YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rəqibimiz zamandır: Bərpa işlərini ən qısa müddətdə həyata keçirmək niyyətindəyik

“44 günlük İkinci Qarabağ müharibəsində şanlı Qələbəmizin dünyaya təqdimatı olan 10 dekabr 2020-ci il tarixdə keçirilən Zəfər paradından üç il ötür. Bu üç il ölkəmizin həyatında mühüm yeniliklərlə, tariximizə yazılan növbəti zəfər səhifələri ilə yadda qaldı. Zəfərimizin yaratdığı yeni reallıqlar əsasında işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir, müdafiə qüdrətimizin artırılması bu gün də əsas hədəflər sırasında yer tutur. Son üç il qeyd olunan istiqamətlərdə qazanılan uğurların təqdimatıdır. Zəfər Paradında ölkə Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyev bu məqamı xüsusi qeyd etdi ki, Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Bu fikirlərin davamı olaraq isə dost, qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirdi ki, Qarabağ artıq Ana Vətəninə qovuşmuş, otuz illik həsrət sona çatmışdır. Türkiyə və Azərbaycan olaraq bundan sonrakı hədəfimiz bu torpaqları daha abad, daha inkişaf etmiş, uşaqlarımızın daha yaxşı yaşayacağı bir yerə çevirmək üçün mübarizə aparmaqdır.” Bu fikirləri Milli Məclisin deputatı Nurlan Həsənov bildirib.

Nurlan Həsənov vurğulayıb ki, dövlət başçısı İlham Əliyevin iştirakı ilə dekabrın 6-da ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda da tarixi Zəfərimizə gedən yoldan, 44 günlük Vətən müharibəsinin reallıqlarından, işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq  işlərindən, Azərbaycanın regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi üçün Ermənistana  sülh təklifini etməsindən, bugünədək sülh müqaviləsinin imzalanması prosesinin uzanmasına səbəb olan  amillərdən geniş bəhs edildi: “Keçmiş məcburi köçkünlərin   yüksək səviyyədə yaşayışının  təmin edilməsinin əsas prioritetlərdən olduğu bildirildi. Dövlət başçısı İlham Əliyev belə bir tövsiyəni də Forum iştirakçılarına çatdırdı ki, gələn dəfə tədbir keçirəndə Laçına gedin. Çünki o, hazırda bütün azad edilmiş ərazilərdə ən çox məskunlaşmış şəhərdir. Qeyd edək ki, Forum iştirakçıları Zəngilan rayonuna səfər edərək burada aparılan bərpa-quruculuq işləri ilə yaxından tanış oldular.”

Millət vəkili qeyd edib ki, Zəfər paradından sonrakı dövrün mühüm uğurlarından biri hərbi qüdrətimizin növbəti təqdimatı olan suverenliyimizin tam bərpa edilməsidir: “Baxmayaraq ki, 44 günlük İkinci Qarabağ müharibəsində torpaqlarımız işğaldan azad edildi, ərazi bütövlüyümüz bərpa olundu, postmünaqişə dövrünün hədəflərindən bəhs edərkən ordu quruculuğu yenə də prioritet məsələ  kimi önə çəkildi. Ermənistanda revanşist qüvvələrin baş qaldıracağı aydın idi. Azərbaycan Silahlı Qüvvələrinin “Qisas”, Qətiyyətli addım” kimi əməliyyatları bir daha hansı imkanlara malik olduğunu nümayiş etdirdi. Son üç ildə Ermənistan 10 noyabr 2020-ci il tarixli üçrərəfli Bəyanatdan irəli gələn öhdəlikləri yerinə yetirmədi. Dövlət başçısı İlham Əliyevin Forumda vurğuladığı kimi, biz ümid edirdik ki, onlar öz imzalarına hörmət edəcək və uzun müddət davam edən qarşıdurmaya son qoymaq üçün vacib addımlar atacaqlar. Ermənistan  öz qoşunlarını Qarabağdan çıxarmalı idi. Lakin  müxtəlif səbəblərdən bunu etmədilər.”

Nurlan Həsənov bu ilin 19 sentyabr tarixində Azərbaycan Ordusunun apardığı bir günlük lokal antiterror tədbirləri nəticəsində suverenliyimizin tam təmin olunması fonunda Müzəffər Ali Baş Komandan İlham Əliyevin Azərbaycan Bayrağını Xankəndidə, Xocalıda, Ağdərədə və Xocavənddə ucaltmasını, Xankəndidən xalqımıza müraciətini böyük qürur hissi ilə qeyd edib: “Zəfər Paradından üç il sonra dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin iştirakı ilə Xankəndidə hərbi parad keçirildi. Son üç ilin uğurlarının miqyası olduqca genişdir. Bütün bunlar Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin qətiyyətinin, tarixi ədalətə, beynəlxalq hüquqa söykənən siyasətinin nəticəsidir.”

Millət vəkili Zəfər paradının Azərbaycanın hərbi qüdrəti ilə yanaşı, möhkəm təmələ əsaslanan, dünyaya nümunə olan Azərbaycan-Türkiyə birliyinin, həmrəyliyinin də təqdimatı olduğunu bildirib: “Paradı Azərbaycan və Türkiyə prezidentlərinin birgə qəbul etmələri dünyaya növbəti mesaj oldu. Son üç ildə bu birliyin daha da möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılıb. 2021-ci il 15 iyun tarixində imzalanan Şuşa Bəyannaməsi münasibətlərimizin gələcək inkişafının yol xəritəsi oldu.”

Nurlan Həsənov belə bir ümumiləşdirməni aparıb ki, dövlət başçısı İlham Əliyevin “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusunda Forumdakı çıxışı keçilən yolun təhlili əsasında qarşıdakı dövrün əsas hədəflərinin təqdimatıdır: “İşğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işləri daha sürətlə aparılır. Soydaşlarımızın qayıdış ünvanlarının sayı artır. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, rəqibimiz zamandır. Çünki bu işləri ən qısa müddətdə həyata keçirmək niyyətindəyik.  Qarabağın yenidən qurulması üçün maliyyə vəsaiti toplanıb və bu, investisiya proqramımızın əsas hissəsini təşkil edəcək.”