsizlik, heç bir əziyyət xalqımızın qələbəyə inamını sarsıtmadı, Azərbaycan xalqının, dövlətinin, onun liderinin iradəsinə təsir etmədi. Hər ötən gün xalqımız Prezident İlham Əliyevin ətrafında getdikcə daha sıx birləşdi, birliyimiz hər gün daha da gücləndi. Məhz xalq-dövlət-ordu birliyi sayəsində Azərbaycanın işğal altında olan torpaqları azad olundu. Ancaq bütün qələbələrin əsasında, əlbəttə ki, Prezident İlham Əliyevin mükəmməl diplomatik bacarıqları, dövlət maraqlarının təmin olunmasına istiqamətlənmiş xarici siyasət kursu dayanırdı.

Sentyabrın 27-dən başlayan və 44 gün davam edən Vətən müharibəsində dövlətçilik tariximizin ən parlaq səhifələri yazıldı, düşmən üzərində möhtəşəm qələbə qazanıldı. Ordumuzun əks-hücum əməliyyatları nəticəsində 300-ə yaxın kənd, 5 şəhər və 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər işğalçılardan təmizləndi, bununla bərabər, qəsbkarın texnikasına, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Silahlı Qüvvələrimiz daha sonra Dağlıq Qarabağın incisi olan Şuşa şəhərini, onun ardıca bir gündə 70-dən artıq kəndi, 8 strateji yüksəkliyi işğalçıdan təmizləməklə, Ermənistanı diz çökdürdü və kapitulyasiyaya məcbur etdi. Beləliklə, 30 il ərzində aparılan danışıqlar prosesində düşmən dövlətin niyyəti reallaşmadı, Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi gerçəkləşmədi, bu bölgədə yeni erməni dövlətinin yaradılması planı isə tamamilə alt-üst oldu.

Hazırda işğaldan azad edilmiş ərazilərimizin minalardan və digər partlayıcı qurğulardan təmizlənməsi prosesinə başlanılıb. Şuşa mədəniyyətimizin paytaxtı kimi yenidən qurulur. Keçmiş məcburi köçkünlər yenidən qurulan yaşayış məntəqələrinə geri qayıdırlar. Beynəlxalq təşkilatlar erməni vandalizminin fəsadlarını öz gözləri ilə görürlər. Qurub-yaradan Azərbaycan xalqı ilə erməni vəhşiliyinin və vandalizminin fərqi əyani görünür.