YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir”

Yevlaxda “Heydər Əliyev İli” çərçivəsində “Müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir” mövzusunda tədbir keçirilib.

Yeni Azərbaycan Partiyası (YAP) Yevlax rayon təşkilatının və Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir” mövzusunda tədbir keçirilib.

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Müasir müstəqil Azərbaycanın qurucusu Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbir çərçivəsində Ulu Öndər Heydər Əliyevin mənalı ömür yolundan və müdrik siyasi fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Yevlax Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Xaliq Əliyev, Yevlax rayon Yuxarı Qarxun kənd tam orta məktəbinin direktoru Kəmalə Ələkbərova, Yevlax rayon Mərkəzi Xəsətəxanası publik hüquqi şəxsin hüquqşünası Zəka Sadıqlı, Yevlax rayon Duzdaq qəsəbə ümumi orta məktəbinin direktoru Gülnar İsayeva və Yevlax “Gənclər Evi” SXM-in psixoloqu Əhməd Yusifli Ümummilli Lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında xidmətlərindən bəhs ediblər. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyev böyük qətiyyəti, siyasi iradəsi ilə xilaskarlıq missiyasını yerinə yetirdi, yeni, müasir Azərbaycanı qurdu. Onun güclü siyasi kursu dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, sosial-iqtisadi tərəqqiyə nail olunması kimi ağır və taleyüklü məsələlərdə sınaqdan çıxıb. Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlar, əldə olunan nəticələr xalqın sabaha olan inamını qat-qat artırmış, Heydər Əliyevin memarı olduğu müstəqil Azərbaycanın etibarlı əllərdə olduğuna möhkəm əminlik yaratmışdır.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.